Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanın milli valyutasına və ordusuna real təhlükə

 

Avrasiya İttifaqının vahid valyutası və ordusu olacaq

"Xeberinfo.com":  Məlumata görə, Rusiya prezidenti Vladimir Putin Avrasiya İttifaqı layihəsinə real məzmun vermək üçün prosesi sürətləndirmək qərarı verib. Onun az öncə hökumətə və Rusiya Mərkəzi Bankına sentyabrın 1-ədək qurumun vahid valyutaya keçidinə dair lazımi sənədləri hazırlamaq haqda göstərişi, sözsüz ki, bu istəyin təzahürüdür.
Yada salaq ki, ortaq pul vahidinin tətbiqi Avrasiya İttifaqının nizamnaməsində də nəzərdə tutulub. Həmin sənədə əsasən, qurumun 2025-ci ilə kimi Vahid Mərkəzi Bankı da yaradılmalıdır. Birinci sual da burdan çıxır ki, əgər söhbət doğrudan da bərabərhüquqlu dövlətlərin birliyindən gedirsə, o zaman nədən göstəriş yenə də Moskvadan gəlir və nədən məhz rubl?
Doğrudur, Qazaxıstan prezidenti Nursultan Nazarbayev bir növ, özünü sındırmamaq üçün vahid valyuta ilə bağlı iki variant təklif edib. O, ortaq valyutanın “altın”, ya da “yevraz” adlandırılması ideyasını irəli sürüb. Lakin bu, daha çox daxili auditoriyaya hesablanmış təsəlliverici addım təəssüratı bağışlayır. Çünki aydındır ki, ən sonda Rusiya deyən olacaq.
3TUPutinin ötən il Qazaxıstanın “süni dövlət” olması haqda söylədiklərini, bu türkdilli dövlətin ərazi bütövlüyünü faktiki şübhə altına almasını nəzərə alsaq, Astananın Kremlin qarşısında şərt qoyacağı ağlabatan görünmür. Qərblə körpülərin xeyli hissəsini yandırmış Belarus isə çoxdan Rusiyadan asılı durumda olduğundan, çətin ki, onun prezidenti Lukaşenko Putinin bir sözünü iki edə bilsin. Ermənistandan isə bəlli səbəblərdən danışmağa dəymir.
Beləcə, ehtimal yüksəkdir ki, Avrasiya İttifaqının vahid pulu olacaqsa da, bu, yenə rubl olacaq – təbii ki, həmin tarixədək bölgədəki və dünyadakı vəziyyət, regional və qlobal şərtlər, o sırada Ukraynada durum dəyişməz qalsa, Putinin yenilməz imici dağılmasa.
Bir iş də var ki, beynəlxalq sanksiyaların təsiri altında onsuz da ağır duruma girmiş Rusiya iqtisadiyyatı ona qədər daha acınacaqlı kökə düşə, Moskvanın başı tamam ayrı problemlərə qarışa bilər ki, bu da vahid rubl zonası bir yana, qurumun özünün perspektivi məsələsini arxa plana sürüşdürər.
Bu xüsusda politoloq Vəfa Quluzadə tam haqlıdır deyəndə ki, “nəinki təşkilatın vahid valyuta ideyası, ümumiyyətlə, Avrasiya İttifaqının özünün gələcəyi sual altındadır”. Artıq bir çox digər analitiklər də oxşar proqnozlar səsləndirir. Amma Avrasiya İttifaqı ideyası tamamilə fiasko olanadək Moskva postsovet ölkələrinə, ələlxüsus, “sözəbaxmayan” həmsərhəd suveren dövlətlərə, bu dövlətlərin iqtisadiyyatlarına ciddi problemlər, başağrısı yarada bilər.
Hər halda, kağız üzərində də olsa, vahid rubl zonası haqda anlaşma Kremlin əlinə quruma üzv ölkələrə əlavə təzyiq rıçaqları verəcək. Avrasiya İttifaqının SSRİ-nin prototipi kimi nəzərdə tutulduğu hesaba alınarsa, utopik görünsə belə, üzv ölkələrin milli ordularının ləğvi məsələsi də gündəmə gətirilə, Rusiyanın dominant olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yeni “vahid ordu”nun özəyində dura bilər.
Yaxın tarixə nəzər salsaq görərik ki, SSRİ də elə bu cür, müttəfiq respublikaların suverenliyi, atributları (pul, ordu) yavaş-yavaş Moskva tərəfindən “ortaq valyuta”, “ortaq ordu” adı altında əllərindən alınaraq qurulub. Guya SSRİ Konstitusiyasına görə, 15 müttəfiq respublikanın hər biri ayrıca suveren dövlət kimi İttifaqın tərkibindən sərbəst çıxmaq hüququna malik idi. Di gəl, bu hüququ həyata keçirmək hansı qurbanlar, qanlar hesabına başa gəldi, Kreml həmin hüququn önündə hansı əngəllər yaratdı, hamıya bəllidir.
Eyni prosesin bir qədər fərqli, daha “sivil” qiyafədə gedəcəyi istisna deyil. Ancaq nəticə dəyişməyəcək. Demək, milli maraqlarımız Azərbaycanın bu prosesdən axıradək kənarda durmasını diktə edir. Biz 23 il öncə rubldan (Kremldən) canımızı zorla qurtarıb manata keçmişik, bir daha rubla qayıtsaq, təhlükə var ki, bu dəfə müstəqilliyimiz əbədiyyən əldən gedər. O yolu artıq keçmişiksə, nəticə məlumdursa, Dağlıq Qarabağ boyda yara almışıqsa, bir də yoxlamağa dəyərmi?
Deyilə bilər ki, Avropa Birliyi də vahid qurumdur və əksər üzv ölkələrdə vahid pul vahidi kimi avro işləyir. Ancaq 2 böyük fərq var:
1. Avropa Birliyi ölkələrinin suverenliyi və ərazi bütövlüyü, digər dövlət atributları, o cümlədən ordusu qorunub saxlanılıb.
2. Üzv ölkə öz ərazisində istənilən an adicə referendum keçirməklə qurumu tərk edə bilər.
Vahid Avropa ordusu da yaradılsa, eyni şərtlər qüvvədə qalacaq təbii ki. Çünki bu, gerçəkdən, bərabərhüquqlu, demokratik dövlətlərin könüllü birliyidir. Bura kimsəni zorla cəlb etməyiblər. Türkiyə kimi dövlət illərdir onun üzvlüyünə can atır…

Ən önəmlisi odur ki, Avropa İttifaqı yüzdə yüz üzv ölkələrin əhalisinin iqtisadi-sosial rifahının, milli təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edirsə, Avrasiya İttifaqı sırf Kremlin imperiya maraqlarına, azad xalqları kölə hala salmağa hesablanmış antidemokratik ölkələrin könülsüz birliyidir. O da təbii ki, yaşasa.(musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam