Yenixeber.org: Dövlət Statistika Komitəsi 2021-ci ilin yanvar-mart aylarının iqtisadi göstəricilərini açıqlayıb. Qurumdan verilən məlumata görə, ilin ilk 3 ayında ölkədə 18 milyard 921,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3% az Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub. İnflyasiya 3,9 faizə çatıb.
İstehlak qiymətlərinin indeksi ötən ilin eyni dövrünə nisbətən artaraq 103,9% təşkil edib. Xatırladaq ki, yanvar-fevral aylarının yekununda ölkədə illik inflyasiya 3,7% olmuşdu. Dünya Bankı da bu il Azərbaycanda istehlak qiymətləri indeksinin artımının 3,9% səviyyəsində olacağını proqnozlaşdırır. Bankın region üzrə dərc olunmuş yeni hesabatında deyilir ki, ölkədə yanacağın bahalaşması və tələbatın bərpa olunmağa başlaması inflyasiyanın səviyyəsini orta müddətdə artıracaq.
Eyni dövrdə ölkədə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 11,5 milyard manat olmaqla, 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,1% azalıb. Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 383,7 manat və ya 2020-ci ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 2,4 manat az vəsait xərcləyib.
İlin 3 ayında sənaye istehsalında da azalma qeydə alınıb. Statistika Komitəsi bildirir ki, yanvar-mart aylarında Azərbaycanda 10 milyard 996,2 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 % azdır. Hesabat dövründə qeyri-neft-qaz sənayesi istehsalı 11,9 % artaraq 3 milyard 280,2 milyon manata çatıb.
Xarici ticarətdə də təqdim olunan rəqəmlər azalma tendensiyasını göstərir. Belə ki, yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 668,3 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % azdır.
Bu ilin ilk 3 ayında xarici ticarətdə 4,137 milyard ABŞ dolları ixracın, 2,530 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 1,6 %, idxal isə 4,1 % azalıb. Son nəticədə xarici ticarətdə 1,607 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,4 % çoxdur.
Kənd təsərrüfatı sektorunda isə artım qeydə alınıb. Rəsmi statistikaya görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda 994,8 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,2 % çoxdur.
Bu il martın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 37 min nəfər və yaxud 2,3% artaraq 1 678,5 min nəfər olub, onlardan 915,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 763 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Amma muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 il əvvələ nisbətən 2,8% azalaraq 692,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Azərbaycana xaricdən göndərilən pul baratlarının həcmi də azalıb. Asiya İnkişaf Bankının (AİB) hesablamalarına görə, 2020-ci il ərzində azərbaycanlı əmək miqrantları ölkəyə 1,15 milyard ABŞ dollarına yaxın pul göndərib. Bu göstərici də 2019-cu illə müqayisədə 10,1% azdır. Bu tendensiyasının 2021-ci ilin 3 ayında davam etməsi şübhə doğurmur, çünki pandemiyanın yaratdığı çətinliklər davam edir.
Xatırladaq ki, 2020-ci ildə pandemiya səbəbindən ölkədə ÜDM-in həcmi 2019-cu ilə nisbətən 4,3 faiz azalıb. Ölkə iqtisadiyyatının əsas sahələri ya tam, ya da qismən dayanmışdı. Nəticədə işsizlərin sayı dəflərlə artaraq yüz minlərə çatdı, həyat səviyyəsi kəskin şəkildə aşağı düşdü. Hökumət onların 600 min nəfərinə 190 manat birdəfəlik ödəmə verdi. Hazırda iaşə, xidmət sahələrində fəaliyyətə icazə verilsə də, ötənilki tənəzzüldən çıxmaq, istisadi aktivliyi bərpa etmək hələ ki mümkün görünmür. Bunu Statistika Komitəsinin ilin ilk 3 ayı ilə bağlı yuxarıda təqdim olunan rəqəmlər də göstərir.
