ZƏNG SƏSLƏRİ
Xeberinfo.com: O, təbiətən sakit və təmkinli görünür. İlk baxışdan elə zənn etmək olar ki, həmişə nəyinsə fikrindədir, həsrətini çəkir… Yaxınlaşandan, təmas qurandan sonra dərk edirsən ki, bu məsələn, dünən gördüyün adam deyil. Həmişə qayğılı görünən müəllimənin işıqlı sifəti var. Məktəbə gələn hər kəs onunla təmasda olandan sonra dərdi-səri sanki azalır, fikri təzələnir. Həliməxanım müəllimə hər şeydən əvvəl şagirdlərin qəlbinə nüfuz etməyi bacaran güclü psixoloqdur. Şagirdin düşüncəsini, fikrini, istəyini bilən Həliməxanım müəllimə məhz, bütün bunlara görə dərs dediyi məktəbdə hörmət və nüfuz sahibidir. Digər tərəfdən onun dərs dediyi 282 saylı orta məktəb rayonun tanınmış təhsil ocaqlarındandır. Bü məktəbin müəllimləri haqqında ölkənin Təhsil Nazirliyində həmişə yaxşı fikirlər söylənilir.
Həliməxanım müəlliməyə gəlincə, onunla bağlı deyirlər ki, bu insan qədər öz məktəbini, öz şagirdlərini sevən ikinci bir adama az rast gələrsən. Məktəbin direktoru Əlirzayev Camal müəllim deyir ki, Həliməxanım müəllimənin keçdiyi pedaqoji yol çoxları üçün əsl həyat məktəbidir. O, işində səliqəli və tələbkardır. Təhsil Nazirliyinin verdiyi göstərişlərə, ayrı-ayrı tapşırıqlara birinci səs verənlərdən biridir. Ömrünün əllinci baharını yaşayan Həliməxanım müəllimə üçün vətən və torpaq sevgisi həmişə öndə olub. O, vətənini sevməyənlərə, torpağına xor baxanlara qarşı həmişə amansız olub. Azərbaycançılıq ideyalarını şagird və müəllim dostları arasında geniş təbliğ edən Həliməxanım müəllimə əsl azərbaycanlıya məxsus zəngin mənəvi dəyərlərilə həmişə fəxr edib. Şagirdlər arasında qədim adət-ənənələrin qorunmasında, millətə xas olan saflığın və təmizliyin saxlanılmasında həmişə öndə gedib. «Müəllim» adında şərəfli bir ömür yaşamağı özü üçün fərəh hissi hesab edib.
Həliməxanım müəllimə indiyədək yüzlərlə şagirdin müəllimi olub, onlara yol göstərməkdə qayğısını əsirgəməyib.
Biz öyrəndik ki, indiyədək 282 saylı bu məktəbdən – yəni Həliməxanım xanımın dərs dediyi bu təhsil ocağından respublika şöhrətli neçə-neçə müəllim, həkim, jurnalist, hüquqşünas, şərqşünas, iqtisadçı, diplomat… çıxıb. Şübhəsiz, bu indiki zaman üçün çox böyük xəzinədir. Bundan başqa Həliməxanım müəllimənin əməyinə, gördüyü işə rəhbərlik həmişə öz qiymətini verib, onu tez-tez nümunə göstərib.
Onun həyatı üçün xainlik, satqınlıq, paxıllıq, yaltaqlıq kimi insana yaraşmayan keyfiyyətlər həmişə yad olub.
Həliməxanım müəllimə haqqında məktəbdə, belə bir söz var: - o, ləyaqətli müəllimədir. Ləyaqət onun həyat meyarıdır. Gördüyü hər işdən xüsusi zövq alan Həliməxanım müəllimə öz şagirdlərinə də həmişə ləyaqətli olmağı tövsiyə edir. İnsana hörmət, onun əməyinə ləyaqətlə qiymət vermək, onu qiymətləndirməyi Həliməxanım müəllimə görülən işin həmişə başlanğıcı sayıb.
Torpaqlarımızın azad olunmasında igidlik göstərən, səngərlərdə vətən torpağının hər qarışı uğrunda canlarını əsirgəməyən əsgərlərin sırasında bu məktəbin igidləri də az deyil. Həliməxanım müəllimə deyir ki, o, və başqa müəllim dostları bu igidlik və qəhrəmanlıq nümunələrilə həmiş fəxr edib, məclislərdə, ən ali kürsülərdə onlardan söz açıb. İndiyədək neçə-neçə şagird məktəbi bitirdikdən sonra könüllü olaraq ordu sıralarına yola düşüb, vətən və millət qarşısında borcunu verib. Fikrimizcə, bu işin özü, atılan bu addımın özü məktəbdə qoyulan vətənpərvərlik missiyasının başlanğıcı və təsdiqidir. Çünki vətəni sevmək kimi təmiz hisslərin başlanğıcı məktəbdir. Əslində məktəb yaşadığın və doğulduğun vətənin bir parçasıdır, həm də bu məktəbdə vətən yolunda şəhid olan da var…
Dünyanın pedaqoji tarixində Moskvadakı 104 saylı məktəbin müəlliməsi Anna Vasilyevna İvanovanın dediyi sözlər qızıl hərflərlə həkk olunub. Kimya müəlliməsi olan Anna Vasilyevna məktəbin, dərs dediyi şagirdlərə işarə edərək deyib: «Baxın, bütün bunlar bir-birindən gözəl olan bu uşaqlar mənim doğma övladlarımdır. Mən xoşbəxtəm ona görə ki, mənim qədər dünyada övladı çox olan ikinci ana yoxdur. Bu məktəb isə, mənim sığındığım qeyrət, vicdan və həqiqət, cəsarət, ləyaqət qalasıdır. Mən öz övladlarımı bu qalada tərbiyə edirəm».
Necə də məntiqli fikirlərdir. Əslində, bu sözlər, bu düşüncələr hər bir müəllimin qəlbindən keçən sözlərdir.
…Bakıda bir məktəb var. O məktəbin işıqları, zəng səsi həmişə mənə doğma olaraq qalır. Çünki o zəng səsi insanları təmizliyə, vətəni sevməyə, insanlara hörmət və ehtiram göstərməyə, məhəbbətə, sevgiyə çağıran bir səsdir. O zəng səsindəki çağırışın öz hikməti, öz fəlsəfəsi var. Onu duymaq, o fəlsəfə və hikmətlə yaşamaq isə hər adama nəsib olmur.
Həliməxanım müəllimənin zəng səsləri dünyanı oyadan, insanları sevgiyə çağıran, həmişə, hər işdə sayıqlıq göstərməyə çağıran zəng səslərdir. «O zəng səsləri mənim taleyimin, ömrümün zəng səsləridir» - bunu da, bu hikməti də Həliməxanım müəllimə deyir. Doğrudan da, həyatımızda məktəb zənglərinin səsi qədər ikinci təmiz və gözəl yadda qalan səs yoxdur.
Rövşən Novruzoğlu,
siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq, professor