Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

“AZƏRBAYCAN QƏZƏBLİDİR, AMMA BİZ DƏ QƏZƏBLİYİK...” -Kremlin təbliğatında anti-Azərbaycan isterikası bütün cizgiləri aşır

Moskvanın vaxtilə üzdə “strateji tərəfdaş” adlandırdığı Azərbaycana qarşı çirkin niyyətlərinin olduğu ortaya çıxır

Ukraynada 1milyon insanını güdaza verən Kreml Bakı ilə 13 nəfərin “davasını aparır”?

“Azərbaycan tərəfində müəyyən qəzəb var, amma bizim tərəfimizdən də qəzəb var, çünki bilirik ki, Azərbaycanda hazırda 13 Rusiya vətəndaşı saxlanılır. Hazırda səfirliyimiz çalışır ki, həmin insanlar ən qısa zamanda vətənə, öz vətənlərinə qayıtsınlar. Bu, bizi maraqlandıran məsələlərdir, biz daimi Bakı ilə təmasdayıq”.

Yenixeber.org: Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

O deyib ki, Bakı ilə Moskva arasında iqtisadi əlaqələr inkişaf edir və heç kim onları pozmaqda maraqlı deyil.

Jurnalistin Azərbaycanda Rusiya mədəniyyət və incəsənət tədbirlərinin, konsertlərinin ləğvi ilə bağlı sualına cavabında isə Overçuk deyib ki, "bu o qədər də vacib deyil, ən əsası orada saxlanılan bizim insanlardır, xüsusən də jurnalistlərdir".

Əslində, həmin “jurnalistlər”in burada nə işlə məşğul olduğu aydın məsələdir, ancaq bu, başqa bir söhbətin mövzusudur…

Overçukla paralel olaraq, Rusiya XİN sözçüsü Mariya Zaxarova da Bakıda Rusiya vətəndaşlarının saxlanmasından “dərin narahatlığını” ifadə edib: “Moskva Bakı ilə münasibətlərin sürətlə normallaşmasına ümid edir və Azərbaycanın Rusiya vətəndaşlarını azad etməsi bu prosesi asanlaşdırar. Hazırda Azərbaycanla ikitərəfli münasibətlər, yumşaq desək, çətin mərhələdədir. Rusiya bunun uzanmamasını təmin etmək əzmindədir. Biz tezliklə normallaşmaya ümid edirik. Bu yolda mühüm addım Rusiya vətəndaşlarının azadlığa buraxılması olardı...".

Yəni, belə çıxır ki, Rusiya bu gün Azərbyacanla, guya, özünün 13 vətəndaşının davasını aparır?

Əvvala, bu şəxslər konkret cinayət faktına görə həbsə alınıb. Bununla bağlı rəsmi məlumat da açıqlanıb. Rusiya da zəhmət çəkib istintaqın nəticələrini və məhkəmənin hökmünü gözləməlidir…

İkincisi, Rusiya heç də insan həyatına önəm və qiymət verən dövlətə oxşamır. “Əsas bizim oradakı insanlardır” fikrini Ukraynada bir gündə yüzlərlə, bəzənsə mindən çox vətəndaşını “ət maşınına” göndərən, mənasız işğalçılıq müharibəsində artıq 1 milyona yaxın insanını gözünü qırpmadan yaralı və ölü olaraq itirən dövlətin rəsmisi deyir. Yəni, 1 milyonunu Ukrayna bataqlıqlarında itirən və itirməkdə davam edən Rusiya 13 nəfərə görə yaxasını cırır. Bu açıqlamaların səmimiliyinə kim inanar? Rusiya hakimiyyəti üçün nə vaxtdan insan həyatı dəyər qazanıb?

Davanın 13 nəfər davası yox, Qafqazdakı nüfuz itkisi, “parçala idarə et” - çirkin imperiya siyasətinin iflasının davası olduğu gün kimi aydındır. Overçukun dediyi kimi, “ən əsası insanlardır”sa, o zaman Rusiyanın vurduğu AZAL təyyarəsindəki insanlar, yaxud azərbaycanlı olduqları üçün Yekaterinburqda vəhşicəsinə, heç bir məhkəmə, sənəd-sübut olmadan “cinayətkar” damğası vurularaq döyülüb öldürülən, evlərinə basqın edilən, təhqir və həbs olunanlar insan deyil?



Əgər Rusiya həqiqətən də Zaxarovanın dediyi kimi, Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirdisə, o zaman bütün hüquq, ədalət, mənəvi kriteriyalardan, nəhayət, qonşuluq və “strateji tərəfdaşlıq” anlayışından çıxış edərək, çox sadə bir şey etməli idi: Təyyarəmizin vurulmasına görə günahı etiraf etmək, üzr istəmək, günahkarları müəyyən edib cəzalandırmaq və kompensasiya ödəmək. Ağlı, mədəniyyəti, əxlaqı, ləyaqəti olan dövlət və hakimiyyət məhz bunu edərdi. Bununla Rusiyanın “üzüyünün qaşı düşməzdi”. Amma yox, yuxarıda sadalanan keyfiyyətlərin heç birini görmürük. Yekəxanalıq, təkəbbürlülük, digər xalqlara yuxarıdan aşağı baxmaq, imperiyaçılıq, şovinizm, millətçilik mərəzləri Putin Rusiyasına bu cür normal, sivil addımlar atmağa imkan vermədi və vermir!

Əksinə, ədaləti və öz haqqını tələb edən Azərbaycandan Rusiyadakı azərbaycanlılara qarşı çirkin təqib, təzyiq və təhdidlər vasitəsilə heyf çıxılır. Üfunət saçan Kreml təbliğatçılarının ağzı ilə Azərbaycana olmazın təhqir və təhdidlər yağdırılır. “Böyük Rusiya” kiçik Azərbaycanla bu cür düşmənçilik etməyi özünə yaraşdıracaq qədər rəzil və çürük durumda olduğunu etiraf edir. Vəziyyət o yerə çatıb ki, Rusiya “Z blogerləri” və bir çox xarici hərbi analitiklər “Rusiya ilə Azərbaycan arasında müharibə başlasa, tərəflər hansı hərbi gücə malikdir” kimi müzakirələr açırlar. Hətta hərbi potensiallar müqayisə edilir, döyüşlərin hansı bölgələrdə gedə biləcəyi, nə qədər davam edəcəyi, Türkiyənin, İsrailin hansı dəstəyi göstərəcəyi kimi müzakirələr aparılır.

Budur “dahi strateq Putin”in rəhbərliyindəki Rusiyanın bu gün öz yaxın qonşusu ilə münasibətləri gətirib çıxardığı səviyyə. Elə bu “dahiliyin” nəticəsidir ki, Rusiya onunla qonşu olan 18 ölkədən cəmi 3-ü(!) ilə - Şimali Koreya, Monqolustan və Belarusla hələlik məlum səbəblərdən nisbətən normal münasibətlərə malikdir. Qalan 15 qonşu ölkə və xalq Rusiya siyasi elitası və təbliğatı tərəfindən “düşmən” elan olunub.

Bütün bunları göz önünə alanda Zaxarovanın “normallaşma çağırışları” mənasız görünür. Çünki nə onun özü, nə də rəhbərləri bu çağırışlarda səmimi deyillər. Təəssüf ki, hadisələrin gedişi “artıq gecdir” deməyə əsas verir. Artıq çoxdan vicdan, ədalət, əxlaq anlayışını, son zamanlar isə başını da itirmiş Rusiya hakimiyyətində, Kreml təbliğatında anti-Azərbaycan isterikası bütün cizgiləri aşıb və geriyə dönüş olduqca çətin görünür.

Azərbaycana qarşı nifrət, kin-küdurət səviyyəsi o həddə çatıb ki, Şuşa forumunda iştirak edən Rusiya siyasi isteblişmentinə aid olan şəxslər hazırda açıq şəkildə Kreml tərəfindən linç edilir.

Son olaraq, məşhur jurnalist, TASS informasiya agentliyinin direktor müavini Mixail Qusmanın Şuşa forumunda iştirakına görə vəzifəsindən azad edilməsi mənəvi, əxlaqi, siyasi cəhətdən çökmüş Rusiyanın necə rəzil bir zümrə tərəfindən idarə olunduğunu bir daha göstərmiş oldu. Bir daha göstərmiş oldu ki, artıq bütün maskalar atılıb və Kremlin vaxtilə üzdə “strateji tərəfdaş” adlandırdığı Azərbaycana qarşı olduqca çirkin niyyətləri var…(Azpolitika)

Cəlal Məmmədli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam