Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

İRANDA SİYASİ SİSTEM VƏ İDARƏETMƏ MÜZAKİRƏLƏRİ:İSLAHAT, YOXSA UYĞUNLAŞMA? - TƏHLİL

Son günlər ABŞ-İran qarşıdurması, sankiyalarla bölgədə gərginliyin artması İranla bağlı gündəmin yalnız xarici komponentini qabartsa da, ölkənin daxili poseslərində ciddi bir dinamikanın, müzakirələrin və yenidən formatlama meyillərinin baş verdiyi də diqqətdən qaçmır.

Yenixeber.org: Əksinə, ciddi təhlil edildikdə, maraqlı hadisələrin elə məhz daxili siyasi səhnədə getdiyi aydın görünür.

Təbii ki, ABŞ-la qarşıdurma, amerikalıların birtərəfli (bununla belə, olduqca təsirli) sanksiyaları İrandakı rejim üçün ciddi, ilk növbədə, iqtisadi problemlər yaratdığından, xarici faktorun ölkədəki daxili siyasi vəziyyətə təsiri və onun dərəcəsi barədə geniş müzakirə aparmaq olar. Lakin daxili siyasi vəziyyəti, ordakı müzakirələri tək bu faktora bağlamaq da düzgün olmazdı.

Bu il 40 yaşını qeyd etmiş İrandakı siyasi sistemin fərqli, özünəməxsus qurluşu və münasibətlər sisteminə malik olduğu hamıya bəllidir. Bəzən bu xüsusiyyət ordakı siyasi və ictimai prosesləri təhlil etməkdə müəyyən problemlər yaradır, çünki analiz üçün istifadə olunan klassik politoloji alətlər tam olaraq İranın siyasi həyatında, cəmiyyətində və institutlarındakı prosesləri təhlil etmək üçün yetərli olmur.

İran daxilindəki politoloji məktəb və analitik qurumların proseslərin izlənməsi üçün yetərli metodoloji bazası və təcrübəsi olsa da, onların kifayət qədər ideologiyalaşması və müxtəlif qütblər arasında paylaşması həmin qurumların təqdim etdikləri analitikanın keyfiyyətinə təsir edir.

Hibrid rejim kimi dəyərləndirə biləcəyimiz (İranda demokratik sistemin elementləri ilə teokratik idarəetmənin sintezini nəzərə aldıqda) ölkənin siyasi məkanında sistemlə bağlı müzakirələr, onların özünəməxsus proseduru maraqlı olmaqla bərabər, rejimin transformasiya və müqavimət imkanlarının dəyərləndirilməsi baxımından da maraqlıdır.

İran siyasi sisteminin maraqlı xüsusiyyətlərindən biri onun kifayət qədər çevik olmasıdır. Əslində, ideologiyalaşmış dəyərlər sistemi üzərində qurulan bu tip siyasi rejimlərin yenilənməsi, hətta ayrı-ayrı strukturlarının modifikasiyası problem olsa da, İrandakı islami rejimin yaxın siyasi tarixin müxtəlif dövrlərində adaptasiya imkanlarından yararlandığı barədə çoxsaylı nümunələr var. Rejimin çevikliyi və adaptasiya imkanları bir çox problemlərin həlli zamanı onun həm sosial səfərbərlik, həm də yumşaq (açıq) siyasətində istifadə olunub.

Təcrübə göstərir ki,  ciddi bir siyasi problemlə üzləşdiyi zaman İran siyasi aktorları kifayət qədər çevik olmaqla bərabər, məsuliyyətli davranaraq rejimin əsas dəyərləri ilə bağlı cəmiyyətdə geniş konsensusun pozulmasında maraqlı olmurlar. Radikal təbəqəni siyasi səhədən kanarda saxlamaqla (onların siyasi sistemdə təmsilçiliyi məhdudlaşdırılır və ya xaricdən onlar həmin proseslərə təsir edə bilmirlər) rejim konsensusla bağlı ümumi görüntünü qoruyub saxlayır. Bununla da rejim hətta ən ağır sosial, iqtisadi və siyasi durumlarda yetərli etimad kreditinə malik olmaqla, daxili legetimləşmə problemini böyük ölçüdə həll etmiş olur.

İran reallığında siyasi diskursun xüsusiyyətləri daxili siyasi çəkişmənin çox zaman qapalı, amorf getməsi ilə maksimum “qeyri-siyasi” təqdim edilməklə, moralist tərzdə aparılır.

Bu mənada, mayın 22-də Ali dini lider Əli Xamneyinin elm, mədəniyyət, siyasət, sosial və tələbə qruplarını təmsi edən gənclərlə görüşü zamanı İranın daxili siyasətinə dair səsləndirdiyi fikirlər və verdiyi mesajlar xüsusilə maraqlıdır.

İran siyasi rejimi, onun teokratik əsası və ondan irəli gələn xarakteri, obyektiv olaraq, idarəetmə və qərar qəbulu prosesində gəncliyin geniş təmsilçiliyini təşviq etmir. Bununla belə, islam inqlabından sonrakı dövrdə rejim həmişə gəncləri siyasətdə gördüyünü, onları sistemdən kənarda təsvir etmədiyini əlində tutduğu müxtəlif ideoloji və təbliğat alətləri vasitəsilə cəmiyyətə təqdim edib. Ölkənin gənc əhalisinin böyük qismi nə iqlilabı görüb, nə də ciddi olaraq əvvəllki dövrdə cəmiyyətdə səfərbərlik faktoru kimi çıxış edən İran-İraq müharibəsindən keçib. İnqilabi və islami gəncliyin yetişdiyi şərait, üzləşdiyi problemlər və gələcəyə baxışları İran siyasi elitasını düşündürən strateji mözvudur.

Ali dini liderin İranın ən azından ölkənin yaxın gələcəyinə dair mesajları üçün bu auditoriyanı seçməsi həm də rəmzi məna daşıyır. Ənənəvi olaraq, son iyirmi ildə İrandakı gənclik şərti olaraq islahatçıların əsas və təsirli sosial və elektoral bazasını təşkil edib. Lakin bir sıra obyektiv və subyektiv problemlər həmin təbəqənin gözləntilərini nəzərə almağı bacarmayan Ruhaninin islahatçı hökumətinin yanında əvvəlkitək, birmənalı durduqlarını söyləməyə əsas vermir. Məhz bu auditoriyanın qarşısında çıxış edən, onları suallarını cavablandıran Xamneyinin islahatçı hökuməti tənqid etməsi sonuncular üçün ciddi siqnaldır.

Xamneyi mahiyyət etibarilə sistemi təmsil etdiyindən, onun yanaşması da həmişə kifayət qədər ehtiyatlıdır. Ali dini liderə görə, tənqiddə həm məsuliyyətli olmaq, həm də tənqidlə ehtiyatlı davranmaq lazımdır. Ona görə də sistemə ziyan vura biləcək istənilən tənqid ziyanlıdır.

Tələbələrin “problem sistemdən, yoxsa onu tətbiq edənlərdən irəli gəlir?” sualını cavablandıran dini lider konstitusiyanın strukturunu kifayət qədər mükəmməl hesab edib, eyni zamanda vaxtaşırı yenilənməni də faydalı sayıb. Lakin maraqlısı Xamneyinin konstitusiyaya əlavə və dəyişikliklərin edilməsini “prinsipcə normal” hesab etməsidir.

Tələbə və gənclərlə görüşünün bu məqamında Xamneyi parlamentar idarəetmə modeli barədə 2017-ci ildəki müzakirələri yenidən canlandırmış olub.

Əslində, iki il öncə İran siyasi elitası tərəfindən mövcud prezident (klassik prezident idarətməsinin tam cəhətlərini özündə ehtiva etməsə də, şərti olaraq belə adlandıraq) ilə parlamentar idarəetmə sistemlərinin müzakirəyə çıxarılması səmərəli idarəetmə forması axtarışından daha çox, seçki sisteminin imkanlarından yararlanan islahatçıların siyasi sistemdəki çəkisinin azaldılmasına yönələn bir diskurs idi.

