Gömrük Komitəsi yanında İctimai Şurada qalmaqal –Qurumun 6 üzvü etiraz bəyanatı yaydı
“Ötən ilin sonlarında Dövlət Gömrük Komitəsi (DGK) yanında İctimai Şura üzləri seçilib, lakin sonradan 13 nəfərlik heyət arasında narazılıq yarandığı üçün şurada sədr, sədr müavinlərinin və katibin seçilməsi baş tutmayıb. Buna baxmayaraq İctimai Şuranın üzvü olan 7 nəfər öz aralarından sədr, 3 müavin və katib seçərək özlərini cəmiyyətə “Dövlət Gömrük Komitəsi yanında İctimai Şura” üzvləri kimi təqdim ediblər”.
Yenixeber.org: Bu barədə İctimai Şuranın prosesdə iştirak etməyən 6 üzvünün yaydığı birgə bəyanatda bildirilir. Qeyd olunur ki, həmin qrupdan olan Elçin Axundzadə iş adamı Mübariz Mənsimovla bağlı əlaqələrinə dair yazılara cavab verərkən özünu Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədr müavini kimi təqdim edib.
Şuranın üzvü olan 6 nəfər buna etiraz olaraq bəyan edir ki, həmin seçkilər saxtalaşdırılıb və Elçin Axundzadə orada müavin seçilməyib.
“Qanunda bir müavinin seçilməsi nəzərdə tutulubsa, həmin qrup öz aralarından 3 müavin seçməklə qanunu kobud şəkildə pozub. Nəticədə altı üzv buna etiraz edərək iclası tərk edib. Eyni zamanda Komitə rəhbərliyinə müraciət olunaraq seçkinin nəticələrinin tanınmaması ilə bağlı məlumat verilib. Buna baxmayaraq, Elçin Axundzadə və digərləri yenə də bəzi məclislərdə və tədbirlərdə özlərini Gömrük Komitəsi yanında İctimai Şuranın sədri və müavini kimi təqdim edirlər”,- bəyanatda vurgulanır.
Şura üzvləri həmçinin bildirirlər ki, Dövlət Gömrük Komitəsi həmin qrupu və onların seçimini qəbul etmir, bu günə qədər də Komitə İctimai Şura üzvləri ilə heç bir görüş keçirməyib.
“Bununla da DGK saxta seçkinin nəticələrini tanımadığını ifadə edib. Odur ki, Elçin Axundzadə və digərləri özlərini İctimai Şuranın rəhbərləri kimi təqdim etməkdən çəkinməlidir”,-müəlliflər qeyd ediblər.“Azpolitika”