Yenixeber.org: Ötən ilin sonlarında Çinin Uhan şəhərində ortaya çıxan və sürətlə dünyada yayılmağa başlayan koronavirus infeksiyası bütün fəaliyyət sahələrini iflic vəziyyətinə salıb. Dünya son 100 ilin ən təhlükəli epidemiyası ilə mübarizə aparır. Hazırkı böhranın daha sərt olacağını proqnozlaşdırmaq elə də çətin deyil. Çünki müxtəlif dövlətlərdə iqtisadiyyatın bir çox sektorları dondurulub. İnkişaf etmiş ölkələrdə karantin müddətinin ən pis halda ilin sonunadək davam edəcəyi gözlənilir. Ölkələr arasında səyahətlərin 2021-ci ilin əvvəlində mümkün olacağı düşünülür.
Koronavirusun idmana vurduğu zərbədən çıxış yolu
Təbii ki, koronavirusun mənfi təsirinin ən çox hiss edildiyi sahələrdən biri də idmandır. Dünyada, demək olar ki, bütün idman növləri üzrə beynəlxalq və daxili yarışlar təxirə salınıb, bəziləri məcburiyyətdən ləğv olunub. 2020-ci ilin ən böyük iki idman hadisəsi – Azərbaycanın paytaxtı Bakı da daxil olmaqla, 12 şəhərdə təşkili planlaşdırılan futbol üzrə Avropa çempionatı və Tokio-2020 Yay Olimpiya Oyunları pandemiyanın geniş yayılması səbəbindən növbəti ilə keçirilib. “Formula-1” üzrə dünya çempionatının bu il baş tutub-tutmayacağı sual altındadır. Bir sözlə, idman hələ ki, arzuolunmaz virusa “uduzur”.
Amma planetdəki həyat dayanmır sadəcə yenilənir. Yarışların təxirə salındığı vaxtda idmansevərlər tələbətlarını müxtəlif yollarla qarşılamağa çalışırlar. Bəziləri keçmişdə olan maraqlı idman qarşılaşmalarına, futbol matçlarına baxır, bəziləri isə onlayn turnirləri izləməklə boşluğu doldurmağa çalışır. Yeri gəlmişkən, koronavirus pandemiyasının müsbət təsir göstərdiyi tək-tük sahələrdən biri məhz kiberidmandır. Dünyanın bir çox ölkəsində karantin rejimi, fövqəladə vəziyyət elan olunub. İnsanlar evdən çölə çıxa bilmirlər. Belə olan halda idman azarkeşləri yeni məşğuliyyətlər, əyləncəli vaxt keçirmək üçün maraqlı üsullar axtarırlar. Bu imkanı isə insanlara məhz kiberidman təqdim edir.
Hərçənd, bu idman növündə də koronavirusa yoluxma halı baş verib. "Apex Legends" kiber oyunu üzrə "Team Liquid" komandasının üzvü Brenden Kasper Marinonun koronavirus testinin nəticəsi müsbət çıxıb. 27 yaşlı oyunçu bunu hələ martın 25-də açıqlamışdı. O, həmin vaxt 8 - 10 gündən sonra özünü daha yaxşı hiss edəcəyini, amma hələlik 2 həftə öz otağında oturmalı olacağını vurğulamışdı.
Brenden Kasper Marino karyerası ərzində 5 min dollar udub. O, kiberidman üzrə koronavirusa yoluxan ilk oyunçudur.
Neymarın anası kiberidmanı necə təbliğ etdi?
Pandemiya səbəbindən oflayn turnirlər ləğv olunsa da, onlayn yarışların sayı artıb. İnsanlar evlərində oturmaqla həmin turnirlərdə iştirak edə və ya maraqlı qarşılaşmaları tamaşaçı qismində izləyə bilirlər. Son vaxtlar dünyada kiberidmanın rolu onsuz da artmaqda idi. Koronavirusa görə yaranmış mövcud vəziyyət isə bu idman növünün qarşısında yeni imkanlar açdı. Belə demək olarsa, pandemiya kiberidman üçün bir növ pulsuz piar oldu. Aydın məsələdir ki, bu sahəyə yeni auditoriya axını baş verib və proses ən azı cari ilin sonunadək davam edəcək. Bir sözlə, kiberidman çoxlu sayda yeni azarkeş qazanacaq. Bu isə öz növbəsində daha çox gəlir imkanı deməkdir.
Bu yaxınlarda dünya mətbuatında Fransanın PSJ klubunun futbolçusu Neymarın anası Nadin Qonsalvesin 23 yaşlı model Tyaqo Ramosla sevgili olması barədə xəbərlər yayıldı. Ramos Braziliyanın ən məşhur kiberidmançılarındandır. O, “4K Easy Game” komandasının mobil qurğularda “Free Fire” oyunu üzrə aparıcı üzvlərindən biridir. Neymarın anasının isə “Instagram”da 1,5 milyondan çox izləyicisi var. İddiaya görə, Qonsalvesin özündən 29 yaş kiçik gənclə münasibətdə olması sırf kiberidman növünün təbliğatına xidmət edir. Neymar kimi futbolçunun anası ilə adının hallanması, PSJ-li ulduzun onların münasibətinə sosial şəbəkədə reaksiya verməsi artıq Tyaqo Ramos adlı bir kiberidmançının məşhurlaşması deməkdir.
AFFA və AİJF kiberidmanın inkişafına necə dəstək oldu?
Bütün dünyada olduğu kimi, son vaxtlar Azərbaycanda da kiberidman inkişaf etməkdədir. 2020-ci ilin yanvarında AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, ölkədə e-Milli komandanın yaradılması da buna əyani sübutdur. Eyni zamanda, Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) və Azərbaycan Kiberidman Federasiyasının (AzKİF) martın 3-də birgə təşkil etdiyi tədbiri də xatırlatmaq yerinə düşər. Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş yarış idman jurnalistləri arasında PES2020 üzrə ilk Azərbaycan çempionatı kimi tarixə düşdü.
Turnirin qalibi isə "CBC Sport"un əməkdaşı Məftun Rəsulzadə oldu. Finalda 4:3 hesablı qələbə ilə həm çempion adını, həm mükafat kimi qoyulan "PlayStation 4" qazanan gənc həmkarımız "Report"a açıqlamasında yarışın olduqca maraqlı alındığını bildirdi: “PES2020 üzrə ilk Azərbaycan çempionatında “CBC Sport” telekanalının bir neçə əməkdaşı iştirak etdi. Çox maraqlı çempionat oldu. Yarış bu il açılan “Nizami e-Sport Arena”da yüksək səviyyədə təşkil olunmuşdu. Çempionatın belə bir yerdə baş tutması ona əlavə maraq qatdı. Həmçinin idman mediasında uzun müddədtir görmədiyimiz insanlarla görüşdük, ünsiyyətdə olduq, gözəl vaxt keçirdik”.
Çempionluq təəssüratlarını bölüşən M.Rəsulzadə gələcəkdə digər idman növləri üzrə də kiberidman yarışlarının təşkil olunacağına ümid edir: “Çempionatda çox yaxşı rəqabət var idi. 5-6 saat ərzində olduqca gərgin və maraqlı mübarizə oldu. Sonda elə oldu ki, öz iş yoldaşım İbrahim Məmmədli ilə finala qaldım və həlledici qarşılaşmada qalib gəldim. Möhtəşəm hisslər idi. İndiyə qədər belə bir çempionatın keçirilməməsinə təəssüflənirəm. Ümid edirəm ki, bundan sonra belə turnirlər davamlı olacaq. Tək futbol yox, digər idman növləri üzrə də kiberidman yarışlarının keçiriləcəyinə inanıram. Çünki həqiqətən də çox maraqlı və yaxşı layihədir”.
AzKİF prezidenti: "UFC turniri keçirməyi düşünürük"
Azərbaycan Kiberidman Federasiyası (AzKİF) fəaliyyətə rəsmən 2007-ci ildə başlayıb. 2011-ci ildə isə bu qurum təsis olunub. AzKİF-in prezidenti Ramil Əliyevin "Report"a verdiyi məlumata görə, hər il müntəzəm olaraq kompüter oyunları üzrə Azərbaycan çempionatları keçirilir: “Bu, bizim Gənclər və İdman Nazirliyi ilə birgə layihəmizdir. Hazırkı məlum vəziyyətə görə ənənəvi idman yarışları dayandırıldığından, kiberidman ön plana çıxıb. Bir çox ölkədə kiberidmanı rəsmi idman növü kimi tanıyırlar. Kiberidman özündə çoxlu oyunu birləşdirir. Demək olar ki, bütün populyar idman növləri üzrə yarışlar keçiririk. Bugünlərdə FIFA20 üzrə rəsmi Azərbaycan çempionatı başlayacaq. Bundan əlavə, “Counter Strike” və “Dota 2” oyunları üzrə liqaları bərpa edirik. Beynəlxalq federasiyalar mövcuddur. Azərbaycan onların tamhüquqlu üzvüdür. Bizi həm beynəxalq, həm də digər milli federasiyalar yaxşı tanıyırlar. Çalışırıq ki, kiberidmanı peşəkar səviyyəyə qaldıraq”.
