Uzunqulağı tərsinə minən mollalar... -Tehran rejimi həm əməkdaşlıqdan danışır, həm də millətimizi təhqir edir

Fars şovinizmi, habelə İran mərkəzli panfarsist düşüncə sistemi İranın dağılmasına əsas ola bilər. Çünki bu siyasi-ideologiyanın daşıyıcıları fars etnik qrupunu yüksəldərək, mövcud hakimiyyətin imkanlarından sui-istifadə etməklə başqa etnosları aşağılayırlar.
Yenixeber.org: Bu günlərdə iranlı karikaturaçı Hadi Heydəri son cızmasında İslam Respublikasının hökumət başçısı Məsud Pezeşkianı və türkləri təhqir edib. Karikaturada Pezeşkian əlində qamçı ilə “Birlik” yazılmış uzunqulağa tərs minmiş şəkildə təsvir olunub.
Güney Azərbaycandan olan ziyalılar bunu irqçilik olaraq dəyərləndiriblər. Bu hadisə Prezident Pezeşkianı, milyonlarla türkü deyil, həm də onun seçicilərini, hakimiyyətdaxili islahatçı qüvvələri təhqir etməkdir.
İranda əsasən, Güney Azərbaycan ziyalıları, ictimai fəal insanlar bu nifrət və kin yayan “karikatura”nı pisləyərək, belə ədavət və iğtişaş yaradan hadisələrin ağır fəsadları ola biləcəyi xəbərdarlığını ediblər.
Onlar bu təhqirin unudulmayacağını, məsələnin hüquqi və ictimai müstəvidə gündəmdə saxlayacaqlarını vurğulayıblar.
Bu kimi etirazlardan sonra İslam Respublikası Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlayıb. Karikaturanı çəkən Hadi Heydəri Tehran Şəhər Prokurorluğuna çağırılıb.
Qeyd edək ki, sözügedən karikatura instaqramda yayıldıqdan sonra qalmaqal yaranıb. Bundan sonra Heydəri cızma-qaranı teleqram kanalında post kimi paylaşıb.
Prezident administrasiyasının kommunikasiya üzrə müavini Seyid Mehdi Tabatabai karikaturaçının çağırılmasına münasibət bildirib.
O, tənqidçilərin söz azadlığının qorunması üçün tənqid mədəniyyətinə və vasitələrinə riayət etməsinin vacibliyini vurğulayıb: “Prezident qətiyyətlə onun şəxsiyyətinə qarşı hətta bu sərhədlərə riayət etməyənlərin təqib edilməsinə qarşıdır”.
Seyid Mehdi Tabatabai sosial şəbəkə səhifəsində yazıb ki, söz azadlığına qarşı təhdidlərdən biri tənqidçilərin tənqid mədəniyyətinə və vasitələrinə diqqət yetirməməsidir: “Təhqir və ya milli təhlükəsizliyi pozmaqla həmsərhəd olan tənqid qanuni məhdudiyyətlər və təqiblə üzləşəcək. Buna baxmayaraq, prezident qətiyyətlə onun şəxsiyyətinə qarşı hətta bu sərhədlərə riayət etməyənlərin təqib edilməsinin əleyhinədir”.
Məsələyə söz, fikir, mətbuat, sərbəst toplaşmaq azadlığı kimi demokratik dəyələr baxımından yanaşsaq, Hadi Heydərinin təqib edilməsini Mehdi Tabatabai kimi qiymətləndirmək olar. Başqa sözlə, İranda bəhs etdiyimiz prinsiplərə əməl olunsa idi, bunu demokratiyanın verdiyi imkan kimi də qəbul etmək olardı. Ancaq İran İslam Respublikası demokratik olmadığından, yaxud onun yuxarıda bəhs etdiyimiz dəyərlərinə məhəl qoymadığını nəzərə alsaq, bu hadisənin mahiyyətində başqa niyyətlərin də olduğu istisna edilmir.
