Brüssel rəsmi Bakını Kremllə üz-üzə qoymaq istəyir?
Xarici işlər naziri Elmar Məmmədyarov “Maydan” hərəkatına dəstək verən Avropa Birliyinin Ukraynanı qoruya bilmədiyinə açıq eyham vurub; Rusiyanın əleyhinə olan Xəzərin dibindən çəkiləcək qaz kəməri layihəsi niyə yenidən gündəmə gətirildi?
"Xeberinfo.com": Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” üzrə mayın 21 və 22-də keçiriləcək Riqa sammiti yaxınlaşır. “Şərq Tərəfdaşlığı” proqramı Avropa Birliyinin əməkdaşlıq etdiyi altı ölkə ilə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarusla daha sıx münasibətləri nəzərdə tutsa da, Rusiyanın ciddi müqaviməti nəticəsində bu proqramın reallaşması yubanır. Vilnüs sammitindən keçən müddətdə (2013-cü ilin noyabr ayının 28-29-u) Rusiya Krımı ilhaq edib, Ukraynanın şərq vilayətləri isə Kiyevin nəzarətindən çıxarılıb.
Assosiativ sazişi imzalayan Moldovanın da Rusiya ilə münasibətləri indi çox gərgindir, hətta rus jurnalistlərin ölkəyə girişi qadağan olunub.
Azərbaycan illərdir ki, məhz Rusiya təhlükəsini nəzərə alaraq Avropa Birliyi ilə korrekt davranmağa çalışır, Kremli qıcıqlandıracaq xüsusi yaxınlaşmaya meyl etmir.
Xarici işlər naziri Elmar Məmmədyarov “Şərq Tərəfdaşlığı”nda iştirak edən ölkələrin xarici işlər nazirlərinin aprelin 20-də Brüsseldəki toplantısında Azərbaycanın bu qurumla gələcək əməkdaşlığının şərtlərini açıqlayıb. Onun sözlərinə görə, Vilnüs sammitindən sonrakı hadisələr təəssüf ki, digər münaqişənin başlanması da daxil olmaqla, “Şərq Tərəfdaşlığı” məkanında bütün münaqişələr oxşar ssenari üzrə cərəyan edib və ərazi bütövlüyünün pozulması, işğal və separatizm kimi eyni ağır nəticələrə gətirib çıxarıb.
Nazir konkret olaraq Ukraynanın adını çəkməyib. Məlumdur ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünün BMT-də qəbul edilən qətnaməsinə səs verib və bunu Avropa da, Rusiya da yaxşı bilir. Amma Məmmədyarov yenə ehtiyatlı mövqe tutaraq nə işğalçının, nə işğala məruz qalan ölkənin adını çəkməməklə əslində “Şərq Tərəfdaşlığı”proqramına daxil ölkələrə real təhlükənin Kreml olduğuna diplomatik işarə vurmuş olub. Nazir həm də rəsmi Kiyevi cidd-cəhdlə öz tərəfinə çəkmək üçün “Maydan” hərəkatına dəstək verən Avropa Birliyinin Ukraynanı qoruya bilmədiyinə də açıq eyham vurub. Məmmədyarov çıxışında Avropa Birliyinə Azərbaycanın şərtini də çatdırıb:“Ermənistan-Azərbaycan münaqişəsi ”Şərq Tərəfdaşlığı"nın çoxtərəfli çərçivəsindən tam istifadə edilməsi üçün mane olaraq qalmaqdadır və Aİ-nin birbaşa qonşuluğunda ciddi təhlükə olmaqda davam edir. Artıq regiondakı bütün münaqişələrin həllinə münasibətdə yekdil mövqe və həmrəylik nümayiş etdirməyin vaxtıdır".
Qeyd edək ki, Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı Yohannes Hann aprelin 7-də Bakıda olub və dövlət rəsmiləri ilə görüşüb. Görüşlərin təfərrüatları barədə açıqlama verilmir. Məlumdur ki, rəsmi Bakı Avropa Birliyi ilə münasibətlərdə ikitərəfli əməkdaşlığa tərəfdardır və bu mövqeyində israrlıdır. Amma Brüsseldə hesab edirlər ki, Azərbaycanla münasibətlər daha geniş və yalnız enerji məsələləri ilə məhdudlaşmayan əməkdaşlıq olmalıdır.
Belə xəbərlər var ki, Avropa Birliyinin Riqa sammitində Azərbaycanla bağlı xüsusi tələbləri olmayacaq. Çünki Avropa Birliyi Ukraynanı Rusiyanın qəzəbli pəncəsindən xilas edə bilmirsə, digər ölkələrə olan real təhlükəni heç cür önləyə bilməz. Nazir Məmmədyarov da çıxışında Avropa liderlərinə bunu çatdırmaq istəyib.
* * * *
Avropa Birliyinin energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç “Kommersant” qəzetinə müsahibəsində Azərbaycanla bağlı planlarını açıqlayıb. Söhbət Xəzərin dibindən çəkiləcək kəmərlə Türkmənistanın nəhəng qaz ehtiyatlarının bir hissəsinin Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya nəqli planlarından gedir. Şevçoviç deyib ki, 2011-ci ildən AB-nin "Transxəzər" qaz kəmərinin çəkilməsinə dair Türkmənistanla və Azərbaycanla imzalanmış memorandum çərçivəsində danışıqlar aparmaq mandatı var.
“Biz indi Azərbaycana və Türkmənistana bu memorandumu yeniləməyi təklif etmişik, cavab gözləyirik və danışıqların necə gedəcəyinə baxacağıq. Biz bilirik ki, regionda çox böyük mineral ehtiyatları var” - deyə, Şevçoviç bildirib.
Virtualaz.org saytının iddiasına görə, Şevçoviçin Azərbaycana və Türkmənistana "Transxəzər" qaz kəmərinə dair anlaşma memorandumunu yeniləmək təklifi olduqca risklidir: “Əvvəla, Azərbaycan Avropa üçün yeganə alternativ qaz təchizatçısı rolunu üzərinə götürməklə və Cənub Qaz Dəhlizinə qoşulmaqla onsuz da üzərinə ciddi siyasi risklər götürüb. Azərbaycanın Avropa üçün alternativ qaz təchizatçısına çevrilməsinin Rusiyanın xoşuna gəldiyini heç kim iddia edə bilməz. Rəsmi Bakı bu rolu üzərinə götürməklə ciddi təzyiqlərlə də üzləşməli olub. Rusiya rəsmiləri gizlətmirlər ki, Azərbaycan qazının Avropaya çıxışı onların xoşuna gəlmir”.
Qeyd edək ki, "Transxəzər" ildə 30 milyard kubmetrə yaxın türkmən qazının Avropaya nəqli üçün düşünülüb, ötən əsrin 90-cı illərinin sonlarında ABŞ tərəfindən irəli sürülüb. Bu ideya Rusiyanın bölgədə mövqelərinin zəif olduğu vaxtlarda xeyli aktual idi.
Lakin Rusiyanın Xəzərin dibindən qaz kəmərinin çəkilməsinə icazə verilməyəcəyinə dair qəti mövqeyindən, xəbərdarlıqlarından sonra "Transxəzər" layihəsi gündəmdən düşmüş hesab edilirdi.
Brüsselin Rusiyanın əleyhinə olduğu bu layihəni yenidən gündəmə gətirməsi Azərbaycanı Kremllə ciddi qarşıdurmaya çəkə bilər. Bu səbəbdən də çətin ki, rəsmi Bakı buna razı olsun...
Musavat.com