“Bu işdə Taleh Heydərov köməklik göstərdi” – MÜSAHİBƏ
"xeberinfo.com" Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyovun AzNews.az-a verdiyi müsahibəsini təqdim edir.
- Əbdül bəy, qarşıdan 70 illik yubileyiniz gəlir. Bu şad gününüzü necə qeyd etmək fikrindəsiniz?
- İnsan üçün 70 yaş son yaşam həddidir. Şükürlər olsun ki, biz ona da gəlib çatdıq. Daha bundan sonra nə olacaqsa, onu Allah bilən məsləhətdir. Yəni, bundan sonrası Allaha bağlı. Bilmirik ki, nə olacaq. Bizlik deyil, Tanrılıqdır. May ayının 15-də ad günümdü, anadan olduğum gündür. Yubileyə hələ 5 ay qalıb. Ona görə də dəqiqləşdirməmişəm nə edəcəyimi.
- Uzun zamandır ki, "Qan yaddaşımız" adlı film çəkirdiniz. O filmin taleyi necə oldu?
- Bu filmdə çox ciddi tarixi faktlardan söhbət gedir. Mən bu filmdə bədii cəhətdən heç nə etməmişəm. Hamısı sənədlər əsasında baş verir. Filmdə 47 arxiv materialından istifadə olunub ki, hələ bunlar haqqında heç kimin məlumatı yoxdur. Mən onları əzab-əziyyətlə yığmışam. Bunun üçün getmədiyim yer qalmayıb. Daha haralarda olmadım.
Olmazın əziyyət çəkdim. Həştərxanda, Türkiyədə daha hansı arxivlərə baş vurmadım. Çəkilişlər əla gedirdi. Amma qəfil xəstələndim. Bu üzdən də yaradıcılıq işlərinə ara verdim. Amma buna baxmayaraq, yəqin ki, bu işi yekunlaşdıracağam. İstəyirəm ki, çəkdiyim filmi 4-5 dilə tərcümə etdirəm.
O cümlədən də erməni dilinə. Ondan sonra həmin filmi müxtəlif ölkələrdə nümayiş etdirəm. Əslində mən bu filmi Türkiyədə tərcümə etdirmək istəyirdim. Amma görürsünüz, bəxtimdən orada aləm bir-birinə qarışıb. Azca səbir edək, görək orada nələr olacaq. Bu il bunu dövlət səviyyəsində həll edəcəyik.
Sağ olsun Kamaləddin Heydərovun oğlu Taleh Heydərov. O, bu işdə bizə əlindən gələn köməkliyi edib.
- Maliyyə sarıdan?
- Taleh Heydərovun 3 cildlik "Qafqazda erməni məsələsi" adlı təhqiqat əsəri var. Unikal bir şeydir. Filmdə bütün tarixi faktlar ona əsaslanıb. Ondan istədiyimiz kimi istifadə etdik. Hamı elə bilir ki, yuxarıda oturanların balaları kef edir. Amma elə deyil. Onların arasında xeyirxahları da var.
Azərbaycan mədəniyyəti üçün əlindən gələni əsirgəməyən Taleh Heydərov da var. Yaxşılar pislərə nisbətdə çoxdur. Həyatın gözəlliyi də ondadır. Bundan başqa planlarım var. Ağa Məhəmməd Şah Qacar, Xətai və Xurşudbanu Nətavanla bağlı ssenarilərim var. Ömür vəfa etsə, çəkəcəyəm.
-Bu ssenarilərdən birinin ANS telekanalı tərəfindən çəkiləcəyi bildirildi. Amma nədənsə verilən vədə əməl olunmadı.
- ANS dedi, amma nədənsə məsələlər səngidi. Bu da xoşuma gəlmədi. Bizim işlədiyimiz o ssenarilər böyük ekran əsəridir. Onların eybəcər kino serialları hər şeyi üstələyib. Onlar film deyil, sadəcə dəhşətdir. Əgər tariximizə hörmət, məhəbbət bəsləyiriksə, bunu ekrana köçürməliyik. Bəzən insanın əli yananda ağzına sürtür. Biz o vaxt nəsə etməyə çalışdıq. Gözləyək, görək 2014 nə deyəcək. Bəlkə kimsə bu tarixə yiyə duracaq?