İqtisadçı Samir Əliyev saytımıza şərhində bildirdi ki, hazırda ölkə iqtisadiyyatı pandemiyadan çıxmağa hazırlaşır. O qeyd edir ki, xırda istisnalarla karantin rejimi məhdudlaşdırılıb, “mall”ardan başqa demək olar ki, bütün sahələr işləyir. Bu da nəticə etibarilə iqtisadiyyatda 2020-ci ildə müşahidə olunan ağır vəziyyətə nisbətdə canlanmaya səbəb olmalıdır.
Ekspert xatırladır ki, DSK -nın təqdim etdiyi rəqəmlər təəccüblü deyil. Çünki beynəlxalq maliyyə qurumları – Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, reyitinq agentlikləri ötən illə nisbətdə 2021-ci ildə iqtisadi artım proqnozlaşdırırlar:
“Azərbaycan da dünya sisteminin bir hissəsi olduğuna görə, ölkədə iqtisadi artım üçün zəmin var. Amma Azərbaycanda ilk üç ayla bağlı rəqəmlərdə geriləmə, azalma göstərilir. Əlbəttə, bu, iqtisadi aktivliyin bərpa olunmaması ilə bağlıdır”.
Əliyev hesab edir ki, DSK-nın açıqladığı rəqəmlərə rəğmən Azərbaycanda inflyasiya, qiymətlərin bahalaşması ikirəqəmli ədədlərlə ölçülür:
“Bəzi məhsullarda 10-20, hətta 30 fazi artım var. Mərkəzi Bank milli valyutanın kursunu sabit saxlayır. Nəzərə almaq lazımdır ki, dünyada da ərzaq qiymətləri bahalaşır, Azərbaycan idxaldan asılı olduğu üçün bu bahalaşmanın təsirini hiss edir. Amma manatın məzənnəsinin sabit olması nəticəsində daxili inflyasiyaya az təsir edir”.
İqtisadçının sözlərinə görə, ölkədə bahalaşmanın əsas səbəblərindən biri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin – yanacağın, suyun qiymətlərinin artırılması ilə bağlıdır. Xüsusən bunun nəticəsində ərzaq məhsulları da bahalaşır.
Samir Əliyev deyir ki, iqtisadi artımın səviyyəsinin 2020-ci ilə nisbətdə yüksək olması təbiidir:
“Azərbaycan neftdən aslı olan ölkədir, hazırda dünya bazarında qiymətlər ötən illin müavifq dövrü ilə müqayisədə xeyli yüksəkdir və bu da iqtisadi artıma öz töhfəsini verir. Onu da nəzərə almalıyıq ki, neft dolları iqtisadiyyatın başqa sahələrinə də yönəldilir. Əgər pandemiyanın lokallaşması davam edəcəksə, biz ötən ildən xeyli fərqli iqtisadi artım rəqəmləri görə biləcəyik”.
Ekspert onu da vurğuladı ki, ölkə iqtisadiyyatında konkret islahatların aparılmaması da sosial-iqtisadi vəziyyətə təsir edir:
“Dövlət şirkətlərinin idarəetməsində dəyişiklik baş verdi, amma bu, istənilən səviyyədə deyil. İnvesitisiya Holdinqi şirkətlərin korporativ idarəçiliyini həyata keçirəcək ki, bu da mürəkkəb idarəçilik sistemidir. Dövlət hələ ki iqtisadiyyatda öz hegemonluğunu saxlayır. Nəticədə pis sahibkar kimi səmərəli fəaliyyət göstərən müəssisələr yarada bilmir. Ona görə də qarşıda iqtisadi çətinliklərin davam edəcəyi qaçılmazıdr”.
Yekunda S. Əliyev qeyd etdi ki, baş verən iqtisadi artım da milli valyutanın sabitliyi fonunda olur:
“Əgər məzənnə dəyişikliyi baş verərsə, biz daha böyük qiymət artımı və inflyasiya müşahidə edə bilərik. Bunun qarşısının alınması üçün idxaldan asılılığı azaltmaq və yerli istehsalı stimullaşdırmaq lazımdır”.(pressklub)
Turqut