Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

AZƏRBAYCAN-TÜRKİYƏ:MÜDAFİƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQDAN HƏRBİ İTTİFAQA DOĞRU

AZƏRBAYCAN-TÜRKİYƏ:

 

Doktor Can Kasapoğlu,

İqtisadiyyat və Xarici Siyasət Araşdırma Mərkəzinin hərbi təhlilçisi

“Anadolu” Agentliyi, Türkiyə

 

 Yenixeber.org: Türkiyə ilə Azərbaycan arasındakı mövcud münasibətlərin qatı realist baxış bucağı ilə – realpolitikayla açıqlanması mümkün deyildir. Türkiyə Xarici İşlər Nazirliyinin ənənəvi olaraq mötədil və soyuqqanlı olan diplomatik ritorikası ilə belə, Bakı-Ankara münasibətləri “bir millət – iki dövlət” anlayışı çərçıvəsində ifadə edilir və hər iki ölkənin hakimiyyəti ən yüksək səviyyədə qardaşlıq bağlarını vurğulayır.

Bu qardaşlıq münasibətləri son on ildə Cənubi Qafqazdakı strateji balansı dəyişdirəcək hərbi ittifaq halına gəlimiş durumdadır. Əldə edilən bu yüksək səviyyə, Azərbaycan Silahlı Qüvvələrinin son dövrlərdə göstərdiyi döyüş uğurları və Türkiyə müdafiə sənayesinin sıçrayışları ilə birlikdə qiymətləndirildikdə, yeni bir regional reallığı əks etdirir.

 

Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi

 

Türkiyə və Azərbaycan arasında müdafiə sahəsində mövcud olan münasibətlər iki təməl hüquqi çərçivəyə dayanmaqdadır. Bunların birincisi, 1990-cı illərdə imzalanan sənədlərə əsasən, Azərbaycan hərbi heyətinin Türkiyədə təhsil almasını da təmin edən hərbi əməkdaşlıqdır.

İkincisi, daha əhəmiyyətli çərçivə isə 2010-cu ildə imzalanan Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi ilə təşkil edilən strateji  tərəfdaşlıqdır. Demək olar ki, bu beynəlxalq hüquqi zəmin Türkiyə-Azərbaycan münasibətlərini ikitərəfli hərbi ittifaq səviyyəsinə yüksəltmişdir. Belə ki, həmin müqavilənin 2-ci maddəsi, BMT Nizamnaməsinin özünümüdafiə hüququnu tənzimləyən 51-ci maddəsinə əsaslanaraq, tərəflərdən birinə (Türkiyəyə və ya Azərbaycana) üçüncü ölkə və ya ölkələr tərəfindən hücum olması halında, ortaq təhlükəsizlik və müdafiənin təşkil edilməsini nəzərdə tutur.

Texniki olaraq bu maddə hərbi ittifaqların təməl hüquqi şərti olan, – eynən NATO-nun qurucu müqaviləsinin məşhur 5-ci maddəsi kimi, – bir “casus foederis”dir (Latınca, “bir anlaşmanın tətbiq edilə bilmə və bağlayıcı hala gəlmə şərti”deməkdir – tərc.), yəni, ittifaqın öhdəliklərinin hansı şərtlər altında, müdafiə qabiliyyəti də istifadə edilməklə, yerinə yetiriləcəyini göstərən rəhbər xarakteri daşıyır.

O da qeyd edilməlidi ki, müqavilənin bu maddəsi müttəfiqlərdən birinə hücum olduğu halda ediləcək hərbi yardımı, forma və həcminin ayrıca müəyyən edilməsi şərtilə, ucu açıq buraxmaqdadır. Müqavilənin bu yönü ilə, müəyyən mənada, “strateji qeyri-müəyyənliyə dayanan çəkindirmə” də təşkil edilmiş olur.

Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin Azərbaycan-Türkiyə münasibətləri baxımından, kritik əhəmiyyət daşıyan bir digər tənzimləməsi də 7-ci maddə ilə ifadə edilmişdir. Həmin maddə hər iki ölkə silahlı qüvvələri arasında komanda-nəzarətin və qüvvələrin strukturunun koordinasiyasını nəzərdə tutur. Belə bir koordinasiyanın təmin edilməsilə bağlı planlaşdırmanın aparılması, nəzəri olaraq, strateji səviyyədə birgə əməliyyatların icra olunmasının də önünü açır. Əslində, son illərdə profilləri yüksələrək davam edən Türkiyə-Azərbaycan hərbi təlimləri, taktiki və operativ səviyyələrdə orduların birgə əməliyyat qabiliyyətinin əldə edildiyini, strateji səviyyəyə çatma məsələsində də pozitiv bir mənzərə ilə qarşı-qarşıya olduğumuzu göstərdi.

