“Əgər bu baş verməsəydi, bizi BMT-yə qəbul etməyəcəkdilər”
“İndiki vaxtda hakimiyyət ona necə yanaşılmasından asılı olmayaraq güclüdür”
Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov “Yeni Müsavat”a müsahibə verib.
"xeberinfo.com" həmin müsahibəni təqdim edir.
- Ayaz müəllim, postsovet ölkələrində, həmçinin Azərbaycanda Ukraynadakı hadisələrin oxşarı baş verə bilərmi?
- Təəssüf ki, demokratiya uğrunda mübarizə adı altında kimlərəsə sərf etməyən rejimlərin devrilməsi üçün narıncı inqilablar texnologiyasından istifadə olunması böyük miqyas alıb. Bu addımların hansısa mərhələdə, əlbəttə ki, əsl demokratiyanın təntənəsinə heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq, bəziləri gəlir mənbəyini itirir, digərləri isə onu əldə edirlər. Xalqa istinad edilməsi isə xoş sözlər xatirinədir. Belə halda xalqın maraqları qeyri-müəyyən vaxtadək arxa plana keçir, amma axırda mütləq parlaq gələcəyə doğru istiqamət götürür. Azərbaycana gəldikdə isə onu deyə bilərəm ki, indiki vaxtda hakimiyyət ona necə yanaşılmasından asılı olmayaraq güclüdür. Belə hakimiyyətin varlığı zəmanət verir ki, necə deyərlər, heç kim bizim daxili işlərimizə qarışa bilməsin.
Eyni zamanda boşalmaq və əldə edilmiş nailiyyətlərlə kifayətlənmək olmaz. Dünya dəyişkəndir və öz siyasətçilərinin simasında etibarsızdır. Hələ dünən sənin şərəfinə mədhiyyələr deyən yalançı xeyirxahlar bu gün gözünü belə qırpmadan elə görkəm alırlar ki, sanki səni tanımırlar. Öz strateji mövqeyi və böyük karbohidrogen ehtiyatları ilə diqqət çəkən Azərbaycan Qərb üçün heç də az olmayan daha bir əhəmiyyətə malikdir. Bu, müsəlman dünyası üçün tolerantlığın avropalılaşdırılmış nümunəsidir. Bu da ölkənin təhlükəsizliyi və ərazi bütövlüyünün qorunmasının özünəməxsus formasıdır.
- Azərbaycanda son vaxtlar ciddi müzakirə mövzusu olan vəhhabilik, nurçuluq və sair mövzularla bağlı nə deyə bilərsiniz? Bu mənada narahatlığınız varmı?
“MDB-yə daxil olmasaydıq, bizi BMT-yə qəbul etməyəcəkdilər”
- Biz son illər İslamın ictimai-siyasi proseslərin hərəkətverici qüvvəsinə çevrilərək daha da siyasiləşdirilməsinin şahidi oluruq. Bu, xüsusilə ədalət prinsiplərinin pozulması səbəbindən etiraz əhval-ruhiyyəsinin yüksək olduğu müsəlman ölkələrində baş verir. İslam dini istiqamətində sadaladığınız təriqətlər müsəlman ölkələrində ictimai münasibətlərin inkişafının müxtəlif mərhələlərində özünü göstərib və özünəməxsus bir dini plüralizmin formalaşmasına səbəb olub. Amma onlar arabir digər ölkələrin, o cümlədən müsəlmanların etiraz potensialından istifadə edən xristian dünyasının geosiyasi niyyətlərinin əsasını təşkil edir. Dünyəvi cəmiyyətin narahatlığına əsas səbəb məhz bu, yəni müsəlman dini mühitində arzuolunmaz radikal əhval-ruhiyyənin yaranması olmalıdır. Respublikanın dini təşkilatlarının səyi ilə KİV-də dini icmaların tolerantlıq ideyalarının təbliğini gücləndirmək lazımdır. Çünki Azərbaycan artıq çoxdandır ki, dini azadlığın qəbulu və ictimai rəyin müxtəlifliyinə tolerant yanaşma ilə fərqlənir.
- Abbas Abbasovun Ukrayna hadisələrində Putinə birmənalı dəstək verməsi sizinçün gözlənilən olmadı ki?
- Abbas Abbasov Rusiyanın azərbaycanlılar icmasının müvafiq şurasının rəhbəri olduğu halda Putini dəstəkləməli idi.
- Martın 2-si Azərbaycanın BMT-yə üzvlüyünün ildönümü idi. Həmin tarixi siz necə xatırladınız? Yaxud sizin prezidentliyiniz dövründə baş verən hadisəyə görə sizi xatırlayan oldumu?
- Mən bu əlamətdar tarixi böyük məmnuniyyət hissi ilə xatırlayıram, çünki həmin dramatik hadisələrə bilavasitə aidiyyətim var. 1991-ci ilin sonunda başlayan bu hadisələr həmin il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin elan olunması ilə başa çatdı. Mənim şəxsi əzmkarlığım sayəsində 1991-ci il dekabrın 21-də MDB tərkibinə daxil olduq. Əgər bu baş verməsəydi, bizi BMT-yə qəbul etməyəcəkdilər. Razılaşın ki, özümdən məmnunluq hissi keçirməm üçün təkcə bu yetərlidir. Mən adətən bu tarixlər münasibətilə müxtəlif insanlar tərəfindən çoxlu telefon zəngləri vasitəsilə təbriklər alıram.
- Maraqlıdır, keçmiş prezidentin həmsöhbətləri, vaxtaşırı görüşdüyü adamlar, tanınmış simalar kimlərdir?
- Vaxtilə respublika rəhbərliyində təmsil olunmuş keçmiş həmkarlarımın bəziləri mənim böyük oğlum Azadın vəfatı ilə əlaqədar yas məclislərində iştirak ediblər. Ondan sonra onlarla görüşməmişəm. Hər kəs bacardığı kimi öz problemləri ilə yaşayır, bir qayda olaraq, dəfn mərasimində görüşürlər.
- Bilmək olarmı hazırda hansı işlərlə məşğul olursunuz, memuar yazır, yoxsa hansısa başqa ideyalar üzərində işləyirsiniz?
- Yazılarıma düzəlişlər edərək onları təkrarən oxuyub təkmilləşdirirəm. Çoxlu sayda müsahibə verirəm, şahidi və iştirakçısı olduğum hadisələr barədə öz həqiqətlərimi oxucuların diqqətinə çatdırıram.