Bu yaxınlarda saytımızda “Tərtərdə sahibkarlar aksiyalara hazırlaşır” və “İcra başçısından narazı sahibkarlar Prezidentdən imdad diləyir” başlıqlı məqalələr dərc etmişdik.
Yenixeber.org: Məqalələr Tərtər RİH başçısı Müstəqim Məmmədovun fəaliyyətindəki qanunsuzluqlarla bağlı redaksiyamıza Abışov Tiflis Qarakişi oğlu və digər yerli sahibkarlardan daxil olmuş şikayət əsasında hazırlanmışdı.
Xatırladaq ki, icra başçısından şikayət edən sahibkarlar deyirdilər ki, onlara məxsus torpaq və obyektləri zor gücünə əllərindən alan M.Məmmədov özünün yaxın adamı olan Qorxmaz Məhərrəmov adlı şəxsə verir. Tərtər icra başçısının müavini Abbas Cavadov və memar Tofiq Kərimov onlara dəfələrlə bildirir ki, “sizə pul verək ərazini Qorxmaza təhvil verin, bu cənab başçı M.Məmmədovun göştərişidir”. Rayonda hamı icra başçısıyla Qorxmazın həmin obyektlərə şərik olduğunu birdirirlər. Cənab Prezidentin sahibkarlara daim dəstək verdiyi indiki zamanda Müstəqim Məmmədovun bu əməlindən cana doymuş sahibkarların etiraz aksiyalarına əl atacaqları deyilirdi.
Bizim yazımızdan sonra icra başçısı adam göndərərək onların yerlərini zorla uçuracağı barədə son xəbərdarlıq edibdir. Dünən isə icra başçısı Müstəqim Məmmədov müavini və memarı ilə birlikdə şikayətçi T.Abışovu qəbul edərək ona kömək etmək əvəzinə yerini uçuracağı ilə hədələyib. İcra başçısının dediyindən belə çıxıb ki, Qorxmaz Məhərrəmov adlı şəxs ondan sonra yer alsa da o yerində qalmalıdı və məcburi köçkün olan Tiflis Abışov isə gedib başqa yerdə özünə obyekt tikməlidi. Burdan da belə nəticəyə gəlirik ki, həqiqətən də Qorxmaz Məhərrəmov icra başçısıyla şərikiymiş və ona görə də onu belə müdafiə edirlər.
Xatırladaq ki, bir müddət bundan əvvəl buna oxşar hadisə başqa bir ərazidə baş vermişdi. Belə ki, Tərtər RİH başçısı Müstəqim Məmmədov qaynanası Vəliyeva Səkinə Xıdır qızının adına Şıxarx kəndində buğda əkini üçün 150 hektara görə 13500 manat, Çaylı kəndində isə 46 hektar buğda və çəltik əkini üçün 2860 manat subsidiya almışdı. Tərtərin Qaraağacı kənd sakini, 1-ci qrup Qarabağ qazisi Hüseynov Cəfər Əli oğlun və Tərtər sakini Məmmədov Elçin Saleh oğlu rayonun Şıxarx adlanan ərazisindən taxıl əkini üçün torpaq sahəsini icarəyə götürmək istəsə də, icra hakimiyyətinin rəsmisi Füzuli Əliyev onlardan 30 hektar torpaq müqabilində 27000 (iyirmi yeddi min) manat rüşvət istəyibmiş. Sonradan məlum olur ki, həmin ərazi başqa adama daha baha qiymətə satılıb, Qarabağ qazisinə isə əkin üçün yer tapılmayıb. Tərtərin icra başçı M.Məmmədov Yevlaxda yaşayan 80-dən çox yaşı olan qaynanasının adına 196 hektar torpaq yazdırıb subsidiya alıbmış.
Bu hadisəni ona görə xatırlatdıq ki, icra başçısı istənilən yola əl ataraq pul qazanır, özünə şəriklər götürür, məcburi köçkünləri, Qarabağ qazilərini, əlilləri incidərək dövlətdən narazı salır və nəticədə rayonda böyük bir narazılıq ocağı yetişdirir. Dövlət başçısının xəbərdarlıqlarına, tövsiyyələrinə, pul tələb edən həmkarlarının həbs olunmasına belə məhəl qoymayan Müstəqim Məmmədov xalqa xidmət etmək əvəzinə yerli sakinlərin mallarına, mülklərinə, pay torpaqlarına sahiblənməkdən belə çəkinmir. Narazı insanların isə paytaxta gələrək etiraz aksiyalarına əl atmaqdan başqa çıxış yolları qalmayıbdır. Çünki rayonda bütün yerli orqanlar icra başçısına qarşı hər hansı addım atmaqdan çəkinirlər.(aktualxeber.az)
Qarşı tərəfi də dinləməyə hazırıq.