 

Türkiyə-Azərbaycan hərbi təlimləri

 

Yuxarıda qeyd edilən birgə hərbi tədbirlər arasında, hərbi hava qüvvələrinin son illərdə həyata keçirdiyi “Tür-Az Qartalı” və “Tür-Az Şahini” təlimləri diqqəti cəlb edir. Azərbaycan Hərbi Hava Qüvvələrinə aid olan Miq-29 və Su-25 təyyarələrilə Türkiyə Hərbi Hava Qüvvələrinin F-16-larının və digər təyyarələrinin birlikdə uçduğu bu təsirli təlimlər, hər iki ölkənin müdafiə qabiliyyətinin inkişafı baxımından çox kritikdir. Mətbuata verilən xəbərlər bu təlimlərin hava-hava və hava-yer vəzifələrini nəzərdə tutan əhatəli ssenarilər əsasında həyata keçirildiyini göstərir.

Azərbaycanla Türkiyə arasında önəmli olan bir təlim də 2017-ci ilin may ayında reallaşdırılıb. Həmin hərbi təlim iştirakçı qüvvələrin profilləri səbəbilə diqqəti cəlb edirdi. Təlimə mexanikləşdirilmiş piyada, zirehli birliklərin, artilleriya və quru qoşunlarının hava birlikləri ilə bərabər bu birliklərin manevr qabiliyyətlərini dəstəkləyən hava hücumundan müdafiə sistemlərinin də qatıldığı məlumdur. Açığı, bu kompozisiya Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel döyüşlərindəki döyüş nizamını və birgə (hərbi) birlik əməliyyatı konsepsiyasını “artıqlamasıyla” xatırladan bir xarakterdə idi. Xatırladığımız kimi, Azərbaycan hərbi qüvvələri işğal altında olan torpaqlarını azad etmək üçün 2016-cı ilin aprel döyüşlərində ilk dəfə, hərbi qüvvədən istifadə edərək, inkaredilməz bir uğur əldə etmişdir. 2016-cı ilin aprel döyüşləri nəticəsində, Bakının coğrafi olaraq torpaq qazanması olduqca məhdud miqyasda olsa da, həm onun hərbi seçiminin ritorika ilə məhdudlaşmadığı anlaşılmış oldu, həm də Azərbaycan Silahlı Qüvvələrinin – “yüksək neft gəlirlərinə dayanan bahalı oyuncaqlara sahib ordu” anlayışından çox uzaqda – yüksək səviyyədə koordinasiya, effektli komanda-nəzarət və yüksək birlik intizamı içində döyüşə bilən bir hərbi aktyor olduğu göründü.

Bundan əlavə, 2016-cı ilin aprel döyüşləri zamanı Ankaranın, güzəştsiz olaraq, Bakının yanında yer alması və Türkiyə ictimai rəyinin çox böyük bölümünün də Azərbaycan Silahlı Qüvvələrinə dəstək verməsi 2010-cu ildə bağlanan Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin özünü praktikada göstərməsinin də altını cızmış oldu.

Türkiyə-Azərbaycan hərbi ittifaqını dəstəkləyən digər bir ünsür də Türkiyə Müdafiə Sənayesinin iddialı Azərbaycan portfelidir. Bu kontekstdə diqqəti cəlb edən ünsürlərdən bəlkə də ən əhəmiyyətlisi, Türkiyənin milli çoxlüləli raket sistemlərini Azərbaycana ixrac etməsidir. Həm 122 mm-lik “Sakarya”,həm də yaxın zamanda təslim edilən 300 mm-lik “Qasırğa” sistemlərinin verilməsi, Azərbaycan Silahlı Qüvvələrinə kritik atəş dəstəyi qabiliyyətləri qazandırılması anlamına gəlir. 2016-cı ilin aprel döyüşlərində Azərbaycanın Türkiyənin milli çoxlüləli raket sistemlərini pilotsuz hava aparatları ilə birlikdə istifadə edərək, əhəmiyyətli taktiki üstünlük əldə etdiyi müşahidə edilmişdir. Bu səbəbə görə, bir çox sahədə olduğu kimi, çoxlüləli raket sistemləri seqmentində də ikitərəfli əməkdaşlıq ciddi hərbi əhəmiyyət kəsb edir.  Burada “Roketsan”ın, “Fərat Qalxanı Əməliyyatı”ndan əldə edilən dərsləri nəzərə almaqla çoxlüləli raket sistemləri sahəsində əhəmiyyətli irəliləyişlərini davam etdirəcəyini də xüsusilə qeyd etmək lazımdır. Bu yüksələn (hərbi-texniki) qabiliyyət və imkan,  Azərbaycan Silahlı Qüvvələri baxımından da kritik bir qaynaq təşkil edir.

