Qarabağda şəffaf tenderlər olacaqmı?-ŞƏRH
Son zamanlar Azərbaycanda səfərdə olan diplomatlar, səfirliklərin rəsmiləri təmsil etdikləri ölkələrin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında iştirak etməkdə maraqlı olduğunu bildirirlər.
Yenixeber.org: Dünən də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Li Litzenberger işğaldan azad olunmuş ərazilərində ABŞ şirkətlərinin mümkün iştirakçılığı barədə danışıb.
Lakin ekspertlər bildirirlər ki, Qərb şirkətlərinin Azərbaycana gəlməsi üçün açıq və şəffaf tenderlərin keçirilməsi ən vacib şərtlərdən biridir.
Ümumilikdə, Azərbaycanda və işğaldan azad olunmuş ərazilərlə bağlı elan olunmuş tenderlər şəffaf keçirilirmi?
Hesablama Palatasının 2020-ci il üzrə hesabatında bildirilir ki, qurum dəfələrlə bu sahədə illərlə yığılan bir çox çatışmazlıqları ön plana çıxarıb.
Hesablama Palatası dövlət satınalmaları sahəsində rast gəlinən nöqsanlar sırasında satınalmanı həyata keçirən qurumlar tərəfindən illik və rüblük satınalma planlarının hazırlanmamasını, şəffaflıq və səmərəlilik prinsiplərinə əməl edilməməsini, dövlət satınalmalarında ehtimal olunan qiymətin düzgün hesablanmamasını və ya ümumiyyətlə, hesablanmamasını, satınalmaların qurumun məhsullara, işlərə və xidmətlərə olan tələbatı nəzərə alınmadan və konkretləşdirilmədən planlaşdırılmasını, satınalmaların keçirilməsi üçün təsdiq olunmuş smeta deyil, maliyyələşmənin əsas kimi qəbul edilməsini xüsusilə vurğulayıb.
Bu il martın sonunda işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı 6 tender elan edilmişdi. Vahid dövlət satınalmaları portalının açıqladığı məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həmin 20 milyon manatlıq tenderi açıq tender yolu ilə deyil, təkliflər sorğusu ilə həyata keçirib. Üstəlik, təklifləri hazırlamaq üçün iştirakçılara cəmi 4 gün vaxt verilib, təkliflər sorğusunda iştirakçıların sayı və təkliflər açıqlanmayıb. Yalnız qaliblərin adları və görüləcək işlərin həcmi açıqlanıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən redaksiyamıza bildirilib ki, cari il iyunun 22-də «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası qanununa edilən dəyişikliklər sahibkarların dövlət satınalmalarında iştirakının daha da asanlaşdırılmasına, onlar arasında sağlam rəqabətin artmasına, dövlət vəsaitindən səmərəli və qənaətli istifadə edilməsinə daha geniş imkanlar yaradıb.
Qurumdan qeyd olunub ki, son illər dövlət satınalmaları sahəsində aparılan təkmilləşdirmələr, «Dövlət satınalmalarının vahid elektron portalı»nın yaradılması, açıq tenderin elektron satınalma vasitəsilə həyata keçirilməsi, dövlət satınalmaları sahəsində şəffaflığın və rəqabətliliyin artırılması, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satınalmalarda fəal iştirakına zəmin yaradıb. 2020-ci ildə müsabiqə əsasında keçirilmiş satınalmalar zamanı ehtimal olunan qiymətlə müqayisədə 8,03 faiz dövlət vəsaitinə qənaət olunub. Bu 2019-cu illə müqayisədə 12,8 faiz çoxdur. Həyata keçirilmiş 230 tenderdə və 1061 kotirovka sorğusunda aşkar olunmuş qanun pozuntuları səbəbindən nəticələri ləğv edilib.
İqtisadçı, iş adamı Nazim Bəydəmirli isə bildirib ki, bəzi ölkələr, xüsusilə ATƏT-in Minsk Qrupuna daxil olan ölkələr Azərbaycanın illər boyu işğalda qalmış torpaqlarının maddi nemətlərinin daşınmasına və talan edilməsinə göz yumduqlarına görə həmin ərazilərin bərpasında təmənnasız iştirak etməliydilər: «Azərbaycan höküməti çox tələskənlik edərək öz hesabına bu bərpa işlərini həyata keçirəcəyilə bağlı açıqlama verdi».
İqtisadçının sözlərinə görə, cəmiyyət başa düşməyə başlayıb ki, Qarabağı azad etdikdən sonra korrupsiyadan qurtulmayacaq: «Korrupsiya daha böyük məbləğlərdə davam edir. Azərbaycanda tenderlər yalnız kağız üzərində keçirilir, bəzən heç kağız üzərində də baş vermir. Türkiyənin elə şirkətləri var ki, onların şəffaflığı ilə bağlı Türkiyə cəmiyyəti həyəcan təbili çalır, o şirkətlər Qarabağda əsas söz sahiblərinə çevrilirlər. Tikinti-quruculuq işlərinə töhfə verə bilən öz şirkətlərimiz isə kənarda qalır. Qardaş ölkəmizə məxsus olsalar da, həmin şirkətlərin necə tenderin qalibi olması ilə bağlı suallar ünvanlanmalıdır. Bu tenderlər məndə şübhə doğurur».
Ekspert qeyd edib ki, tenderlər və dövlət satınalmaları üzərində ictimai nəzarət güclənməsə, tenderlər qeyri-şəffaf olacaq.(turan)