TÜRKİYƏNİN “KİÇİK ƏRBAKAN”I BÜLƏNT ARINÇ:"Abdullah Güllə Davudoğlunun hərəkəti əfv ediləcək hal deyil..."
Türkiyə Böyük Millət Məclisinin sabiq başqanı, Ərdoğanın Baş nazir olduğu dönəmlərdə onun müavini olmuş Bülənt Arınç hazırkı iqtidar partiyası olan AKP-dən qopan sabiq prezident Abdullah Güllə sabiq baş nazir Əhməd Davudoğlunun yeni partiya quracaqları xəbərlərinə reaksiya verib.
Yenixeber.org: Türkiyə mətbuatı bildirir ki, Bülənt Arınç bunun əsla əfv etməyəcəyi bir hal olduğunu deyib: “AKP-nin qarşısında bir başqa partiya qurub, ona qarşı mübarizə aparmaları əfv edilən məsələ deyil. Mənə bu yaşımda böyük şərəf yaşadan partiyaya, onun lideri cənab Ərdoğana bağlı olmaqdan başqa seçimim yoxdur. Və mən bu şərəfi qürurla daşıyacağam”.
40 ildən çox siyasətdə olduğunu deyən TBMM-nin sabiq başqanı bildirib ki, 20 il fasiləsiz deputat olub: “5 il TBMM-yə rəhbərlik etdim, 6,5 il hökumət sözçüsü və Baş nazirin müavini vəzifəsində oldum. Aktiv siyasətdən çəkildikdən sonra bütün dostlarım gələcək düşüncələrimi soruşdu, xatirələrimlə maraqlandılar. Mənim də bunları yazacaq vaxtım olmadı. Ona görə, mən danışdım və bütün bunlar “Kiçik Ərbakan” kitabımda yerini aldı”.
Həyatından bəhs edən kitabın niyə belə adlanmasına isə Bülənt Arınç belə cavab verib: “Çünki mən xitabları ilə, səlis ifadə tərzi ilə məşhurlaşmış insanam. Gəncliyimdən bəri mənim də çıxışlarım, ifadə tərzim Nəcməddin Ərbakanın çıxışlarına bənzəyib. Ona görə çox yerdə mənə “Kiçik Ərbakan” deyənlər olub. Ona görə kitabımın adı belə alındı”.
Hazırda aktiv siyasətdə olmadığını təkrarlayan Bülənt Arınç deyib ki, əslində o, siyasəti deyil, siyasət onu buraxıb: “Mən siyasətin aktiv olan sahəsində yoxam, çəkildim. İndi də AKP-nin bir mənsubu olaraq, zərurət yarandığı halda, danışıram. İndisə mən yaxşı bildiyim başqa işi görürəm. Əslində, mən yaxşı hüquqşünasam, bununla fəxr edirəm. Və hüquqşünas kimi də hüquq üzrə məsləhətlər verirəm”.
Sonda Bülənt Arınç sabiq prezident Abdulla Güllə keçmiş baş nazir Əhməd Davudoğlunun yeni partiya qürumaları haqda xəbərlərə də toxunub: “Yenə deyirəm, mən AKP-çiyəm. AKP-li olaraq da davam edəcəm”.(Strateq.az)