“Rusiyanın əsas məqsədi Avropa bazarını öz əllərində saxlamaqdır”
“Azərbaycanın inkişafının qarşısını almaq istəyən dövlətlərdən biri də Rusiyadır”
"Xeberinfo.com": Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, "Transxəzər" qaz kəmərinin tikintisi Rusiyanın razılığı olmadan baş tuta bilməz. Hətta Rusiya XİN rəsmisi xatırladıb ki, ötən il Həştərxanda keçirilən Xəzər sammitində beş ölkənin liderləri açıq şəkildə Xəzərə dair mühüm məsələlərin həllində ancaq sahilyanı ölkələrin qərar qəbul etmək haqqının olduğunu vurğulayıblar.
Son zamanlar Avropa İttifaqı “Transxəzər” qaz kəməri layihəsinə dair fəallığı artırıb. Habelə Aşqabadda Türkiyə tərəfinin də iştirakı ilə “Transxəzər” qaz kəmərinə dair danışıqlar aparılıb. Türkmənistan tərəfi bildirib ki, “Transxəzər” qaz kəməri layihəsi ölkənin qaz ixracı marşrutlarının şaxələndirilməsi baxımından əsas prioritetdir.
İlk dəfədir ki, rəsmi Kreml açıq şəkildə Bakıya qarşı belə bir iddia ilə çıxış edir, və faktiki olaraq Xəzərin dibindən çəkiləcək kəməri əngəlləməyə çalışır. Bəs bu bəyanatın arxasında Avropa Birliyinin "xeyir-dua"sənə qazanmayan və böyük risk altında olan "Türk axını" layihəsinin alternativsizliyini təmin etmək durur, yoxsa ümumilikdə Rusiya Azərbaycanı hədəylə Avropa qaz bazarından çıxarmağa çalışır?
PİA.AZ-ın əməkdaşı bu mövzunu millət vəkili, Milli Məclisin iqtisadi siyasət Komitəsinin sədri Vahid Əhmədovla müzakirə edib. Millət vəkilinin fikrincə, Rusiyanın nə deməyindən asılı olmayaraq, Azərbaycan öz mövqeyində qalacaq və öz qazını imzalanmış müqaviləyə uyğun olaraq Avropaya nəql edəcək:
“Ümumiyyətlə son vaxtlar fikir verirəm Azərbaycana qarşı çox qərəzli məsələlər xarici və rus mətbuatında yer alır və bir sıra dövlətlər Azərbaycanda gedən inkişafı qəbul edə bilmirlər. Onlar çalışırlar ki, müxtəlif yollarla bu inkişafın qarşısını alsınlar. Bu cür dövlərlərdən biri də Rusiyadır. Bir tərəfdən Rusiyanı başa düşmək olar, çünki Rusiya özü qazı ixrac etmək istəyir. Buna baxmayaraq cənab prezident Azərbaycan qazının Gürcüstan – Türkiyə vasitəsi ilə Avropaya ixrac etdi. Bu məsələyə görə də Rusiyanın prezidenti, baş naziri, “Qazprom” şirkətinin prezidenti də Azərbaycana gəldilər ki, qazı verin bizə. Yəni Azərbaycan qazı Rusiya vasitəsi ilə Avropaya çatdırılsın. Onların da məqsədi Avropa bazarını öz əllərində saxlamaqdır. Amma Rusiyanın deməyi ilə deyil, artıq qərar verilib. Mən Rusiyanı başa düşürəm, çünki indi Azərbaycan bu layihəni həyata keçirirsə, gələcəkdə ola bilər İran, Türkmənistan qazının ixracı Azərbaycan vasitəsi ilə baş tutsun. Bu məsələni də Ruslar çox yaxşı bilirlər və başa düşürlər ki, bu perespektivli bir layihədir.
Məsələ ondadır ki, Avropa, o cümlədən ABŞ Rusiyaya təzyiqlər edir ki, bu qaz layihəsi həyata keçirilməsin. Bildiyimiz kimi, “Türk axını” layihəsinə Avropa İttifaqı faktiki olaraq etiraz etdi. Amma Rusiya istəyir ki, Yunanıstan vasitəsi ilə bu layihəni həyata keçirsin. Ona görə də bu tipli bəyanatlar səsləndirilir. Amma Avropa Birliyinin razılığı olmadan bu layihəni rallaşdırmaq çox çətindir. Rusiya istəyir ki, bütün başqa alternativləri sıradan çıxararaq Avropa Birliyini zorla rus qazı almağa məcbur etsin. Yəni burada söhbət tək qazdan getmir. Söhbət ümumi siyasi dönəmdən, dünya düzəmində gedən proseslərdən, Ukrayna ətrafında gedən proseslərdən gedir. Yəni bunların hamısı müəyyən manevrlər etməlidir. Əlbəttə Avropa da Azərbaycan qazının alınmasında maraqlıdır.
Bu layihəni həyata keçirmək üçün Avropa da, ABŞ-da çalışır. Yenə qeyd edirəm ki, bütün bunlara baxmayaraq Azərbaycan öz mövqeyində qalır və öz qazını imzalanmış müqaviləyə uyğun olaraq Avropaya nəql edəcək”.
Vahid Əhmədov: “Rusiya istəyir ki, bütün başqa alternativləri sıradan çıxararaq, Avropa Birliyini zorla rus qazı almağa məcbur etsin”.
Millət vəkili həmçinin "Transxəzər" layihələri ilə "Türk axını" layihəsinin rəqiblərə çevrilməsi Rusiaya-Azərbaycan, Rusiya-Türkiyə və Türkiyə-Azərbaycan münasibətlərinə necə təsir edə bilməsi məsələsinə də münasibətin bildirib:
“Azərbaycan "Türk axını" layihəsinə imza atılanda Rusiyanın maraqlarına toxunmadı. Amma indi dünyada çox ciddi siyasi, iqtisadi mübarizələr gedir. O çümlədən Azərbaycan karbohidrogen ehtiyatları olan, trlyonlarla qaz ehyiyatı olan bir dövlətdir. Buna görə hər bir dövlər istəyir ki, bu sərvətlərdən müəyyən qədər xeyir götürsün. Rusiya da istəyir ki, Azərbaycan qazını Rusiya vasitəsi ilə ixrac etsin. Bu məqsədlərinə nail olmaqdan ötrü, Xəzər dənizini və başqa məsələləri ortalığa atırlar. Amma nə etsələr də, artıq bu qərar imzalanıb və Türkiyə tərəfində də işə başlanılıb. Yəni burada mən ciddi problem görmürəm. Müəyyən söz – söhbətlər olacaq, amma buna da baxmayaraq Azərbayacan öz qazını vaxtını Avropaya nəql edəcək”.