5 saylı orta məktəbdə təhsil arxa plandadır
Direktor Nərminə Gündüzlünün yarıtmaz idarəçiliyi səbəbindən bu məktəbdə rüşvətxorluq dərin köklər atıb
Xeberinfo.com: Ötən yazılarımızın birində dərc etdiyimiz "5 saylı orta məktəbə "qəbul” 100 manatdır” sərlövhəli tənqidi yazıda Bakının Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən bu orta təhsil müəssisəsinin fəaliyyətində müşahidə olunan problemlərdən bəhs olunurdu. Redaksiyamıza daxil olan və həmin məqalənin hazırlanması üçün əsas rolunu oynamış məlumatlara görə, 5 saylı orta məktəbin direktoru Nərminə Gündüzlünün bu təhsil müəssisəsinin birinci siniflərinə şagird qəbulu üçün müəyyən etdiyi məbləğ 100 manat civarındadır. Həmçinin, bu məktəbin fəaliyyətində yer almış bir çox digər neqativ hallardan bəhs olunan məlumatlarda vurğulanır ki, bu gün "fond pulu”, "təmir pulu”, "məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi adlar altında rüşvət yığımları burada hələ də davam etdirilir. Bundan başqa, aldığımız məlumatlarda məktəbin direktoru Nərminə Gündüzlünün fəaliyyətini səciyyələndirən bir sıra neqativ xüsusiyyətlər də açıqlanır. Bu açıqlamalar belə deməyə əsas verir ki, 5 saylı məktəbdə rüşvət yığımı proseduru ibtidaidən yuxarı siniflərə qədər sözün əsil mənasında sistemləşdirilmişdir. Belə ki, ilk növbədə məktəbin ibtidai sinif şagirdləri üçün stabil olaraq 10 manat məbləğində aylıq yığım müəyyən edilmişdir. Yuxarı siniflər üçün isə bu məbləğ artaraq 15 manat təyin edilib.Artıq qeyd olunduğu kimi, təqvimlə qeyd olunan dövlət bayramları, müxtəlif yubileylər, imtahan və sınaqlar, attestat və şəhadətnamələrin təqdimatı ilə bağlı həyata keçirilən yığımlar da bu maliyyə zəncirində xüsusi qrafalarda yer alır. Bu xüsusda aldığımız məlumatlara görə, məktədə son buraxılış siniflərinin şagirdlərinə təqdim olunmuş attestat və şəhadətnmələrin hər birinə görə 50 manatdan olmaqla pul yığılmışdır. Həm də zəncirvarı qaydada həyata keçirilən bu proses daima məktəb rəhbərliyinin tam nəzarətində saxlanılır. Məlumatlarda bildirilir ki, bu orta təhsil müəssisəsində baş verən qanunsuzluqlar, şagird və valideynlərin hüquqlarının mütəmadi olaraq kobud şəkildə pozulması faktları artıq məktəbin fəaliyyətinin ayrılmaz hissəsinə çevrilmişdir. Bundan başqa isə, daxil olan məlumatlarda vurğulanır ki, 5 saylı orta məktəbdə bu müəssisənin müəllim heyəti üçün də müəyyən ödənişlər nəzərdə tutulmuşdur. Belə ki, iddialara görə, əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimin ödədiyi məbləğ təxminən 5-6 min manata çatdırılır. Məsələn, yuxarı siniflərə rəhbərlik müqabilində müəllim 400 manat məbləğində rüşvət ödəməli olur. Sözügedən yazının dərcindən sonra, redaksiyamızın elektron ünvanına daha bir neçə məktub daxil olmuşdur. Bu məktubların müəllifləri ümumilikdə məqalədə əks olunan iddiaları təsdiq etməklə yanaşı, həm də bəzi əlavə açıqlamalar təqdim edirlər. Məsələn, müraciətlərdən birində 5 saylı orta məktəbdə bir neçə gün bundan əvvəl, müəllim günü münasibətilə keçirilmiş pul yığımından bəhs olunur. Müəllif yazır: "Etiraf edim ki, əslində mən müəllimləri nə təbrik etməyin, nə də onlara maddi dəstək göstərməyin heç də əleyhinə deyiləm. Müəllim işi həqiqətən də çox əziyyətlidir. Amma bunu sistematik, məcburi rüşvət yığımına da çevirmək olmaz axı. Həm də müəllim günü münasibətilə yığılan pullar bilavasitə uşaqlarımıza dərs deyən müəllimlərə yox, məktəbin direktoru Nərminə xanıma çatır...” Digər bir məktubda isə, valideyn 5 saylı orta məktəbdə təhsilin aşağı səviyyədə olmasından gileylənir: "Uşağı məktəbə göndərirsən ki, savad alsın, biliklərə yiyələnsin, dünya görüşü artsın. Amma nəticədə bunların heç birinə istədiyimiz səviyyədə nail olmuruq. Çünki məktəbdə hər kəsin dərdi-səri pul qazanmaqdır. Pulunu ver – dərsdə oturma, pulunu ver – istədiyin qiyməti müəllimə yazdır. Dərslərdə isə, müzakirə olunan mövzuların ümumiyyətlə elmə, təhsilə heç bir aidiyyatı olmur... ” Bütün bu deyilənləri ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, bu gün məhz Nərminə Gündüzlünün yarıtmaz idarəçiliyi səbəbindən 5 saylı orta məktəbdə rüşvətxorluq hallarının dərindən kök atması və davamlı olaraq təzahür etməsi üçün olduqca əlverişli mühit formalaşıb.(Gundelik-baku.com)
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.