Rusiya Azərbaycana qarşı –Təbliğat maşını işə düşüb

İlham Əliyev: “Təəssüf ki, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil”
Yenixeber.org: Azərbaycan AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırma çərçivəsində beynəlxalq ədalət sisteminə müraciət etməyi planlaşdırır. Bu barədə Prezident İlham Əliyev Xankəndidə keçirilən III Qlobal Media Forumu çərçivəsində forum iştirakçıları ilə görüş zamanı bildirib.
“Təəssüflər olsun ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçib. Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib. Bizim tələbimiz təbii tələb idi. Qoy, öz günahlarını etiraf etsinlər”, – deyə Prezident qeyd edib.
Dövlət başçısı bildirib ki, ilk növbədə Rusiya rəhbərliyi baş verənləri tanımalıdır: “Bizim təyyarəni vuranlar cəzalandırılsın və ailələrə təzminat ödənilsin. Qurbanların və yaralıların ailələrinə, AZAL-ın təyyarəsinə görə də təzminat ödənilməlidir. Təfərrüatları bilmək istəyirsiniz? Mən bu haqda daha təfərrüatlı danışa bilərəm. İstəyirsinizmi mən bu haqda daha çox danışım, daha təfərrüata varım? Bizim pilotlar cəsarət və peşəkarlıq göstərərək təyyarəni qəza enişinə yönləndirdilər və tam heyət, bütün sərnişinlər həlak olmadı. Biz dərhal oraya – Aktauya heyət göndərdik. Onlar çəkiliş aparırdılar və gördülər ki, təyyarənin füzulyajı dəlmə-deşik edilib və hətta təyyarədə olanların iki nəfəri də qəlpə yarası alıb. Guya, Ukrayna dronu bizim təyyarəmizlə toqquşub. Bu gülünc bir iddia, təklif, versiya idi.
Təyyarəmizə qarşı iki dəfə hücum olub. Təsəvvür edin ki, Ukrayna dronu gəlir, Azərbaycan təyyarəsini hədəf alır, sonra qayıdır gedir və ikinci dəfə yenə bizim təyyarə ilə toqquşur. Yəni, bu uşaq bağçası səviyyəsində hekayədir, biz bilirik nə baş verib.
Bundan başqa, Rusiya hava məkanını bağlamamışdı. Hava məkanı bizim təyyarəmiz vurulduqdan bir neçə dəqiqə sonra bağlanmışı və bu da məsuliyyətdir. Həmin o şəxslər “xalça əməliyyatı”nı vaxtından gec elan ediblər”.
“Yeddi aydır ki, cavab ala bilmirik. Bizim Baş prokurorumuz müntəzəm olaraq Rusiyanın Təhqiqat Komissiyasına məktub ünvanlayır və cavab o olur ki, təhqiqat davam edir. Biz gözləyirik ki, görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu, məsuliyyətsiz davranmaqdır. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf ki, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil”, – deyə Prezident vurğulayıb.
Bu çıxış Kremlin mövqeyini ifadə edən bəzi rusiyalı bloqerlər arasında Azərbaycana qarşı yeni nifrət dalğasına səbəb olub. Onların çıxışlarında açıq-aşkar təhdidlər və “Azərbaycana cəza verilməsi” çağırışları səsləndirilir. Bu “xadimlərin” ölkə rəhbərliyinin iradəsini və tapşırığını yerinə yetirdiyi isə hamıya məlumdur.
Bəs, bütün bunların nəticəsi necə bilər? Təbliğat maşınının işə düşməsindən sonra Rusiya ilə münasibətlərin daha da sərtləşməsi mümkündürmü? Məsələn, Rusiyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlıların kütləvi şəkildə deportasiyası ehtimalı nə qədər realdır? Azərbaycan rəhbərliyi hadisələrin belə gedişatına necə reaksiya verə bilər?
Suallarımızı müstəqil siyasi ekspert Nəsimi Məmmədli cavablandırıb.
Onun sözlərinə görə, Rusiyada Azərbaycana qarşı səsləndirilən sərt ritorika birbaşa Kreml tərəfindən sifariş olunur. “Lakin dövlətin səlahiyyətli nümayəndələri hələ də bu proseslərdən kənarda qalmağa üstünlük verirlər. Belə çağırışlar Rusiyada yaşayan azərbaycanlılar üçün təhlükə yarada bilər.
Əgər prosesi dərindən təhlil etsək, Moskvanın Bakı ilə münasibətləri daha da kəskinləşdirməsi Rusiyanın hazırkı maraqlarına uyğun deyil. Bu addımlar nə taktiki, nə də strateji baxımdan Kremlin xeyrinə deyil.
Təəssüf ki, son illər ərzində Kreml Rusiyanın öz maraqlarına zidd olan bir sıra addımlar atıb. Buna görə də, bu riski nəzərə almaq lazımdır. Rusiya Ukrayna müharibəsində nə qədər çox itki verirsə, bir o qədər aqressivləşir. Eyni zamanda, Cənubi Qafqazda mövqelərinin itirilməsi ilə barışmaq istəmir”, – deyə politoloq qeyd edib.
Məmmədlinin fikrincə, Rusiya bütün vasitələrlə regiondakı təsirini qorumağa çalışır. “Rusiyanın miqrantlara və ya Rusiya vətəndaşı olan azərbaycanlılara qarşı qanunsuz addımlar atması istisna deyil. Rəsmi Bakı bu ehtimalı nəzərə almalı və bu vəziyyətə hazır olmalıdır. Rusiya Azərbaycanın ən böyük və güclü qonşusudur. Rəsmi Bakı bu ölkə ilə münasibətləri mümkün qədər sabit saxlamağa çalışır. Rusiya ilə yaxşı münasibətlər Azərbaycanın maraqlarına uyğundur. Amma Moskvanın addımlarına adekvat cavablar verməkdən çəkinməyə ehtiyac yoxdur. Azərbaycanın Rusiya təzyiqlərinə dirəniş göstərmək imkanları məhdud deyil. Bakı daim Rusiyanın strateji maraqlarını nəzərə alıb. İndi isə bu prosesi diplomatik müstəvidə davam etdirmək üçün imkanlar mövcuddur”, – ekspert hesab edir.
Rauf Orucov