Deputat: “Rusiyanın borclarını ödəmək üçün pulu var, lakin ölkənin 630 milyard dollarlıq valyuta ehtiyatı dondurulub”
Yenixeber.org: Son günlərin ən çox müzakirə olunan mövzusu Rusiyanın mümkün defoltudur. Bu, dövlətin suveren borcunu ödəyə bilməməsi deməkdir. Rusiya bu gün avrobondlar üzrə 117 milyon dollar ödəməli idi. Bunu necə etmək məsələsi hələlik həll olunub.
“Hökumət bir gün əvvəl göndərilən avrobondlar üzrə ödənişin həyata keçirildiyini və dövlət borcuna xidmətlə bağlı hələlik problem olmadığını bildirib. Bu, o deməkdir ki, ABŞ Xəzinədarlığı elan etdiyi sanksiyalara baxmayaraq, Amerika bankına avrobondlar üzrə kuponun dollarla ödənilməsi üçün Rusiya Federasiyasına ödəniş etməyə icazə verib”, - deyə Rusiyanın “mk.ru” nəşri yazır.
ABŞ Maliyyə Nazirliyi izah edib ki, Mərkəzi Banka qarşı sanksiyalar tətbiq edilsə də, Rusiya bu il mayın 25-dək suveren borcunu dollarla ödəyə bilər. Sonra ödənişlər üçün xüsusi lisenziya almalıdırlar.
Azərbaycan Milli Məclisinin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov bununla bağlı deyir ki, Rusiyanın mümkün defoltu ilə bağlı şayiələr Rusiyanın bugünkü 117 milyon dollar nominallı istiqrazlar üzrə faiz ödəməsi öhdəliyi ilə əlaqələndirilib: “Defolt dövlətin vəsait çatışmazlığı səbəbindən öhdəliklərini ödəyə bilməməsidir. Moskvada o pul var, lakin ölkənin 630 milyard dollarlıq valyuta ehtiyatı dondurulub, dollar ödənişləri çətinləşib”.
“Bundan əlavə, “Qazprom” və “Lukoyl”un 150 milyard dollarlıq xarici aktivlərinin istifadəsi bloklanıb. Rusiyaya dollar və avronun tədarükünə qadağa qoyulduğu üçün burada da problemlə üzləşiblər. Bu fonda Rusiyanın kredit reytinqini kəskin aşağı salan beynəlxalq qurumlar Moskvanın defolt ərəfəsində olduğunu açıqlayıb”, - deyə deputat bildirib.
Rusiya buna baxmayaraq defolt elan etsə, fevral çevrilişindən sonra bolşeviklərin çar borclarını tanımadığı 1917-ci il vəziyyəti təkrarlanacaq. Oxşar vəziyyət 1998-ci il avqustun 17-də Rusiya Federasiyasının dövlət borc öhdəliklərinin əsas növləri üzrə texniki defolt elan edildikdə də yaranmışdı.
Bayramovun sözlərinə görə, defolt o deməkdir ki, artıq ən sərt sanksiyaların məngənəsində olan Rusiya iqtisadiyyatına investorların inamı itəcək: “Buna görə də hökumət müəyyən addımlar atmağa çalışır ki, təsir minimal olsun, lakin sanksiyalar manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Hökumət defoltdan qaçmaq üçün mümkün olan hər şeyi edir, opsiya olaraq borcun rublla ödənilməsini təklif edir. Amma bu, artıq müqavilənin şərtlərindən və investorların mövqeyindən asılıdır. Hər halda, bütün borcların rublla ödənilməsi təklifi inandırıcı görünmür”.
“Sanksiyalar Rusiyanın çıxış yolunu bağlayır və manevr imkanlarını daraldır. Bu gün Rusiya indi defoltdan qaça bilsə belə, tətbiq edilən sanksiyalar istər-istəməz gələcəkdə ödənişlərlə bağlı oxşar problemlərə gətirib çıxaracaq. Qərb ardıcıl olaraq məhdudiyyətləri genişləndirir və tətbiq edilən sanksiyalar yalnız başlanğıcdır”, - deyə həmsöhbətimiz vurğulayıb.
Rusiyanın maliyyə naziri Anton Siluanov bir gün əvvəl demişdi ki, Rusiyanın xarici borcunu ödəmək üçün imkanları var, lakin Qərb ölkənin valyuta ehtiyatlarını blokladığı üçün ödəniş son alıcılara çatmaya bilər. Alternativ olaraq, Moskva borcunu rublla ödəməyə hazır olduğunu bəyan edib, lakin bu məqam xarici kreditorlara sərf etmir.
Maliyyə Nazirliyinin rəhbəri əlavə edib ki, Vaşinqton dövlət borcu üzrə ödənişlərin Rusiyanın valyuta hesablarından həyata keçirilə bilib-biləməycəyini izah etməlidir. Axı Rusiya Federasiyası Mərkəzi Bankının qızılla olan valyuta ehtiyatları məhz orada bloklanıb.
Əvvəllər bildirilirdi ki, Rusiya və onun şirkətlərinin xarici borcu 150 milyard dollara çatıb və ölkə martın 16-da defolt elan oluna bilər.(AYNA)