Yenixeber.org: Sentyabrın 27-də başlayan Vətən müharibəsi işğal altındakı ərazilərin böyük hissəsinin azad olunması ilə başa çatdı. Bu savaş həm də koronavirus pandemiyasının bütün dünyanı bürüdüyü, o cümlədən ölkəmizdə də yayıldığı bir dövrdə baş verdi. Bu baxımdan hərbi tibb xidmətinin fəaliyyətinin əhəmiyyəti daha da artdı: onlar yaralılara yüksək səviyyəli xidmət göstərməklə yanaşı, həm də COVİD-19 infeksiyasının ordu sıralarına keçməsinin qarşısını almalı idilər. Tibb işçilərimiz bu vəzifənin öhdəsindən layiqincə gəldilər.
Hərbi həkimlərlə yanaşı, könüllü olaraq cəbhədə xidmət göstərməyə yollanan çoxlu sayda həkim və tibb personalı da oldu. Onlardan biri Hadrut hospitalında könüllü həkim işləyən Aynurə Hidayətqızıdır. A.Hidayətqızı ilk günlərdən qaynar nöqtələrdə olub:
“Konkret olduğum yerlərin adını çəkə bilmərəm. Amma qaynar nöqtələrə getmək istəyirdim və bu istəyim baş tutdu. Düşünürdüm ki, orada yaralı əsgərlər varsa, mən də orada olmalıyam. Düşmən gülləsinə tuş gəlmək barədə fikirləşmirdim. İçimdə bir hiss var idi ki, nə öləcəyəm (şəhid sözünü demək istəmirəm, çünki şəhidlik ali məqamdır), nə də yaralanacağam. Düşündüyüm yalnız yaralı əsgər qardaşlarımın yanında olmaq idi”.
Həkimin sözlərinə görə, müharibələr və qidasızlıq hər zaman xəstəliklərin başlanğıcı olur:
“Tarixdən öyrəndiklərimizdən də bəllidir ki, müharibədə nələr baş verir və döyüşçülər nələrə əl atırlar ki, ac qalmasınlar. Koronavirusun əsas “dostu” immunitetin aşağı düşməsidir. İmmun sistemi zəifləyən kimi, virus özünə yer etməyi bacarır. Qaydalara əməl etmək, qorunmaq öz yerində, amma bu virusun qarşısını almağın əsas üsulu immun sisteminin aşağı düşməməsidir. Mən döyüşlər boyu əsgərlərimizlə birlikdə idim. Biz tibbi personal olaraq mütəmadi tibbi maskadan istifadə edirdik. Elə vaxtlar olurdu ki, əsgərlər döyüş zamanı bu qaydalara əməl edə bilmirdi. Söhbət bir-iki əsgərdən deyil, minlərlə əsgərdən gedir. Mən orada minlərlə əsgərə yardım göstərirdim və immunitetimi normada saxlamağa çalışırdım, çünki əsgərlər mənə əmanət idi. Dövlətimiz bizi dərman preparatları ilə təmin etmişdi. Özümüzü narahat hiss edən kimi, həmin dərmanlardan istifadə edirdik. Qidalanmamız yaxşı idi. Düzdür, yemək üçün vaxtımız da çox kasad idi. Amma ac qalmamağa çalışırdıq. Elə vaxt olurdu ki, yemək yemək yada belə düşmürdü. Ac qalmaq və immunitetin sıfırlanması sağlamlığa zərər verəcək böyük fəsadlara gətirib çıxara biləcəkdi. Zəif qidalanan və qripə yoluxmuş, orqanizmində hansısa xəstəliyi olan adam bu xəstəliyi daha ağır keçirir və hətta ölümlə üzləşə bilir. Koronavirus ilk olaraq qrip formasında başlayır. O zaman düşünürük ki, hər zaman baş verən qripə yoluxmuşuq. Lakin sonra hansısa daxili orqanımızda – ağciyər, bronxlar, hətta böyrəkdə problem yaranır”.
Vətən müharibəsində qəhrəmancasına vuruşan igidlərimizdən biri də kapitan Asim Quliyevdir. O, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndində gedən döyüşlərdə yaralanıb. Hərbçi döyüşdə keçdikləri çətin yollardan danışdı:
“Tapşırıq verilən andan etibarən həmin tapşırığı bir hərbçi olaraq incələməyə başladıq. Hücuma keçmək üçün bütün şəxsi heyəti hazır vəziyyətə gətirdik və vaxt tamam olanda hücuma keçdik. Döyüşə şəxsi heyətlə bərabər ruh yüksəkliyi ilə getdik. Tapşırığı yerinə yetirsək də, yaralananlarımız, şəhid olanlarımız oldu. Bunlara baxmayaraq, bizim döyüş əzmimiz aşağı düşmürdü. Təxliyyə qrupları yaralı və şəhidlərimizi daşıyıb, aparırdılar”.
Koronavirus təhlükəsindən bəhs edən zabit qeyd etdi ki, bütün komandir heyətinin birinci növbədə vəzifəsi şəxsi heyəti qorumaqdır:
“Biz maksimum dərəcədə çalışırıq ki, müharibə şəraiti olmasına baxmayaraq, şəxsi heyəti qoruyub, saxlayaq. Onlar sağlam olmalı, döyüş əzmi aşağı düşməməlidir. Döyüş ruhu yüksək olaraq qalmalıdır. Biz bir hərbçi olaraq düşməndən özümüzü qorumaqdan ötrü bizə verilən kaska və zirehli geyimlərdən istifadə etdiyimiz kimi, mülki vətəndaşlara da səslənirik ki, onlar da tibbi maskalardan istifadə etsinlər. Biz necə topağımızı azad edib, düşməni oradan qovuruqsa, insanlarımız da bu xəstəlikdən müdafiə olunmaq üçün maska taxsınlar. Hər birimiz özümüzü qorumağa borcluyuq”.(pressklub)
Ülviyyə Şahin