Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Azərbaycanda koronavirusun artmasının səbəbkarı vətəndaşlardırmı?-ARAŞDIRMA

 Azərbaycanda Covid-19-a yoluxanların sayı son bir ay yarım içərisində doqquz dəfə artıb və on mini keçib.

 Yenixeber.org: Buna səbəb nədir? Vətəndaşların sosial məsafə qaydalarına əməl etməməsi, yoxsa, hökumətin daha öncə sərtləşdirdiyi qaydaları yumşaltması?

Martın 24-dən tətbiq edilən karantin rejimi aprelin 27-dən yumşaldılıb. Bəzi şəhər və rayonlarda gediş-gəliş bərpa olunub, mağazalar, kafe və restoranlar açılıb.

Azərbaycanın bəzi bölgələrində SMS icazə mayın əvvəlində ləğv edilib, restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunub, bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülüb, mayın sonunda isə iri ticarət mərkəzləri və "mollar" açılıb.

     

                       Restoranlarda stollar bir-birinə çox yaxındır və sosial məsafə gözlənilmir

Bakının mərkəzində bir çox restoranları açıq və müştəriylə dolu görmək olar. Digər tərəfdən isə, məsələn, Notariat kimi xidmətlərin qarşısında sosial məsafə gözləməyən müştəriləri görmək mümkündür.

Belə yerlərdə nəzarəti bu xidmətlərin özləri və ya polis tənzimləməli olduğu halda, onların binalarının qarşısında tənzimləyici işçilər gözə dəymir.

Müxbirimiz müşahidə edib ki, restoranlarda stollar bir-birinə çox yaxındır və sosial məsafə gözlənilmir.

           İyunun 14-nə olan məlumata görə, ölkədə aşkar edilən virusa yoluxma sayı 10 minə yaxınlaşıb, aktiv xəstələrin sayı isə artıq 4 mini ötüb.

İyunun 15-nə olan məlumata görə, ölkədə aşkar edilən virusa yoluxma sayı 10 mindən çoxdur, aktiv xəstələrin sayı isə 4500-ə yaxınlaşıb.

Koronavirusdan ölənlərin sayında da artım müşahidə edilir. COVİD-19-dan ölüm halı marta ayında bir neçə nəfər idi, bu gün isə artıq 100-ü keçib.

                                                    Vətəndaş günahkardırmı?

Prezident İlham Əliyev virusun yayılmasında vətəndaşları günahlandırıb. O may ayında bildirmişdi ki, yoluxma halı azalandan sonra yenidən artması "vətəndaşların məsuliyyətsizliyindən" doğur.

Prezident hesab edir ki, aprelin 27-dən karantin rejiminin yumşaldılması əks nəticə verib və yoluxanların sayı artmağa başlayıb.

"Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar", - İlham Əliyev deyib.

                                               Yoluxanlar "daha çoxdur"

Tibbi təhlilçi Adil Qeybulla isə hesab edir ki, yoluxmaların sayında artımın səbəbi həm qaydaların hazırlıqsız yumşaldılması, həm də insanların davranışıdır.

Onun fikrincə, vətəndaşlar "məsuliyyətsizlik göstəriblər və küçələrdə maskasız, məsafə gözləmədən hərəkət edib, bir-biri ilə ünsiyyətdə olublar, heç bir karantin qaydalarını gözləmədən hərəkət ediblər".

Tibbi təhlilçi hesab edir ki, Azərbaycanda yoluxanların sayı daha çoxdur və yaxın həftələrdə bu aşkara çıxacaq.

"Bu qədər ünsiyyətlə mümkün deyil", o deyir.

Adil Qeybulla deyir ki, kafelərin, restoranların, mağazaların açılmasında yanlışlıq olsa da, vətəndaşlar özləri bunu "tənzimləməli idilər".

"Niyə sosial məsafə gözləmirlər, maska taxmırlar, dezinfeksiya tədbirlərinə əməl etmirlər? Axı hər bir adam təkcə öz həyatını deyil ətrafdakıların da həyatını sual altında qoyur".

O həm də qeyd edir ki, virusla bağlı təlimatlar olmalı idi.

"Ticarət mərkəzlərinə icazə verilib. 30 kvadrat metrlik bir mağazaya 20 adam girir, satıcı maskasız, camaat maskasız, girişdə dezinfeksiyaedici məhlul yox, paltarlara çox adam əl vurur. Belə olmaz. 30 kvadrat metrlik ərazidə satıcılarla birgə maksimum 8 adam olmalıdır, 9-cu adam ora girə bilməz. Belə normativlər olmalıdır", o deyir.

Milli Məclis müvafiq qanuna edilən dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq məcburi hala gətirilib.

                                             İqtisadi təminat

Siyasi şərhçi Alya Yaqublu deyir ki, yoluxma sayının artırılmasında karantin rejiminin yumşaldılmasının rolu var.

Onun sözlərinə görə, bu yumşaldılmalar insanların yenidən iş yerlərinə qayıtmasına və toplaşmasına səbəb oldu və insanlar "təhlükənin ötüşdüyünü düşündü".

"Hakimiyyət insanların iqtisadi baxımdan problemlərini ödəmək əvəzinə, karantin qaydalarını yumşaltmaqla ölkənin yenidən təhlükəli vəziyyətə gəlib çıxmasına səbəb oldu", o deyir.

Alya Yaqublu hesab edir ki, insanlara maska satmaq yox, onları maska ilə təmin etmək lazım idi.

                                                 "Polis sosial məsafəyə nəzarət edir"

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov BBC News Azərbaycancaya deyib ki, maska taxmayanlar cərimələnirlər.

Cənab Zahidov polisin bu işə ciddi nəzarət etdiyini bildirib. "Çıxın şəhərə, bir kəs də yoxdur, hər kəs karantinə riayət edir," - o deyib. Amma, xüsusilə əhalinin sıx olduğu yerlərdə maskadan istifadə edilmədiyi halda polis vəziyyətə nəzarət edirmi, sualına Ehsan Zahidov istirahət günü olduğunu əsas gətirərək cavab verməyib.

İctimai nəqliyyatda, qapalı yerlərdə maskadan istifadə məcburi olsa da, BBC Azərbaycanca müxbirləri Bakıda buna çoxlarının əməl etməməsini müşahidə edib. Bakı metrolarına sərnişinlər maskasız buraxılmasalar da, şəhərdaxili avtobuslarda həm sıxlıq müşahidə edilir, həm də bəzi vətəndaşlar maskasız olurlar.

                                                     Maska harada taxılmalıdır?

Baş Nazir Əli Əsədovun mayın 29-da imzaladığı qərara görə insanlar arasında sosial məsafə 1,5-2 metr olmalıdır və tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni tibbi maska, parça maska, respirator və sair istifadə edilməlidir. Bundan başqa aşağıdakı məkanlarda maska mütləq taxılmalıdır:

• Avtobus, taksi, metro, dəmiryolu və digər nəqliyyat vasitələrində

• bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində,

• dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə,

• fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində

• açıq sahəli ofislərdə və istehsalat yerlərində

• tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə

• ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə

• insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda maskadan istifadə olunmalıdır.

Qərarda o da qeyd olunur ki, maskadan istifadə COVID-19 infeksiyasına qarşı digər qoruyucu tədbirləri, yəni gigiyena, sosial məsafə və s. əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

İnzibati Xətalar Məcəlləsinə görə, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam