"Ayaz Mütəllibov Əbülfəz Elçibəyə qarşı kin-ədavəti unuda bilməyib"
Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov eks-prezident Ayaz Mütəllibovun müsahibəsində Elçibəy haqqında söylədiyi fikirlərə cavab verib.
Xeberinfo.com: Məlumata görə, O.Qasımov Publika.az-a açıqlamasında deyib ki, Ayaz Mütəllibovun Elçibəy haqqında söylədiyi fikirlər tamamilə böhtandır: “Adam gərək başını o qədər itirsin ki, bu cür fikirlər söyləyə bilsin. Xalqını istəyən hansı ölkənin prezidenti ağılının ucundan belə fikirlər keçirə bilər? Bunları yalnız Ayaz Mütəllibov edə bilərdi. Ayaz Mütəllibov hələ də Əbülfəz Elçibəyə qarşı saxladığı kin-ədavəti unuda bilməyib. Azərbaycandan rusların təyyarəsi ilə Moskvaya qaçan bir adamın Azərbaycanın müstəqilliyində müstəsna xidmətləri olmuş lider haqqında mənfi fikirlər söyləməyə heç bir haqqı yoxdur”.
O.Qasımov bildirib ki, Ayaz Mütəllibov Azərbaycanda ən qeyri-ciddi adamlardan biridir: “Çox təəssüf ki, Azərbaycanın taleyinə belə bir adamın prezidentliyi altında yaşamaq düşüb. Əgər Ayaz Mütəllibov təcrübəli siyasətçi olsaydı, o zaman onun hakimiyyəti dövründə Dağlıq Qarabağ ermənilər tərəfindən işğal olunmazdı. Təbii ki, Xocalı faciəsini ermənilər törədiblər. Ayaz Mütəllibovdan fərqli olaraq, biz buna görə azərbaycanlıları günahlandırmırıq. Ancaq ermənilər tərəfindən Xocalı faciəsi törədilən zaman Azərbaycanda hakimiyyətdə Ayaz Mütəllibov olub. Ona görə də Xocalı faciəsinə görə Ayaz Mütəllibov məsuliyyət daşıyır. Ən azı ona görə ki, Xocalı ilə bağlı rəhmətlik Əbülfəz Elçibəyin Ayaz Mütəllibova müraciətləri olub. Əbülfəz Elçibəy öz müraciətində deyirdi ki, Xocalıda müdafiə tədbirləri görülməlidir və insanların həyatı qorunmalıdır”.
Elçibəyin sabiq köməkçisi qeyd edib ki, Ayaz Mütəllibov vaxtilə Azərbaycanı SSRİ-də saxlamaq üçün saxta referendum keçirib: “O, hakimiyyətdən gedəndən sonra Azərbaycanın dövlət büdcəsində cəmi 1 milyon dollar vəsait qalmışdı. Bu, Ayaz Mütəllibovun idarə etdiyi dövlətin durumu idi. Ayaz Mütəllibov Azərbaycanda ordunun yaradılmasına qarşı çıxan şəxs idi. 1991-ci ilin 9 oktyabrında Əbülfəz Elçibəyin rəhbərlik etdiyi hərəkatın təzyiqi ilə Azərbaycanda Milli Ordunun yaradılması haqqında qanun qəbul olunmuşdu. Ancaq Ayaz Mütəllibov hakimiyyətdən gedəndən sonra Azərbaycan ordusunda ümumilikdə 150 nəfər əsgər var idi. Yəni, Ayaz Mütəllibov düşünməsin ki, Azərbaycan cəmiyyəti bütün bunları unudub”.
Ayaz Mütəllibovun vaxtilə indiki Azərbaycan hakimiyyətinə qarşı da olduğunu diqqətə çatdıran O.Qasımov deyib: “Azərbaycan cəmiyyəti yaxşı xatırlayar ki, 1990-1991-ci illərdə Ayaz Mütəllibovun göstərişi ilə Heydər Əliyevə qarşı da hansı tərbiyəsizliklər edilirdi. O dövrdə Milli Məclisdə Heydər Əliyevi dəstəkləyən xeyli sayda deputatlar var idi ki, onlar parlamentdə çıxış edən zaman Ayaz Mütəllibovun adamları onlara əngəl olurdular, çıxış etməyə imkan vermirdilər. Bu adamların hamısı da şəxsən Ayaz Mütəllibov tərəfindən idarə olunurdu”.
Qeyd edək ki, Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov “Modern.az”a müsahibəsində eks-prezident Əbülfəz Elçibəy haqqında belə deyib: “Elçibəy isə primitiv millətçi idi. Elçibəy deyirdi ki, Kəlbəcəri vermək lazımdır, təki Ermənistanda demokratiya inkişaf etsin. Onun arxivlərdə bununla bağlı müraciətləri var”.