Həsən Ruhaninin timsalında dalbadal islahatçıların əzici üstünlüklə icra sistemində tutduğu mövqe, onların siyasi iddiaları və milli iradəyə istinadları mühafizəkar qanad üçün həm qıcıq yaratdığından, həm də ciddi təhlükə olduğundan, mövcud durumdan çıxış yolu kimi, parlamentar sistem haqda müzakirələr ortaya atıldı.

Düşüncəyə görə, icra qolunun siyasi çəkisinin azaldılması bu problemi qismən həll edirdi. Milyonlarla səs almış, personallaşmış istənilən siyasi liderin mövqeyi ilə hesablaşmaq probleminin həlli mühafizəkar qanadın əsas qayğısına çevrilmişdir.

Hökumətin prezident vasitəsilə birbaşa xalqdan deyil (faktiki olaraq, İran prezidenti daha çox hökumət başçısı kimi çıxış edir), parlamentdən təşkil olunması, ilk növbədə, “nüfuzun dağıdılması” kimi anlaşılırdı.

Həqiqətən də, elektoral proseslərə ciddi nəzarət mexanizminin qurulması teokratik sistemin söz sahiblərinə (onlar vasitəsilə də bu sistemin əsas müttəfiqləri olan mühafizəkar zümrəyə) parlamenti nəzarətə götürmək kimi konstitusional səlahiyyətlərindən istifadə etməklə gələcək hökumətin və orda təmsil olunacaq şəxslərin ciddi nəzarətə alınması yolu ilə mümkündür.

Lakin parlamentar sistem, ilk növbədə, inkişaf etmiş partiya sisteminin mövcudluğunu tələb edir, İranda isə klassik mənada partiya sistemi mövcud deyildir. Düzdür, ölkədə müxtəlif siyasi qüvvələri təmsil edən çoxsaylı siyasi qruplar, hətta adlarında “partiya” sözü olan qurumlar mövcuddur, lakin onları siyasi partiya kimi dəyərləndirmək, böyük ölçüdə, şərti xarakter daşıyır.

Bir problemi həll etmək üçün ikincisini yaratmaq isə ehtiyatlılıq və tarazlılıq məntiqi ilə hərəkət edən İran siyasi sisteminə xas deyildir. Parlamentar sistem (hətta ən məhdud formada) siyasi proseslərə partiya (qrup) maraqlarının açıq ortaya qoyulması ilə siyasi rəqabəti legitimləşdirəcəyindən, rejimin vahidliyini şübhə altına qoya bilən lazımsız və faydasız müzakirələrə yol açar. Məhz buna görə Ali dini lider Xamneyi parlamentar sistem haqda müzakirələrin olduğunu etiraf etsə də, onun prezident formasından da çox problemli olduğunu söylədi.

Görünən odur ki, həm 2017-ci ildə, həm də builki ağır iqtisadi şəraitdə həmin müzakirələr, ilk növbədə, Həsən Ruhani hökumətinin tənqid edilməsində istifadə olunan vasitələrdən biridir.

Hökumətin bir sıra addımlarına başdan şübhə ilə yanaşan Ali dini lider və onunla həmrəy olan siyasi qüvvələr uğursuz daxili və xarici faktorlardan yaralanaraq, iki il öncə xalqdan mandat almış Ruhani administrasiyasının seçkidə qazandığı səslərin əhəmiyyətini neytrallaşdıra, bir növ, devalvasiyaya uğrada bilmişdir.

Hökumətin bank, qiymətlər, büdcə, özəlləşdirmə sahələrində apardığı tədbirlərin əks effekt verməsi, real sektordakı problemlər, milli gəlirin aşağı düşməsi fonunda vətəndaşın gəlirlərinin kəskin azalması hökumətin hələ daha sərt tənqidlərlə üzləşəcəyindən xəbər verir.

Hər bir halda, teokratik rejimin hələ ki siyasi tənqid vasitələrində istifadə edərək hökumətin fəaliyyətini korrektə etdiyi aydındır. Bununla belə, rejimin olduqca səmərəli sayılan digər, o cümlədən konstitusional vasitələridən istifadə etməsi daxili və xarici faktorlardan asılı olacaq.

Anar İBRAHİMOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam