Yenixeber.org: 1990-ların əvvəlindən bəri içəridən və yaxından izlədiyim islamçıların dini siyasətə bu qədər alət etdiyinə heç vaxt indiki kimi şahid olmadım. Həm də 18 ildən bəri təkbaşına iqtidarda olmalarına baxmayaraq.
Türkiyə islamçılarının siyasi lideri Nəcməddin Ərbakan 28 iyun 1997-ci ildə ordunun təzyiqiylə baş nazir vəzfəsindən istefa vermək məcburiyyətində qalmasına və 6 aydan sonra partiyasının Konstitusiya Məhkəməsi tərəfindən bağlanaraq özünün də siyasi yasaqlı durumuna düşməsinə baxmayaraq, qanunların qarşısında müdafiədən başqa heç bir şey düşünmədən hüquqşünasları başına toplayıb məhkəmələrə hazırlaşmışdı. AKP isə içindən çıxdığı Refah Partiyasının 180 dərəcə əksinə siyasət izləyir.
Əvvəlki yazılarımızda 18 ldən bəri Türkiyəni idarə edən bir partiyanın öz tərəfdarlarını konsolidə halda saxlamaq üçün daim “hərbi çevriliş təhlükəsi”ni gündəm tutmasından bəhs etmişdik.
Açıq görünür ki, 2007-ci ildən bəri medianı öz nəzarətinə alma əməliyyatları keçirərək hazırda 95%-ni öz nəzarəti altına almasına baxmayaraq, 10 milyard dollar xərclənmiş medianın qeydsiz-şərtsiz dəstəyinin ictimai dəstəyə transformasiya səviyyəsindən AKP qətiyyən məmnun deyil.
“Yandaş media xoru”nun iqtidar partiyasının reytinqini nəinki yüksəltmək, əksinə, aşağıya salmağa xidmət etdiyini hamı gördüyü kimi iqtidar partiyasının “Trol ordusu” isə cəmiyyətdəki qarşıdurmanı yüksəldərək kin-nifrət sobasına odun atmağa davam edir.
“CHP-nin nəzarətində olan medianın cəmiyyətdə kifayət qədər təsirli olduğunu” cənab Ərdoğanın özü etiraf edir.
Bütün bunlar dərdə dərman olmayınca müraciət ediləcək ən qədim ünvan yenidən tədavülə daxil olur: dinimiz. Və nə qədər qəribə olsa da dinlə əlaqədar olan ən xırda hadisəyə belə Türkiyə Cümhuriyyəti dövlətinin başçısı da reaksiya verməyə sanki özünü borclu hesab edir. Bunun son örnəyini İzmirdə gördük.
Bəri başdan deyək ki, illərdən bəri bütün gücünü sərf etməsinə baxmayaraq, AKP İzmir bələdiyyəsini ələ keçirə bilmədi. Ona görə 18 ilin iqtidar partiyasının gözündə bu şəhər hələ də “müsəlman” ola bilməyib “kafir İzmir” kimi qalmağa davam edir.
Bir neçə gün əvvəl İzmirdəki məscidlərdən birinin səs gücləndiricisindən İkinci Dünya Müharibəsi illərində italiyalı partizanların oxuduğu “Bella Ciao” mahnısının (Türkiyədə inqilabçı Grup Yorum orkestri 1988-də türkcə səsləndirib) səsləndirildiyi məlum olub.
İzmirin CHP-dən olan bələdiyyə sədri Tunç Soyer bu mahnını özünün simvolu elan edib. Mahnını sosial mediadan götürərək paylaşan CHP İzmir vilayət təşkilatı sədrinin keçmiş müavini Banu Özdemir tələm-tələsik həbs edildi.
AKP sədrinin müavini, İzmir millət vəkili Həmzə Dağ mahnının məscidin meqafonundan səsləndirilməsinin İzmirin bələdyyə sədri Tunç Soyer tərəfindən təşkil edildiyinə eyham vurdu.
Başda prezident Ərdoğan olmaqla Məclis sədri, nazirlər, iqtidar partiyasının millət vəkilləri də ümumilikdə ana müxalfət partiyasını suçlayan açıqlamalar verincə atmosfer daha da gərginləşdi.
CHP lideri Kamal Kılıçdaroğlunun partiyanın mətbuat katibi Faik Öztrakın, CHP-nin İzmir millət vəkillərinin də bu hadisəyə sərt reaksiya göstərmələrinə baxmayaraq, AKP tərəfdarları bunun “dinsiz CHP tərəfindən dinə qarşı edilən növbəti hücum” olduğuna inandırıldılar.
Elə isə bundan sonra nə olacaq? Əgər AKP 5-10-15 il əvvəl olduğu kimi ictimai rəy sorğularının nəticələrinə önəm verməyə davam edirsə, İzmirdəki məscidin meqafonundan “Bella Ciao” mahnısının səsləndirilməsində günahı ana müxalfət partiyasının üzərinə atmağın reytinqə nə dərəcədə təsir edib-etmədiyini yoxlayacaq.
Reytinq yüksəlibsə bundan sonra “Bella Ciao” səpkili hadisələrə tez-tez şahid olacağıq. Yüksəlməyibsə, bundan sonra hadisələrin mənşəyini müəyyənləşdirmədən ana müxalfət partiyasına hücum etmək barədə iki dəfə düşünüləcək.
Bəs “Bella Ciao” hadisəsi üzərindən ana müxalifətə hücumu iqtidar partiyası tərəfdarlarının bir qismi inandırıcı görməsə?
Bax, AKP üçün əsl narahatlıq o nöqtədədir… (turan)