Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Səfillər…-FOTO

 

 Hüquqşünas: “Vətəndaşların ölkəyə geri dönmək azadlığı heç bir halda məhdudlaşdırıla bilməz”

Yenixeber.org: Aylardır vətənə qayıtmaq üçün Rusiya-Azərbaycan sərhədi yaxınlığında gözləyən yüzlərlə azərbaycanlıya qarşı güc tətbiq olunub. Hadisə iyunun 15-də axşam saatlarında Dağıstanın Kullar qəsəbəsində baş verib.

Bu barədə saytımıza danışan azərbaycanlılar bildiriblər ki, hər həftənin çərşənbə axşamı 120 nəfər Azərbaycana buraxılır. İyunun 15-də bir gün sonra buraxılacaq 120 nəfərlik siyahı məlum olandan sonra insanlar etiraz aksiyası keçiriblər və sərhədə doğru irəliləməyə başlayıblar. Bu zaman əraziyə polis qüvvələri yeridilib. Polislər azərbaycanlılara qarşı gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə ediblər. Hətta bir neçə dəfə havaya atəş açıldığı da bildirilir.

“Şəxsən mən özüm iki aydır sərhəddə gözləyirəm. Dövlət öz vətəndaşını qəbul eləmək istəmir, bu nə deməkdir?! Dünən bizim başımıza gələnlər dövlət adına utancdır. Nə qədər xəsarət alanlar oldu. 70-dən çox adamı tutdular”, – deyə azərbaycanlılardan biri söyləyib. 

Rusiya informasiya agentliyi: “Azərbaycan öz vətəndaşlarını taleyin ümidinə buraxıb”

Hələ may ayında Dağıstanda fəaliyyət göstərən “Derbent” informasiya agentliyi “Azərbaycan öz vətəndaşlarını Rusiyanın insafına buraxıb” başlıqlı məqalədə ölkəsinə qayıtmaq üçün sərhədə toplaşan azərbaycanlıların durumunun ağır olmasından yazırdı və yaranmış vəziyyətə görə Azərbaycan hökumətini qınayırdı. Agentlik qeyd edirdi ki, azərbaycanlıların öz vətəninə dönməsi üçün Rusiya tərəfdən heç bir məhdudiyyət yoxdur: 

“Onları evlərinə qayıtmağa qoymayan öz ölkələridir. Bu dövlətin başqa ölkələrdə (Gürcüstan, Türkiyə və s.) olan vətəndaşları da eyni problemlə üzləşiblər. Xarici ölkələrdən məhz Rusiyada daha çox azərbaycanlı yaşayır. Onlar xüsusən SSRİ dağılandan sonra Rusiyaya aktiv şəkildə gəlməyə başlayıblar. Neftlə zəngin olmasına baxmayaraq, Azərbaycan hökuməti öz vətəndaşları üçün normal rifah təşkil edə bilməyib. Vətəndaşlar yaşayış problemlərini özləri həll etmək məcburiyyətində qalıb. Rusiyaya gələnlər arasında elələri var ki, daimi yaşayış üçün köçüb, hətta vətəndaşlıq da alıb. Elələri də var ki, qazanc məqsədilə mütəmadi gəlib-gedir. Ötən ilin yanvar-noyabr aylarında Rusiyadan Azərbaycana təxminən 850 milyon dollar pul köçürməsi olub. Azərbaycan vətəndaşlarının köçürdükləri bu pulların böyük hissəsi öz qohumlarının yaşayışını təmin etmək məqsədilə göndərilib. Bu isə o deməkdir ki, orada yüzlərlə ailə bu vəsait göndərilməsə, hətta yeməyə də pul tapmaz. Rusiyada pandemiyaya qarşı mübarizə məqsədilə tətbiq olunan məhdudiyyətlərə görə miqrantların da vəziyyəti ağırlaşıb. Bu üzdən onların bir çoxu bu ağır vəziyyəti öz evlərində keçirməyə çalışırlar. Dağıstanda indiyə qədər də Azərbaycan vətəndaşlarının sayı az deyildi. Onların bir çoxu tikinti sektorunda işləyirdi. İndi onlara Rusiyanın başqa ərazilərində işləyən həmvətənləri də qoşulub. Əksəriyyəti pulsuz qalan bu adamlar indi evlərinə buraxılmamaq problemilə üz-üzə qalıblar. Öz doğma ölkələri sərhəd məntəqələrini bağlayıb. Minlərlə insan taleyin ümidinə buraxılıb”. 

