İrandan ölkəmizə təklif
Bəzi ölkələr Türkmənistandan qazı Xəzərdən sualtı kəmər çəkməklə Avropaya nəql etməyi planlaşdırır. Ancaq bu, iqtisadi baxımdan məqsədəuyğun deyil.
"Xeberinfo.com": Məlumata görə, bu barədə İranın milli qaz şirkəti (NİCG) bəyan edib.
Şirkət elan edib ki, İran Azərbaycan və Türkmənistan qazını Türkiyə üzərindən Avropaya ötürməyə hazırdır. NİCG hesab edir ki, bu, iqtisadi baxımdan ən sərfəli və effektiv qaz nəqli marşrutudur.
Şirkətin beynəlxalq işlər üzrə direktoru Əzizullah Ramazani deyib ki, bəzi Avropa ölkələrinin Xəzərin dibindən qaz kəməri çəkmək planları iqtisadi baxımdan özünü doğrulda bilməz və tamamilə bahalıdır. İran isə Avropaya qaz nəqli üçün ən sərfəli dəhlizdir. “Hazırda Avropa hökumətləri siyasi səbəblərə görə İrandan qaz idxal etmək istəmirlər, lakin Avropa ölkələrinin parlamentləri bu məsələni öyrənir” – deyə Ə.Ramazani bildirib.
NİCG İranın elektrik stansiyalarına, sənaye və kommersiya obyektlərinə, habelə əhalisinə təbii qazın nəqli və paylanması ilə məşğuldur. İran həmçinin 30 min kilometr uzunluğunda yüksək təzyiqli qaz kəmərləri şəbəkəsinə malikdir və bu sahədə dünyada ən böyük göstəriciyə malikdir. Hələlik Azərbaycan və Türkmənistan rəsmiləri İranın təklifinə reaksiya verməyiblər.
Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya nəqlini nəzərdə tutan Transxəzər qaz kəməri layihəsi uzun illərdir mövcuddur. Bu layihəni ABŞ və Avropa İttifaqı dəstəkləyir. Lakin layihənin həyata keçirilməsi baxımından ciddi siyasi əngəllər var. İran və Rusiya dəfələrlə bildiriblər ki, Xəzərin dibindən qaz kəmərinin çəkilməsinə “ekoloji risklərə görə” qarşı çıxırlar. Ötən həftə Azərbaycan, Türkmənistan və Türkiyə enerji rəsmiləri Aşqabadda Transxəzər layihəsinə dair müzakirə aparıblar.
İranın nüvə proqramlarına görə Qərb bu ölkə ilə enerji əməkdaşlığına məhdudiyyət qoyub. Bu səbəbdən İran qazının Avropa bazarlarına çıxışı hələlik siyasi səbəblərə görə mümkün deyil. Lakin ABŞ və Qərb ölkələri İranla nüvə proqramlarına dair anlaşma əldə etsə, vəziyyət radikal şəkildə dəyişə bilər. Bu halda İranın nəhəng qaz ehtiyatları Avropa üçün açılardı.
İran qazının Avropaya nəqli üçün Türkiyə dəhlizindən istifadə mümkündür. Türkiyə rəsmiləri indidən bu varianta hazırlaşırlar və deyirlər ki, gələcəkdə İrandan Avropaya qaz nəqli Türkiyənin enerji dəhlizi kimi statusunu daha da artıracaq.
Qeyd edək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan neftinin İran üzərindən nəqli ideyası olsa da geosiyasi baxımdan bu ideya baş tutmadı və Bakı-Tiflis-Ceyhan marşrutu seçildi. Hərçənd ki, Azərbaycanın əsas ixrac neft kəmərinin İrandan keçməsi daha ucuz başa gələ bilərdi.
Virtualaz.org