Qarabağ məsələsində söz sahibliyi bütünlüklə Rusiyaya keçir
Avrasiya İqtisadi Birliyinə üzvlüklə bağlı düşmən ordusu da ixtisara düşə bilər…
"Xeberinfo.com": Ötən ilin sentyabrında işğalçı Ermənistan Avrasiya layihələrinə qoşulmaq qərarı verməklə özünü daha güclü şəkildə Putin Rusiyasından asılı vəziyyətə salmış oldu. Onsuz da Dağlıq Qarabağ probleminə görə Moskvanın ağzına baxan, Kremlin “bir sözünü iki edə” bilməyən, Azərbaycan və Türkiyənin qorxusundan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “5-ci təkəri” rolunda olan, 50 illiyə özünü könüllü olaraq Rusiya girovluğuna təslim edən düşmən ölkə bununla daha geridönməz şəkildə Kremlin hərbi-siyasi təsiri altına düşdü.
Bundan əlavə, Qazaxıstan və Belarusdan fərqli olaraq heç bir ciddi iqtisadi potensialı olmayan və Avrasiya Birliyi dövlətləri üçün iqtisadi dəyər daşımayan Ermənistanı indi saya salan da yoxdu. Ən isti nümunə kimi quruma üzv ölkələrin liderlərinin Astana sammitinə Ermənistan prezidenti Serj Sərkisyanın dəvət edilməməsini göstərmək olar. Halbuki bu ilin yanvarından işğalçı ölkə birliyin rəsmi üzvüdür. Məlum olduğu kimi, martın 13-nə təyin edilmiş sammit yalnız üç prezident – Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko arasında olacaq.
Sərkisyanın formal ölkə başçısı, nominal prezident olduğu indi heç vaxt olmadığı qədər qabarıq görünür. Maraqlıdır ki, bunu Ermənistanın özündə də gizlətmir, aşkar şəkildə dilə gətirirlər. Hətta belə getsə, ölkənin müstəqilliyindən əsər-əlamət qalmayacağı haqda xəbərdarlıqlar səslənir.
“Putin ”yox” desə, Sərkisyan ən əhəmiyyətsiz sənədi də imzalamayacaq”. Belə bir acı qənaət iki gün öncə erməni nəşrlərinin birindəki məqalədə yer alıb. Sitat: “Rusiya Ukraynadan Krımı qopardan və Donbasda müharibə başlayandan sonra Avropada anlamağa başladılar ki, əgər Rusiya nəhəng Ukrayna ilə belə davrandısa, Ermənistanın Avropa Birliyi ilə assosiativ üzvlük sazişini imzalaması ona qat-qat fəlakətli nəticələr gətirə bilərdi”.
“Aykakan Jamanak” qəzetindəki məqalədən götürülən bu fikrin müəllifinə görə, Ukrayna böhranının dərinləşməsi avropalı məmurları Ermənistanla əlaqələrin yeni yollarını axtarıb tapmaq zorunda qoyur. “Ancaq Avropa Birliyi ilə yeni sənədin imzalanması Ermənistandan daha çox, Rusiyadan asılıdır. Əgər Moskva ”yox” desə, Sərkisyan hətta ən ziyansız sənədi də imzalamayacaq. Bütün problem də ondadır ki, Ermənistanda çoxlu sayda diplomat var ki, əmindirlər: Rusiya içində nə yazılmasına rəğmən, belə sənədlərin hamısına həmişə “yox” deyəcək” – yazıb qəzet. “O zaman təzədən danışıqlara aparmağa və növbəti dəfə bütün dünyada biabır olmağa dəyərmi” – deyə nəşr sual edir.
Yaxşı sualdı, deyilmi? Məsələ də ondadır ki, təcavüzkar qonşumuz xarici siyasətlə bağlı Kremlin icazəsi olmadan nə taktiki, nə də ələlxüsus, strateji planda heç bir sərbəst qərar vermək gücündə deyil.
Hələ harasıdır, belə görünür tezliklə Ermənistan olan-qalan müstəqilliyini də çox qısa zamanda itirəcək və şimal qonşumuzun yüz faizlik vassalına, lap dəqiqi Rusiyanın Krım kimi bir quberniyasına, coğrafi əlavəsinə çevriləcək. Bunu Rusiya prezidenti Vladimir Putinin Avrasiya İttifaqı üçün vahid valyuta yaradılması barədə sərəncamının İrəvanda yaratdığı ciddi narahatlığa əsasən də söyləmək mümkündür.
Bəllidir ki, Rusiya prezidenti bu barədə Rusiya Mərkəzi Bankına və hökumətinə tapşırıq verib (anspress). İrəvanda dərc olunan “Joxovurd” qəzeti isə rublun vahid valyutaya çevrilməsinin Ermənistan Konstitusiyasına zidd olduğunu bildirir: “Konstitusiya dəyişməyənə qədər Ermənistan başqa valyutaya keçə bilməz, çünki konstitusiyaya görə Ermənistanın valyutası dramdır”.
Məsələnin 2015-ci ilin 1 sentyabr tarixinə qədər həll olunacağını vurğulayan qəzet bu məsələdə Ermənistanın fikrinin öyrənilməməsi məsələsini qabardır: “Ermənistan hökuməti və Mərkəzi Bankı bu barədə susur və izah etmir ki, nə vaxtdan Putin onlara əmr verməyə başlayıb”.
Əslində isə qəribə heç nə yoxdur. Hər şey 1922-ci il dekabrın 22-də SSRİ-nin yaradılmasında olduğu kimi başlayıb. Bir neçə aya Ermənistan valyutasını itirəcək, daha sonra yəqin ki, növbə orduya çatacaq – vassal ölkəyə nə ordu? Artıq erməni ordusu Moskvadakı əlaqələndirmə mərkəzindən idarə olunur, amma bir neçə ildən sonra böyük ehtimalla, Ermənistan ordusunun yerini Avrasiya İttifaqının hərbi birləşmələri tutacaq. Bu isə artıq erməni xalqının müstəqilliklə vidalaşması deməkdir…
Müstəqilliyin itirilməsi isə söz sahibliyinin itirilməsi deməkdir. Demək, bu il işğalçı ölkənin onun olan-qalan müstəqilliyinin və suverenliyinin də əldən getməsi ilə Dağlıq Qarabağ məsələsində söz sahibliyi bütünlüklə Rusiyaya keçəcək. Azərbaycanın Ermənistanla danışıq aparmasının heç bir anlamı qalmayacaq.
Bu, bir yandan yaxşıdır. Onsuz da hamı, o sırada Qərb yaxşı bilir ki, Azərbaycan ərazilərinin işğalının arxasında Rusiya dayanır. İşğalçı da əslində Rusiyadır. Bu mənada Qarabağ məsələsində birbaşa səbəbkarla danışıb anlaşmaq daha məqbul görünür. Həm də o səbəbə ki, o zaman istənilən razılığa Moskva özü qarantiya verəcək, İrəvana asanca təsir göstərə biləcək, daha pərdəarxasından, Ermənistanın əli ilə hansısa kövrək Qarabağ anlaşmasını pozmağa cəhd etməyəcək.
Pis isə odur ki, Rusiya razılığa gəlməsə, onu buna məcbur eləmək Ermənistandan qat-qat çətin olacaq, çünki supergücdür, Ermənistan kimi cırtdan ölkə deyil.(musavat.com)