Burada aşağıdakı bir neçə amil bir-birinə qarışır:
-Məsud Pezeşkian türkdür. Türklərin İranda aşağılanması davam edir;
-Prezident islahatçı sayılır. Hakimiyyətdaxili mühafizəkar və islahatçılar arasında toqquşmanın bu cür təzahür edir;
-Pezeşkiana qarşı gizli mübarizə üzə çıxır;
-Hakimiyyət diqqəti özündən başqa səmtə yönəldir;
-Rejim daxilində qüvvələr arası toqquşma;
-İranda xaos yaratmaq cəhdi;
-Milli fəal azərbaycanlı ziyalılar və türk gənclər üçün qurulan növbəti tələ.
Panfarsçılar Azərbaycan türklərinin heysiyyatı ilə oynamaqda davam edir.
Bu günlərdə Məsud Pezeşkian Azərbaycan Respublikası ilə münasibətlərin daha yaxşı qurulması məsələsində İsraildən geri qaldıqlarını söyləyib. O, bunun təqsirinin İranda olduğunu etiraf edib. Anti-Azərbaycan mövqeyi ilə tanınan siyasi şərhçilərdən biri Prezidentinin bu açıqlamasını sərt tənqid edib, Azərbaycanın adını “Azrail” adlandırıb. Bu azmış kimi, Məsud Pezeşkianın ətrafındakı “milliyyətçi” şəxsləri də günahlandırıb: “Prezidentin ətrafındakı milliyyətçi şəxslər onu özünə qarşı təxribat həddinə çatdırıb, ona “Azrail”in həqiqi mahiyyətini dərk etməyə imkanı vermirlər”.
Bir müddət əvvəl isə İran hakimiyyətinə sadiq din xadimi Əhməd Müctəhidi Tehrani təmsil etdiyi rejimin daha bir eybəcərliyini göstərib. O, Pezeşkianın ana dilini, Azərbaycan türkcəsini aşağılamağa səy edib: “Cəhənnəm əhlinin dili türkcə, cənnət əhlinin dili isə ərəbcədir. Mən bir az türkcə bilirəm. Təbrizə gedəndə mağazada "beş dənə yumurta ver" deyirəm. Amma bir hədis var: cəhənnəm əhlinin dili türkcədir. Yəni hansı millət cəhənnəmə getsə, dili türkcə olur”.
Bunu geniş şərh etmədən İran hakimiyyətinin din, milli kimlik məsələlərinə münasibətinin nümunəsi saymaq olar.
Bu xəbərlər 2006-cı ilin may hadisələrinin yada salır. Onda Tehranda çıxan “İran” qəzetində türklərı aşağılayan karikatura dərc edilmişdi. “İran”ın bu davranışına on minlərlə Güney Azərbaycan türkü etiraz etmişdi. Bu təhqiramiz karikaturaya qarşı çıxanları hakimiyyət polis dəyənəkləri, odlu silahla qarşılamışdı. Onda 200-ə yaxın azərbaycanlı şəhid olmuş, beş mindən çox insan həbs olunmuş, yüzlər etirazçı yaralanmışdı. Etirazçılar “Haray Haray Mən Türkəm!”, “Türkün dili ölməz, fars dilinə dönməz!”, “Azərbaycan əyilməz, Türkün beli bükülməz!”, “Ya azadlıq, ya ölüm!”, “Rədd olsun fars faşizmi!” şüarlarını söyləyirdilər.
“İran” qəzetindəki bu materialla bağlı müxtəlif versiyalar irəli sürülür. Bunu türkləri İrandakı islahat adlı prosesə qoşmaq üçün ortaya atılan oyun, hakimiyyətə qarşı olan qüvvələrin türklərdən istifadə etmək cəhdi, milli hüquqların təminin tələb edən türk fəalların həbs edilməsi üçün atılmış addım kimi də qiymətləndirənlər var idi. Ancaq əvvəl söylədiklərimiz, keçmişdə baş vermiş bütün bu kimi hadisələr İranı Azərbaycan türkləri üçün yabanı bir dövlət çevirir. Çünki panfarsizm bu hərəkətləri ilə ölkəni, onun müxtəlif etnik mənsubiyyəti daşıyan cəmiyyətini parçalayır…(pressklub)
Sədrəddin Soltan