Prezidentin köməkçisi: “Vətəndaşlarımızı anlayış göstərməyə çağırırıq”

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, prezidentin köməkçisi Hikmət Hacıyev iyunun 15-də Rusiya-Azərbaycan sərhədində baş verənləri “AzərTAC”a şərh edərkən deyib ki, pandemiya ilə əlaqədar martda sərhədlər bağlanandan bu yana 20 mindən çox vətəndaş Azərbaycana gətirilib. Onun sözlərinə görə, təkcə Rusiyadan 2976 nəfər Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb: 

“Qrafik üzrə bu gün 150 nəfərdən artıq vətəndaşın ölkəyə keçməsi təmin olunacaq. Həmçinin, bu həftə “Evə gedirəm” portalı vasitəsilə qeydiyyata düşmüş vətəndaşların Bakı-Moskva-Bakı çarter reysi ilə geri qaytarılması da nəzərdə tutulub. Vətəndaşların ölkəyə geri dönməsi zamanı, ilk növbədə, üstünlük yaşlılara, xəstələrə, qadınlara, uşaqlara, ailələrə verilir və Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin qəbuletmə imkanları nəzərə alınır”.

H.Hacıyev qeyd edib ki, sərhəd-keçid məntəqəsi ətrafına toplaşan vətəndaşlar müəyyən edilmiş qaydalara riayət etməlidir: “Onlar növbəlilik prinsiplərini pozmamalı, aidiyyəti dövlət qurumlarının öz fəaliyyətlərini həyata keçirmələrinə mane olmamalıdırlar. Mövcud durumda vətəndaşlarımızı anlayış göstərməyə çağırırıq”.

Zərdüşt Əlizadə: “Dövlətin öz vətəndaşını səfil vəziyyətdə buraxmasına heç nə ilə haqq qazandırmaq olmaz”

Olayı saytımıza şərh edən siyasi təhlilçi Zərdüşt Əlizadə bildirdi ki, baş verənlər Azərbaycan hökumətinin vətəndaşlarına münasibətinin göstəricisidir. O, hökumətin sərhədə toplaşan azərbaycanlıların kütləvi şəkildə vətənə buraxılmamasının səbəbi barədə arqumentini əsassız sayır. Rəsmilər bu qədər adamı eyni vaxtda karantində saxlamaq üçün imkan və şərait olmadığını, bu səbəbdən onların hissə-hissə buraxıldığını iddia edir. Z.Əlizadənin fikrincə, bu problemi həll etmək hökumət üçün çətin deyildi: 

“Dövlətin öz vətəndaşını səfil vəziyyətdə başqa dövlətin ərazisində buraxmasına heç nə ilə haqq qazandırmaq olmaz. Hətta o vətəndaşlarımız arasında virusa yoluxanlar varsa belə, dövlətin borcudur ki, onları təcili gətirib, tədbir görsün. Azərbaycan torpaqlarının 16 faizi erməni işğalı altındadır, qalan ərazidə bu zavallı insanlara yer niyə tapılmır? Bu qədər düşərgələr, pansionatlar, oliqarxların otelləri, illərlə istifadə olunmayan villaları var. Hökumət istəsəydi, həll edərdi. İstəmir, çünki vətəndaşı saymır. Rusiya ilə sərhəddə baş verənlər təkcə siyasi yox, həm də insanlıq məsələsidir”.

Z.Əlizadə iyunun 15-də yaşananların iki ölkə arasındakı münasibətlərə təsir göstərəcəyini düşünmür. Fikrini belə əsaslandırır ki, Rusiya hökuməti orada işləyən azərbaycanlılara öz maraqları baxımından yanaşır: 

“Hansısa işlərin görülməsi üçün işçi qüvvəsinə ehtiyac varsa, Rusiya hökuməti imkan yaradır ki, işləsinlər. Yəni sırf öz maraqlarına görə. O adamların taleyi, problemləri Rusiya hökumətini maraqlandırmır. Azərbaycan hökuməti də öz vətəndaşlarına hörmət qoysaydı, heç əvvəldən onların belə aşağılanmasına imkan verməzdi. Bundan sonra da heç nə eləyəsi deyil”.

Hüquqşünas: “Nə olursa olsun, vətəndaş ölkəsinə buraxılmalıdır”

Hüquqşünas Tural Ağayev bildirdi ki, Dağıstanda qalan Azərbaycan vətəndaşlarının öz ölkəsinə buraxılmaması Azərbaycan Konstitusiyası ilə təminat verilən hərəkət azadlığının pozuntusudur. Hüquqşünasın sözlərinə görə, vətəndaşa qanunvericilikdə nəzərdə tutulmuş hallarda yalnız ölkə ərazisində bir yerdən başqa yerə getməyə, ölkə ərazisini tərk etmək azadlığına məhdudiyyət qoyula bilər. Amma ölkəyə geri dönmək azadlığı mütləqdir, heç bir halda məhdudlaşdırıla bilməz: 

“Konstitusiyanın 28.4-cü maddəsində deyilir ki, “Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ var”. Miqrasiya Məcəlləsinin 9.3-cü maddəsində göstərilib ki, məhdudiyyətlər yalnız ölkədən çıxışa tətbiq oluna bilər. Nəinki pandemiya, nə olursa olsun, vətəndaş öz ölkəsinə buraxılmalıdır. Azərbaycan hökümətinin səlahiyyəti yoxdur ki, vətəndaşını ölkəyə buraxmasın. Azərbaycan dövlətdir, sərhəddə qalan vətəndaşların qurduğu dövlətdir, mülk deyil”.

Gülər (pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam