Britaniya hökuməti və silahlı qüvvələri Əfqanıstanda və İraqda mülki şəxslərin Britaniya qoşunları tərəfindən öldürülməsini ört-basdır etməkdə ittiham olunub.
Yenixeber.org: Panorama proqramımız və Sunday Times qəzetinin apardığı araşdırma çərçivəsində müharibə cinayətlərinə dair etibarlı dəlil tapdıqlarını söyləyən 11 britaniyalı detektivlə söhbət edilib.
Məlumatlı mənbələr deyiblər ki, əsgərlər qətllərə görə mühakimə olunmalı idilər.
Müdafiə Nazirliyi (MN) ört-basdır edilmə halları barədə əsassız ittihamları rədd etdiyini bildirib.
Britaniya Xarici İşlər naziri Dominic Raab BBC-yə bildirib ki, "sübut-dəlili olan bütün iddialara baxılıb".
O deyib ki, iddia edilən hərbi cinayətlərinin araşdırılıb-araşdırılmaması qərarlarıyla bağlı "düzgün balans" müəyyən edilmişdir.
Yeni dəlili İraqın işğalı zamanı Britaniya qoşunları tərəfindən törədildiyi iddia edilən hərbi cinayətləri araşdıran İraq Tarixi İttihamlar Qrupu (IHAT) və Əfqanıstanda törədildiyi iddia edilən hərbi cinayətləri araşdıran Operation Northmoor heyəti ortaya qoyub.
IHAT-a 1000-dən çox iş təqdim etmiş hüquqşünas Phil Shiner İraqda müştərilər tapmaq üçün vasitəçilərə pul ödəməkdə ittiham olunub vəkillikdən məhrum edildikdən sonra hökümət IHAT və Operation Northmoor-u bağlamağı qərara alıb.
Lakin IHAT və Operation Northmoor-dan olan keçmiş dedektivlər deyiblər ki, cinayətlərin araşdırılmasını bağlamaq üçün Phil Shiner-in hərəkətlərindən bir bəhanə kimi istifadə olunub. IHAT və ya Operation Northmoor tərəfindən araşdırılan işlərin heç biri məhkəməyə gedib çıxmayıb.
"Müdafiə Nazirliyi buna tam zərurət yaranmayanadək və başqa çıxış yolu qalmayanadək istənilən rütbəli hərbçini mühakimə etmək niyyətində olmayıb", - bir İHAT dedektivi Panorama-ya deyib.
Başqa bir keçmiş dedektiv müharibə qurbanlarının ümidlərinin acınacaqlı tərzdə qırıldığını söyləyib: "Mən iyrənc sözünü işlədirəm. Və mən həmin ailələrin halına acıyıram, çünki ... onlar ədalətdən məhrum olunur. Bir britaniyalı kimi başını necə dik tuta bilərsən?".
"Panorama" hərbi cinayət törədildiyi iddia edilən bir neçə işə aid sübut-dəlilləri yenidən araşdırıb. İHAT tərəfindən araşdırılan belə hadisələrdən biri 2003-cü ildə Bəsrədə bir iraqlı polisin patrul keşiyi çəkən britaniyalı əsgər tərəfindən güllələnməsi olub.

Raid əl-Musavi ailəsinə məxsus evi tərk edib küçəyə çıxdığı zaman vurulub və aldığı yaralardan bir az sonra ölüb.
Bu hadisə o zaman britaniyalı əsgərin komandiri, mayor Christopher Suss-Francksen tərəfindən araşdırıldı.
24 saat ərzində mayor Suss-Francksen atışmanın qanuni olduğu qənaətinə gəldi, çünki İraq polisinin əməkdaşı birinci atəş açıb və əsgər özünü müdafiə edib.
Məruzədə başqa bir britaniyalı əsgərin atışmanı gördüyü və birinci atəşi iraqlının açdığını təsdiqlədiyi deyilib.
İHAT dedektivləri bu işi iki il ərzində araşdırıblar və iddia edildiyi kimi atışmanın şahidi olmuş əsgər də daxil olmaqla 80 britaniyalı əsgəri sorğu-sual ediblər. Lakin həmin əsgər dedektivlərə xiyabanda olmadığını söyləyib.
İHAT-a verdiyi açıqlamada həmin əsgər mayor Suss-Francksen-in hesabatına aşkar tərzdə zidd olan məlumat bildirib: "Bu hesabat səhvdir və mənim həmin hadisənin şahidi olduğum təsəvvürünü yaradır. Bu, doğru deyil."

Həmin əsgər yalnız bir atəş səsi eşitdiyini söyləyib, bu isə polisin heç atəş açmadığından xəbər verir. Bunu İHAT-ın sorğu-sual etdiyi digər şahidlər də təsdiqləyiblər.
Detektivlər Raidi güllələyən əsgərin İraq polis zabitini öldürdüyünə görə mühakimə olunmalı və mayor Suss-Francksen-ə baş verənləri ört-basdır etdiyinə görə ittiham irəli sürülməli olduğu qənaətinə gəliblər.
Lakin hərbi prokurorlar heç kəsi məhkəməyə verməyiblər.
Mayor Suss-Francksen-in vəkili deyib: "Mənim müştərim IHAT materialını görməyib və İHAT təhqiqatçıları tərəfindən toplanmış dəlillərin keyfiyyəti və etibarlılığına dair və ya bunun Britaniya qanunvericiliyi çərçivəsində hər hansı bir əsgərin mühakimə olunmasını təmin etmək üçün nəyə görə yetərli olmamasına dair hər hansı bir şərh vermək iqtidarında deyil".
2014-cü ildə hökumət tərəfindən təsis olunmuş Operation Northmoor qanunsuz olduğu iddia edilən 52 qətl hadisəsinə baxıb.
Kral Hərbi Polis detektivləri əsas əfqan şahidləriylə görüşüb danışmaq imkanını hələ heç əldə etməmiş hökümət onun bağlandığını elan edib.
Bir Northmoor detektivi deyib: "Mən hər iki tərəflə danışana qədər işimi bitmiş hesab etmərəm. Əgər siz bir işi bitirəndə əldə etdiyiniz yalnız Britaniya tərəfinin ifadələridirsə, onda bu, necə istintaq olur?"
"Düşünürəm ki, bu ölüm hadisələrinin hər biri araşdırılmalıdır və müvafiq məhkəmə prosesi keçirilməlidir."
Müdafiə Nazirliyi hərbi əməliyyatların qanuna uyğun aparıldığını və iddiaların ətraflı araşdırıldığını söyləyib.
"İstintaq və məhkəməyə vermək qərarları Müdafiə Nazirliyindən düzgün olaraq müstəqildir və kənar nəzarəti və hüquqi məsləhəti də nəzərdə tutur", - sözçü BBC-yə deyib.
"Sözügedən işlərə diqqətlə baxıldıqdan sonra müstəqil Xidmət Prokurorluğu məhkəmə açmamaq qərarına gəlib".
"BBC-nin iddiaları ittihamların nəzərdən keçirilməsinə həmişə hazır olan Xidmət Polisinə və Xidmət Prokurorluğuna ötürülüb".
Bazar günü BBC-nin Andrew Marr Show verilişində ittihamlar barədə suallara cavab verən Dominic Raab deyib ki, Britaniya "səhv olduğu yerlərdə cavabdehlik daşımaq istəyir".
Britaniyanın xarici işlər naziri Dominic Raab BBC-yə bildirib ki, Britaniya silahlı qüvvələrindəki prokurorluq orqanları "ən ciddi qurumlardan biridir".

O deyib: "Biz tamamilə düzgün olaraq uzun illər boyu ölkəsinə xidmət edən insanların üzərində saxta və ya sübutsuz iddialara görə şübhə kölgəsinin düşməyəcəyini, başı üstündə şübhə buludunun yaranmayacağını təmin edirik - və bu işdə düzgün balans təmin etmişik".
Dominic Raab bu iddiaların onun üçün yeni olub-olmadığının şərhindən imtina edib və Britaniya silahlı qüvvələrində "dünyanın ən sərt" prokurorluq orqanlarının olduğunu söyləyib.
Bu arada IHAT tərəfindən işləri araşdırılmış bir neçə əsgəri təmsil edən bir vəkil hərbi cinayət iddialarını "qüsurlu, əsassız və qərəzli" kimi rədd edib.
Hilary Meredith Solicitors şirkətinin rəhbəri Hilary Meredith bu iddiaları "cəsur hərbçilərimizə qarşı heç bir etibarlılığı olmayan əcinnə ovu" adlandırıb.
O əlavə edib: "Saysız-hesabsız saxta iddiaları hazırlayan vəkil Phil Shiner vəkil vəzifəsindən əsaslı olaraq məhrum edilib - o, Britaniya əsgərlərinin hərəkətləriylə bağlı yalan şahid ifadələrinə görə saxtakarlıq da daxil ittihamlar əsasında təqsirli bilinib".