Ərəb dünyası məzhəb düşmənçiliyindən imtina edir- inqilab kimi gəlişmələr
Səudiyyə sarayında başlayan proseslər ərəb-müsəlman coğrafiyasında məzhəb ritorikasını dəyişir
Yenixeber.org: Müsəlman aləmində, xüsusən də ərəb dünyasında məzhəbçi ritorikanın zəifləməsi müşahidə olunur. Əlbəttə, bu elə bir tendensiyadır ki, onu bir günə, bir aya və ya bir ilə aradan qaldırmaq, unutdurmaq mümkün deyil. Amma son zamanlar baş verən bəzi hadisələr onu göstərir ki, bir sıra təbii səbəblərdən yavaş-yavaş məzhəbçi, xüsusən də anti-şiə ritorikası ortadan qalxır. Xüsusən də ərəb cəmiyyətlərində.
Sirr deyil ki, Yaxın Şərqdə uzun müddət məhz məzhəbçilik üzərindən aparılan düşmənçilik təbliğatı nəticəsində minlərlə günahsız insan öldürülüb, işgəncəyə məruz qalıb. Halbuki görüş ayrılığı, məzhəb və ya təriqət fərqliliyi bütün dinlərdə olduğu kimi, İslamda da geniş yayılıb. Din və məzhəb üzərindən nifrət yayılması müsəlmanlar arasında bölünməni, nifrəti daha da dərinləşdirir, qəddar, amansız düşmənçiliyə səbəb olur. Necə ki, son illərdə biz bunun İraqda və Suriyada bariz şəkildə şahidi olduq.
Bu mövzuni davam etdirməzdən öncə, əlbəttə, Səudiyyə Ərəbistanında baş verən son proseslərə toxunmaq lazımdır. Çünki məlum olduğu kimi qatı, məzhəbçi, xüsusən də təkfirçi fikirlər bu ölkədə daha geniş yayılıb. Səudiyyə Krallığının vəliəhd şahzadəsi Salman ibn Məhəmməd ölkəsində islahat fəaliyyətlərinə həm də din sahəsindən başlayıb. Şahzadə bu ayın əvvəlində deyib ki, ölkəsinin siyasətində artıq əvvəlki radikal islamçılıq olmayacaq. Maraqlıdır ki, o da ölkəsində radikalizmin başlanğıc ilini 1979-cu ildən, yəni İranda İslam inqilabının baş verdiyi tarixdən hesablayır.
Bunun da xüsusi izahı var. Şahzadə Səudiyyədəki radikalizmin səbəbini İrandakı inqilabla əlaqələndirir. Bu iddianın doğru olan tərəfi odur ki, İrandakı inqilab bütövlükdə müsəlman dünyasında şiə və sünni müsəlman qrupları arasında fəallığa səbəb oldu. Çünki ilk dəfə islamçılar (şiə olsalar da – K.R.) inqilab edib, bir Şərq ölkəsində hakimiyyəti tam olaraq ələ aldılar. İran inqilabı Əlcəzairdən Pakistana qədər bütün ölkələrdə islamçı siyasi hərəkatlara qol-qanad verdi. Təbii ki, fəallaşan qruplar arasında sonradan daha kəskin radikal xətt tutanlar da oldu. Amma bu başqa mövzudur. Şahzadə Məhəmməd isə söz mövzusu olan bu radikalizmin Ərəbistan mərkəzli olmadığına açıq işarə edir. Yeri gəlmişkən, Səudiyyənin din adamları da radikal islamçı cərəyanların Ərəbistana Misirdən ixrac edildiyini iddia edirlər.
