Yenixeber.org: İki ölkə jurnalistlərinin səfərləri məxfi şəraitdə və yüksək təhlükəsizlik tədbirləri şəraitində keçib.
Noyabr mübadiləsi 2001-ci ildən bəri bir ilkdir. Bu, beynəlxalq QHT-lərin iştirakı olmadan Bakı və Yerevanın təşkil etdiyi, özü də iki ölkənin rəsmi şəxslərinin yox, vətəndaşlarının səviyyəsində nadir təşəbbüsdür.
Bununla yanaşı, ATƏT-in səfərlərin nəticələrinə dair yekun bəyanatının yayınlanmasına Azərbaycan Xarici İşlər Nazirliyi mane olub, mənbə BBC-yə deyib.
Diplomatik nümayəndəliyin sözçüsü bəyanatın bloklanması ilə bağlı suala cavab verməyib.
Hakimiyyətin dəyişməsindən sonra
Jurnalistlərin mübadiləsi xarici işlər nazirlikləri ilə razılaşdırılmışdı, ATƏT isə vasitəçi idi.
Azərbaycan jurnalistləri Dağlıq Qarabağa da gedib. Onların burda qəbul edilməsinə tanınmamış respublikanın XİN-i cavabdeh olub.
Ölkələr arasında birbaşa əlaqə yoxdur. Ona görə də tranzit nöqtəsi kimi Tbilisi seçilib. Noyabrın 18-də burdan 3 erməni jurnalisti Bakıya uçub, 3 azərbaycanlı jurnalist isə Ermənistana və tanınmamış "Dağlıq Qarabağ Respublikası"na gedib.
Erməni nümayəndə heyətinin tərkibində DQR İctimai Televiziyasının nümayəndəsi də vardı. Hər iki tərəfdən yalnız kişilər iştirak edirdi.
Noyabrın 21-də - səfərin dördüncü günü jurnalistlər evə qayıtmazdan əvvəl Tbilisidə toplaşıblar. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik onlara səfərin nəticəsi ilə bağlı bəyanatı oxuyub.
Ancaq ATƏT həmin bəyanatı yaymayıb. Azərbaycan bəyanatın dərcini bloklayıb, diplomatik danışıqların detalları ilə tanış olan mənbə BBC Ruscaya bildirib.
Onlar prosesi şərh etmək səlahiyyətləri olmadığından anonimliyin qorunması şərtilə danışıblar.
Azərbaycan XİN-nin mətbuat katibi BBC-dən bəyanatın taleyi ilə bağlı sual alıb, amma ona cavab verməyib.
Bu yazı dərc olunan ana qədər ATƏT sorğumuzu cavablandırmayıb.
"Gözəl ölkə" və "gözəl şəhər"
Qarabağ münaqişəsinin ölçülərindən biri informasiya müharibəsi və trolçuluqdur və hər iki ölkənin millətçiləri qonşularına qarşı sivilizasiya üstünlüyünü müzakirə edirlər.
Bu fonda hər iki tərəfin jurnalistlərinin mətnləri və ifadələri daha təmkinlidir.
"Gözəl ölkədir. Biz Yerevanın göbəyində gəzirdik. Bu, normal, baxımlı şəhərdir", - səfərdə iştirak etmiş "Trend" informasiya agentliyinin baş redaktoru Elçin Vəliyev BBC-yə deyib.
Shant telekanalının əməkdaşı Artem Erkanyanın sözlərinə görə, Bakı son iyirmi ildə çox gözəlləşib və zənginləşib.
Hər iki qrup mühafizə altında səyahət edib. 3 erməni jurnalisti müxtəlif vaxtlarda 12-dən 40-a qədər mühafizəçi qoruyub, Erkanyan deyib.
Azərbaycan jurnalistlərinə də Ermənistanda mühafizə gərəyini onunla izah ediblər ki, "aprel döyüşlərində həlak olanlar arasında çoxlu Yerevan sakini olub". Söhbət 2016-cı ilin aprelində baş vermiş 4 günlük müharibədən gedir.
Tanınmamış DQR ictimai televiziyasının jurnalisti Edqar Elbakyan BBC-yə bildirib ki, onun üçün səfərin məqsədi "Azərbaycan mediasında oxuduğumuz şərhlərin və diskursun nə dərəcədə effektli və doğru olduğunu" anlamaq cəhdi idi.
Əfsanə və miflər "sterotiplərə" qarşı
Münaqişənin mahiyyətinə - Dağlıq Qarabağın statusuna gəldikdə - kompromis üçün torpaq çatışmazlığı ortaya çıxır.
Qarabağdakı həyat haqqında "Bakı qəribə miflər və əfsanələri rəhbər tutur", səfərdə iştirak edən Mediamax nəşrinin baş redaktoru David Alaverdyan deyir.
Erməni jurnalist öz reportajının sonunda bəyan edir ki, səfər yalnız onun inamını gücləndirib ki, "Artsax heç vaxt Azərbaycanın tərkibində ola bilməz".
Artsax - Qarabağın ermənicə adıdır.
"Ermənilərdə azərbaycanlılara münasibətdə güclü streotiplər var", 1news.az saytının müxbiri Elşən Rüstəmov yazır. O əlavə edir ki, Ermənistan Azərbaycan haqqında "təhrif edilmiş məlumatlar alır"
Yazısının sonunda Rüstəmov deyir ki, heç bir azərbaycanlı "Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt razılaşmaz".
Ancaq Shant-dan olan Erkanyan hesab edir ki, bu müzakirələr ikinci dərəcəlidir.
"Biz yeni suallar vermədik və yeni cavablar almadıq, - Erkanyan deyib.- Səfər faktının özü, onun cəmiyyətdə necə qəbul ediləcəyi daha çox vacibdir, nəinki söhbətin predmeti".
"Trend"dən Elçin Vəliyev danışır ki fikir ayrılığına baxmayaraq, səfərin sonunda jurnalistlər razılaşıblar ki, "hər iki tərəf sülh tərəfdarıdır".
Tanınmamış DQR-in İctimai Televiziyasından Elbakyan əlavə edir ki, sosial mediada təşəbbüs tənqid edilib.
Tənqidlərə cavab verən jurnalist bildirib ki, Ermənistanın milli maraqları üçün Azərbaycanı öyrənmək lazımdır.
Və o hesab edir ki, insani səviyyədə "humanitar əlaqələrin qurulması üçün tanışlıq, əlaqə mübadiləsi, Facebook-da yazışmalar vacibdir".
"Münaqişə gec-tez həll ediləcək, əbədi münaqişələr olmur, - Elbakyan deyir. - Onun nə cür, nə vaxt həll ediləcəyindən asılı olmayaraq, biz qonşuluqda yaşamalı olacağıq".
Xatırlatma
Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildən davam edir. SSRİ-nin dağılmasından sonra o, geniş miqyaslı müharibəyə çevrilib.
1994-cü ildə tərəflər arasında atəşkəs elan olunub.
Münaqişə nəticəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin böyük bir hissəsi, o cümlədən onu əhatə edən 7 Azərbaycan rayonu erməni nəzarətinə keçib.
Qarabağda münaqişənin tənzimlənməsi üçün danışıqlara ATƏT-in Minsk qrupu vasitəçilik edir. Onun həmtəsisçiləri Rusiya, Fransa və ABŞ-dandır.
Rəsmi diplomatiyadan başqa 1999, 2000 və 2001-ci illərdə hər iki tərəfdən jurnalistlərin qarşılıqlı səfərləri təşkil edilib.
2018-ci ilin mayında Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra Bakı və Yerevan arasında danışıqlar aktivləşib.
Ermənistanın baş naziri Nikol Paşinyanın və Azərbaycan prezidenti İlham Əliyevin görüşlərindən sonra münaqişə zonasında gərginliyin azalması müşahidə edilib.
İki ölkənin müdafiə nazirlikləri arasında rabitə kanalı qurulub və qarşıdurmaların sayı azalıb.(BBC)