Federasiya prezidenti bildirdi ki, artıq dünyada media və idmançılar əsas diqqəti kiberidmana yönəldirlər: “İndi ayrı-ayrı növlər üzrə yarışlar keçirilir. Bu turnirlərin əhalinin bir çox hissəsini əhatə edəcəyi gözlənilir. Sirr deyil ki, uşaqlı-böyüklü hamı bu oyunları oynayır. Bu, artıq reallıq, trenddir. Kiberidmanı iki yerə bölmək olar: peşəkar və həvəskar növlər. Həvəskar səviyyədə hamı oynayır. Peşəkarların sayı isə azdır. Çünki kiberidmançıların qarşısına müəyyən tələblər qoyulur. Hər hansı nəticəyə nail olmaq üçün müəyyən addımlar atılmalıdır. Ənənəvi idman növlərində olduğu kimi, burada da peşəkar idmançılar mövcuddur. Hər bir oyunçu məşq edərək, peşəkar idmançıya çevrilə bilər”.
AzKİF rəhbəri real idman növlərindən dünyada daha çox futbol, velosiped, basketbol üzrə kiberturnirlər təşkil olunduğunu vurğuladı: “Bunların ən məşhuru futboldur, daha dəqiq desək FIFA və PES-dir. Burada müəllif hüquqları məsələsi var. Hər hansı federasiya öz idman növü üzrə kiberyarış keçirmək istəsə belə, əvvəlcə oyunun müəllifi ilə razılıq əldə olunmalıdır. Bu olmadan müəllif hüquqları pozula bilər. Əvvəlcə lisenziya məsələlərini həll edirik, daha sonra həmin oyun üzrə turnir keçiririk”.
R.Əliyevin sözlərinə görə, Azərbaycanda hələ ki boks, güləş, karate, taekvondo kimi döyüş növlərinin kiberoyunları üzrə yarışlar nəzərdə tutulmayıb: “Ona görə ki, döyüş oyun növlərindən bizdə ənənəvi olaraq “Tekken”, “Mortal Combat” və “Street Fighter” üzrə yarışlar keçirilir. Amma reallığa daha yaxın olan isə Mütləq Döyüş Çempionatı (UFC) oyunudur. Dünyada bu oyun üzrə də turnirlər keçirilir. Biz də bu barədə fikirləşirik. Bilirsiniz ki, hansısa yarışı keçirmək birdən-birə olmur. Burada lisenziya məsələsi var”.
Beynəlxalq Kiberidman Federasiyasının İdarə Heyətində də yer alan R.Əliyev bildirib ki, hansısa idman növləri üzrə oyunların hazırlanması onlardan asılı deyil: “Bazar iqtisadiyyatıdır. Öncə oyun istehsalçıları bu məsələ ilə maraqlanırlar. Onlar əvvəlcə bu oyuna tələbatın olub-olmamasına baxır, daha sonra onu hazırlayırlar. İnsanların hər hansı idman növü üzrə oyuna meylliliyi çoxdursa, gec-tez həmin oyun üzə çıxacaq”.
Avtomobil oyunları kiberidman səviyyəsində deyil
“Gaming League Azerbaijan” (GLA) təşkilatının Mətbuat katibi Kənan Quliyev isə bildirdi ki, koronavirus pandemiyası Azərbaycan kimi ölkələrdə kiberidmanın inkişafına təkan olub: “Ölkədə bu günə qədər kiberidmana ciddi idman növü kimi yanaşanların sayı az idi. Biz bunun üzərində işləyirik. İnsanlara bunun həqiqətən də idman növü olduğunu çatdırmağa çalışırıq. Kiberidman gələcəkdə kimlər üçünsə peşəyə, karyeraya çevirilə bilər. Hansı oyunu oynamağından asılı olmayaraq, bunu peşəkar səviyyədə bacarırsansa, artıq kiberidmançı sayılırsan. Kiberidmandan pul qazana, hətta məşhur ola bilərsən. Bir müddətdir bunu insanlara çatdırmağa çalışırdıq. Sadəcə, pandemiyaya görə işimiz bir az asanlaşıb. İnsanlar evdə oturub internetə bağlı qaldığı üçün kiberidmana daha çox fikir verməyə başlayıblar”.
Hazırda Azərbaycanda ən məşhur kiberidman növü futboldur. K.Quliyevin sözlərinə görə, son vaxtlar ölkədə daha bir neçə oyuna maraq artıb: “Bunlar “Counter Strike” (hazırda isə CS: GO – “Counter Strike: Global Offensive”), artıq istifadəçi sayı 2 milyona yaxınlaşan “PUBG Mobile” və “Point Blank” oyunlarıdır. Bizim millət güllə atmağı sevir. “Nizami Sports Arena”da müəyyən analizlər aparırıq ki, hansı oyunları bizdən daha çox tələb edirlər, hansı turnirlərin təşkil olunmasını istəyirlər. Biz bu statistikanı sosial şəbəkələrdə də aparırıq. Daimi səsvermələr keçirir, seçimlər qoyuruq. Bunun nəticəsinə əsasən deyirəm ki, az öncə sadaladığım oyunlara maraq daha böyükdür. Son vaxtlar “Dota 2” oyunu da ölkəmizdə məşhurlaşıb. Bu oyun üzrə 2019-cu ildəki sonuncu dünya çempionatının mükafat fondu 35 milyon ABŞ dolları olub”.
GLA rəsmisinin sözlərinə görə, döyüş növlərindən “Mortal Combat” Azərbaycanda hamının adını eşitdiyi, oynadığı oyundur. Amma ölkədə bu, hələ də peşəkar səviyyədə oynanılmır. Yalnız 1-2 oyunçu var ki, peşəkar səviyyədə bacarır. Bu gün dünyada avtomobil oyunları üzrə heç bir kiberidman formalaşmayıb. Düzdür, həmin oyunlar var. Onları kompüterə yazıb oynaya, mərhələləri keçə bilərsiniz. Amma onlar kiberidman səviyyəsində deyil”.
“Gaming League Azerbaijan”ın fəaliyyəti barədə danışan K.Quliyev Azərbaycan Kiberidman Federasiyasının təşkilata dəstək verdiyini söylədi: "Federasiya ilə təşkilat AFFA və PFL kimidir. Biz burada PFL rolunu oynayırıq, dövlətə bağlı kiberidman təşkilatıyıq. Federasiya isə kənardan bizə dəstək olur. Əsas işimiz kiberidman turnirləri keçirmək, kiberidmançılarla işləmək, onlarla müqavilə imzalamaqdır. Onların piarı ilə məşğul olur, inkişaf etdirib beynəlxalq arenaya çıxarılmasını təmin edirik".
Şeydayev - Koçuk, yoxsa Azərbaycan - Moldova?
Hazırda ölkədə futboldan əlavə, “PUBG Mobile” və şahmat üzrə onlayn yarışlar keçirilir. Artıq hər ikisində 2 turnir başa çatıb. K.Quliyevin sözlərinə görə, şahmat yarışında 32, “PUBG Mobile”də isə 100 nəfər iştirak edib: “Yaxın günlərdə “CS GO” kubokuna start veriləcək. Turnir ən azı 16 komandanın iştirakı ilə olacaq. Hər komandanın tərkibində 5 nəfər yer alacaq. Artıq hər şey hazırdır. Komandalar qeydiyyat prosesinin başlamasını gözləyirlər. Adətən qeydiyyat 1 gün davam edir, növbəti gün turnir başlayır. Bütün turnirlərin müəyyən məbləğdə mükafat fondu var”.
GLA-nın mətbuat katibi aprelin 20-də isə FİFA20 üzrə ilk rəsmi Azərbaycan çempionatının start götürəcəyini açıqladı: “34 gün davam edəcək turnirdə ən güclü 20 kiberidmançı iştirak edəcək. Yarış 38 turdan ibarət olacaq. Mövsümü ilk 8 pillədə başa vuran komandalar pley-offa vəsiqə qazanacaqlar. Bu mərhələnin qarşılaşmaları olimpiya sistemi ilə oynanılacaq. Rəqiblər bir-biriləri ilə 3 oyun (best of 3 sistemi) keçirəcəklər və 2 qələbəyə ən tez çatan kiberidmançı növbəti mərhələyə adlayacaq. Pley-off mərhələsində bütün rəqiblərinə qalib gələn 2 oyunçu sonda “Böyük final”da (Grand final) çempionu müəyyənləşdirəcək. Yarımfinalda uduzan komandalar isə 3-cü yer uğrunda matçda üz-üzə gələcəklər. “Böyük final” və bürünc medal görüşləri isə “Best of 5” sistemi ilə keçiriləcək. Yəni 5 oyundan 3-nü udan komanda qalib elan olunacaq”.
Sonda isə məlumat üçün onu da qeyd edək ki, aprelin 19-da Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə “Sabah”dan olan komanda yoldaşı, Moldova yığmasının yarımmüdafiəçisi Yevgeni Koçuk arasında PES2020 üzrə yoldaşlıq görüşü keçirilib. Hər oyunçu öz yığması ilə məharətini nümayiş etdirib. 2 oyundan ibarət duel legioner futbolçunun qələbəsi ilə başa çatıb – 1:0, 3:1.
Matçdan sonra R.Şeydayev təəssüratlarını bizimlə bölüşdü: “İki oyun keçirdik. Bərabərsəviyyəli qarşılaşmalar oldu. Mən video oyunlarını elə də yaxşı oynamıram. Çünki sevimli məşğuliyyətlərimdən deyil. Amma rəqib təmiz qələbə qazandı. Onu təbrik edirəm”.(report)