Amma təqdimatın necəliyindən asılı olamayaraq artıq Səudiyyədə ciddi dəyişikliklər baş verir. Qadınların baş örtüyünə ciddi nəzarət edən, küçədə şəriət qaydalarının mühafizəsinə məsul olan əxlaq polisini küçələrdən yığışdırıblar. Hətta bəzi rəislər cəzalandırılıb. Bundan başqa, Krallıq artıq qadınlara seçki hüququ, maşın sürmək və gələn ildən idman stadionlarında yarışları izləmək haqqı tanıyır. Ölkənin şimal-qərbində isə “yeni Dubay” inşa ediləcək, orada qanunlar daha “yumşaq” olacaq. Şahzadə bəyan edib ki, bütün dinlərə, məzhəblərə, inanclara haqq tanıyacaqlar. Bundan başqa, kralın ötən ay imzaladığı sərəncamla Mədinə şəhərində yaradılmış yeni dini Şura ekstremizmi təşviq və təbliğ edən hədisləri araşdıracaq. Saxta hədisləri müəyyən edəcək qurum müsəlmanlar arasında yayılan və düşmənçiliyə səbəb olan dini mətnləri tədqiq edəcək.
Yeri gəlmişkən, iki həftə əvvəl Kral Salman bu hadisələrin fonunda Mədinəyə səfər edərək Məhəmməd Peyğəmbərin (s.ə.s) məzarlığında dua etdi. İndi bir çox ekspertlər ciddi şəkildə düşünür ki, bəlkə də Krallıq uzun illər davam edən sərt təkfirçi dini xətdən imtina edir?
Daha bir maraqlı detal ondan ibarətdir ki, daha öncə ərəb coğrafiyasında anti-İran kursu şiəlik və onun batil əqidə olması təbliğatı üzərindən aparılırdı. Hətta son illərdə Məkkə müftiləri İranın ünvanına “məcusi” (atəşpərəst) deyə bəhs edirdilər. Ancaq bu istiqamətdə də dəyişiklik var. Son dövrlərdə İran ekspansiyası din üzərindən “şiəlik təhlükəsi” şüarı ilə deyil, “səfəvi işğalı” terminindən istifadə olunaraq, tövsif edilir.
Yaxın Şərqdə körfəz ölkələri arasındakı böhran, həmçinin İraqla Səudiyyə Ərəbistanı rəsmiləri arasında təmaslar onu göstərdi ki, daha əvvəl olduğu kimi ərəb cəmiyyətlərini şiəliklə qorxutmaq və ya şiə düşməni obrazı yaratmaq mümkün olmur. Çünki şiəlik bir inanc olaraq demək olar ki, bütün ərəb coğrafiyasına yayılıb və ərəb şiələrin sayı heç də az deyil. Digər tərəfdən, şiəlik inanc olaraq ərəblər üçün yad bir inanc deyil. Bundan başqa Qətərlə olan böhran, bunun qarşısında İraqla Səudiyyə arasında müşahidə olunan yaxınlaşma, hətta iraqlı şiə din adamı Müqtəda əs-Sədrin Səudiyyə təmasları göstərdi ki, əslində mövzu din olmayıb, siyasət və maraqlar, nüfuz mübarizəsidir. Ona görə də indi əcəm bölgəsində olmasa da, ərəb diyarında artıq hər şeyi öz adı ilə adlandırırlar, İranla mübarizənin adının məzhəb savaşı olmadığı, bir nüfuz mübarizəsi olduğunu qeyd edirlər.
Bu tendensiyanın davam etməsi ən azı Yaxın Şərqdə din və məzhəb düşmənçiliyini müəyyən mənada zəiflədəcək. Ancaq bu zəifləmə hansı sürətlə gedəcək, digər etnoslara necə təsir edəcək kimi suallar açıqdır. Çünki ərəb olmayan toplumlarda hələ də dindarlar arasında məzhəb düşmənçiliyi çox kəskindir. Bunu İŞİD-in tərkibində olan qeyri-ərəblərin sayı da göstərir. Lakin istənilən halda məzhəb düşmənçiliyinin siyasi ritorikadan çıxması tendensiyası yeni və ümidvericidir.
Bölgəni tanıyan hər kəsə aydındır ki, Şərq uğurunda mübarizə davam edəcək. Türkiyə, İran, ərəb ölkələri, eləcə də beynəlxalq güclər bundan sonra da bu regionda nüfuz mübarizəsini davam etdirəcək. Lakin 21-ci əsrin əvvəllərində baş verənlər müsəlman aləmi üçün daha ağır sınaq oldu və dini həssaslığa böyük zərbə vurdu. Xüsusən də mübarizənin din və məzhəb kartı üzərindən aparılması çox ağır və amansız nəticələrə səbəb oldu.