Yenixeber.org: Avqust ayı sona yaxınlaşdıqca, ən çox maraq doğuran məsələ karantin rejiminin uzadılıb-uzadılmayacağı ilə bağlıdır. Artıq hər kəsin səbrinin tükəndiyi, karantin sözünün özünün belə, qıcıq doğurduğu ortadadır.
“Sədərək” Ticarət Mərkəzində paltar dükanı olan Əlibaba Səfərov deyir ki, karantin rejiminin yenidən uzadılması onun kimi ticarətçilər üçün “ölüm hökmü” oxumağa bərabərdir. Sahibkar Türkiyədən, Çindən uşaq paltarları gətirib satdığnı, bu ilin əvvəlindən biznesinin tamamilə dayandığını bildirir:
“Biz banklarla işləyirik, pul götürüb, mal gətiririk, satıb krediti və öz xərclərimizi ödəyirik. Mənim kimi yüzlərlə iş adamı bank kreditlərini ödəyə bilmir, admız “qara siyahı”dadır. Gündə dava-dalaş, çək-çevir canımızı boğazımıza yığıb. Banklar pandemiya dövründə heç bir vətəndaşa güzəşt etmədi. İnternetdən oxyuram ki, başqa ölkələrdə dövlətlər vətəndaşlara dəstək olublar. Bizdə isə almağı bilirlər, verməyi yox”.
Ə. Səfərovun sözlərinə görə, karantin rejiminin uzadılması ticarətçilərin aclığa, səfalətə məhkum edilməsi demək olar:
“Hər ilin avqust-sentyabr ayları iri ticarət mərkəzlərinin qızıl dövrü hesab olunur. Məktəblər açılır, mövsüm dəyişir, hamı paltar alır, biz də satıb, gəlir əldə edirik. İndi avqust bitir, məktəblərin açılıb-açılmayacağı bilinmir, karantini də uzatmaq istəyirlər. Dövlətdən bir qəpik də dəstək yoxdur ki, canımızı dişimizə tutub, bir-iki ay da gözləyək. Məhv oluruq, qərar verəndə insanların durumunu nəzərə alsınlar, belə olmaz!”
Deputat, iqtisadçı Vüqar Bayramov hesab edir ki, epidemioloji vəziyyətdən asılı olaraq, iqtisadiyyatın mərhələli açılmasının davam etdirilməsi daha məqsədəuyğundur. O, Dünya Səhiyyə Təşkilatının da karantin tədbrlərinin uzadılmasını məqsədəuyğun hesab etmədiyini xatırladıb. Millət vəkli qeyd edib ki, iqtisadi və sosial faktorları nəzərə alsaq, Azərbaycanda yenidən sərt karantinin tətbiq edilməsi arzuolunan deyil:
“Əksinə, daha yaxşı olar ki, xidmət və ictimai iaşə sektorunda fəaliyyət miqyası genişlənsin. Payız mövsümünün yaxınlaşdığını nəzərə alsaq, yalnız açıq havada deyil, eyni zamanda qapalı məkanlarda da fəaliyyətə icazə verilməsi məqsədəuyğundur. Ölkəmizdə kafe, restoran və digər xidmət obyektlərində il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir”.
V.Bayramov təklif edib ki, müvafiq meyarları hazırlayıb, tətbiq etməklə sentyabrın 15-dən etibarən qapalı məkanlarda yerləşən kafe və restoranlarda, oktyabrın 1-dən iri ticarət obyektlərində, noyabrın 1-dən isə yeni standartlarla şadlıq saraylarında fəaliyyətə icaizə verilsin.
Həkim Müşfiq Hüseynov bildirdi ki, artıq şəhərdə heç 10 adamdan 1-i də maska taxmır, halbuki hələ heç nə bitməyib. O, yaranmış vəziyyətin səbəblərini belə açıqlayır:
“Birinci səbəb insanların uzunmüddətli, analoqsuz karantin rejimindən nəinki yorulması, hətta qıcıqlanmasıdır. Dünyanın heç bir yerində 6 ay karantin rejimi tətbiq olunmayıb. Bu, anormaldır. Bunun əvəzində karantini hər biri 20 gün olmaqla, 2-3 yerə bölmək olardı. İkinci səbəb mentaldır. Son günlər keçirilən toy və şadyanalıq mərasimləri, orda heç bir sosial məsafənin və maskanın olmaması, istər-istəməz insanlara psixoloji təsir edir. “Niyə onlara heç nə olmur” fikri önə çıxır. Üçüncü səbəb təbii ki, maddidir. Gündə bir neçə dəfə dəyişməyə məcbur olduğun maskanın 30 qəpiklik qiyməti kifayət qədər baha sayılır. İnsanlar fiziki, mənəvi, psixi və nəticədə həm də maddi cəhətdən bitmiş durumdadırlar”.
M.Hüseynov hesab edir ki, toylar və yaslar xaricində, qapalı məkanlarda və ictimai nəqliyyatda maska taxmaq şərti ilə hər şey və hər cür fəaliyyət bərpa edilməlidir:
“Bütün biznes strukturları, idman, gözəllik, fitnes və s. məkanlar açılmalıdır. Sentyabra giririk, amma hələ bəlli deyil, dərslər necə olacaq? İsnanları qorumaq lazım deyil artıq. İmkan verin, hər kəs özü-özünü qorusun. Karantini nəinki uzatmağa gərək yoxdur, onu müəyyən yasaqlar saxlamaqla, ləğv etmək lazımdır. Yoxsa, yığılmış mənfi enerji mütləq bir yerdə partlayacaq”.(pressklub)
Turqut