- Ümumiyyətlə, bu teleseriallara baxırsınız?
-Heç baxmadım, baxmaq fikrində də deyiləm. Çünki mən özfəaliyyətlə məşğul olmuram, peşəkar kino mütəxəssisiyəm. İkinci, onlara kino deyəndə mən əsəbiləşirəm. Onlar məhdud şəkilində televiziya verilişləridir.
Qeyri-peşəkar insanlar var ki, gözləri puldan savayı heç nəyi görmür. Bir vaxt vardı, kimin pulu vardı kitab yazdırırdı. İndi bu kino ilə əvəzlənib, özləri üçün film çəkdirirlər. Ay Allah, sən bu ağılsız bəndələrinə rəhm elə. Halbuki o pullar bir mərkəzdən idarə olunsa və kino ilə daha ciddi, peşəkar insanlar məşğul olsalar, irəli gedərik. Amma gördüyünüz kimi heç nə yerində deyil.
- Amma sizin məhdud şəkildə televiziya verilişləri adlandırdığınız seriallara dövlət vəsait ayırır.
- Yox, dövlətin vəsaitinin ayrıldığı bütün filmlərdə mən oynamışam. Hanı belə film, varmı? Burada da bir qaranlıq məqam var. Mən deyim onu hamı bilsin. Prezidentimizin gənc kadrların formalaşmasında böyük xidmətləri var, buna görə dövlət büdcəsindən pul ayrılır.
Söhbət rejissorlardan gedir. Bu gün Azərbaycanda 3 rejissor var. Biri Holivvud Rejissor Akademiyası, biri Avstraliyada Sinema Akademiyasından, biri isə Finlandiyadan gəlib. Bu gün sənətə təzə gələnlər var, onlar təzə düşüncəli insanlardır. Mənə minnətci düşdülər. Mən onlarla işləyəndə təzə kinematoqrafiya mədəniyyəti gördüm.
Onların ikisinin filmində oynadım. Film üçün ayrılan pul da onlara sərf olunur. O ki qaldı Milli Teleradio Şirkətinin ayırdığı pula, onun kinoya qətiyyən aidiyyəti yoxdur. Biz insafsızlıq edirik, bəzi şeyləri qarışdırırıq. Olmaz. Peyğəmbərin gözəl bir hədisi var. Deyir ki, dünyada ən pis şey eşitdiyini danışmaqdır. İnsan bildiyini danışmalıdır.
- Yeni ili necə qeyd etdiniz?
-Bayramdan əvvəl mənə zəng edirdilər ki, bayramı harada keçirəcəksən? Mənim üçün bayram sovet dönəmindən qalma təqvim ölçüsüdür. Burada nə təbiət baxımından, nə Tanrı baxımından, nə mənəviyyat, nə də bioloji baxımdan heç nə dəyişmir.
Yatırıq, dururuq yenə də qışdır. Bizim ömrümüzdür, gedir. Biz faktiki olaraq təqvim gününü qeyd edirik. Əslində, burada bayram-zad yoxdur. Novruz kimi bayramda isə belə təqvimdən söhbət gedə bilməz. Bizim təzə ilimiz var. Allaha şükür ki, bu bayram bütün yer kürəsində təbiət vasitəsilə sübut olunur. Bu faktdır.
Oturub Milli Məclisdə əlifba davası döyüb onu dəyişənə kimi, təqvimi dəyişəydilər. Bu, bizim üçün daha münasib olardı. Ölçümüz də baharda dəyişərdi. Həm də bu Allahın rizası ilə olardı. 360 günün dəyişdiyi bir gün olduğu üçün mən hamını təbrik edirəm. Gün o gün olsun ki, belə 360 günlərin çoxunu qeyd edək. Əsl bayramımızı isə baharda qeyd edək.