 

Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordusu və Naxçıvan

 

Son olaraq, Türkiyə Quru Qoşunlarının 3-cü Ordusunun Azərbaycanın Naxçıvandakı elitar hərbi birliklərini dəstəkləmə fəaliyyətlərindən söz edilməlidirHərbi elmlər sahəsində aparılan bir çox beynəlxalq tədqiqat, Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti ən yüksək olan birliyinin Naxçıvanda yerləşdirilmiş (daha öncə 5-ci Korpus adlandırılan) və birgə (Türkiyə ilə-tərc.) əməliyyat keçirmək məqsədilə yaradılmış, xüsusi ordu qüvvələri – Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu olduğunu göstərir.

Naxçıvandakı hərbi birliklər Azərbaycanın müdafiə planlaşdırmasında kritik bir funksiyaya da sahibdirlər. Belə ki, onlar, hər hansı bir hərbi münaqişə durumunda Ermənistan qüvvələrini iki cəbhəli bir müharibəyə məcbur edə biləcək və onun arxa cəbhəsini təzyiq altında tuta biləcək durumdadırlar. Bu da hərbi baxımdan, işğal altındakı Azərbaycan topraqlarında və təmas xəttində olan erməni hərbi qüvvələrini dəstəkləyəcək təchizat xəttinin və ehtiyatda olan qüvvələrin hərəkət xəttinin pozulması anlamına gələcəkdir.

Beləliklə, göründüyü kimi, Bakı baxımından Naxçıvanda yerləşən hərbi qüvvələr həyati əhəmiyyət kəsb edir. Bu bölgədə yerləşən həmin Azərbaycan birliklərinin təlim-təhsili, lojistik dəstəyi və digər kritik ehtiyaclarının qarşılanmasında isə Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordusu həyati bir vəzifə yerinə yetirməkdədir.

Onu da qeyd etmək lazımdır ki, son olaraq 2017-ci ilin iyun ayında 5 minə yaxın şəxsi heyətin iştirakı ilə, Naxçıvanda keçirilən Türkiyə-Azərbaycan birgə təlimi də həm siyasi ismarışvermə tutumu, həm də birgə əməliyyat qabiliyyətlərinin yüksəldilməsi baxımından çox faydalı olub.

 

Arxa cəbhənin müdafiəsi

 

Bütün bunlara baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin diqqət etməli olduğu bir çatışmazlığı vardır. Son dövrdə Yerevan, Rusiya Federasiyasının Ermənistana “İsgəndər” (NATO təsnifatına görə, SS-26 Stone- tərc.) taktiki ballistik raketlərini satması ilə Azərbaycanın kritik milli infrastrukturunu və arxa cəbhəsini vurma qabiliyyəti əldə etmişdir. Burada, kritik milli infrastruktur dedikdə, anlamamız lazım olan birinci xüsus da Xəzər dənizi sahilindəki karbohidrogen obyektləridir. Üstəlik, Ermənistan qaynaqlarının da qeyd etdiyi kimi, daha öncə bu tip hərbi oyunların və ssenarilərin üzərində çalışıldığı da məlumdur.

Dahası da var: “İsgəndər” taktiki ballistik raketləri, öz texniki xarakteristikasına görə, raketdən müdafiə sistemlərinə qarşı olduqca effektlidir. Başqa sözlə, Azərbaycanın inventarındakı S-300 PMU-2 hava və raket hücumundan müdafiə sistemlerinin SS-26-lara qarşı – Ermənistanın əlində olanlar SS-26-nın ixrac variantı olsa da – nə dərəcədə effektli olacağı məsələsi mübahisəlidir. Buna görə də önümüzdəki dövrdə Bakının,  son illərdəki hərbi nailiyyətlərinə əlavə olaraq, strateji silah sistemləri sahəsində yeni irəliləyişlər etməsinin lazım olduğunu deyə bilərik.    

Azərbaycan üçün digər düşündürücü bir xüsus da son dövrdə Moskva ilə Yerevan arasında atılan adımların nəticəsində Rusya və Ermənistanın ortaq hava hücumundan müdafiə sistemi yaratmasıdır.

Bununla belə, Azərbaycan Silahlı Qüvvələrinin qət etdiyi məsafə kiçildilməməli, lazımınca dəyərləndirilməlidir. Müdafiə iqtisadiyyatı karbohidrogen gəlirlərinə dayanan bir çox ölkənin əksinə olaraq, Azərbaycan son dərəcə balanslı və effektli bir hərbi inventar yaratmağı bacarıb. Daha da önəmlisi, bir yandan müdafiə sahəsindəki tədarükçü ölkələri çeşidləndirərkən, digər yandan da Ankara və Türkiyə Silahlı Qüvvələri ilə olan əməkdaşlığını konkret və nəticəalıcı bir zəminə oturtmağı bacarıb. Azərbaycanın müdafiə sahəsində modernləşməsi Cənubi Qafqazda göstərilən bütün istiqamətlərdə inkaredilməz bir müəyyənedici səviyyəyə gəlmişdir.

Türkiyə-Azərbaycan hərbi ittifaqına gəlincə, açığı, optimist olmaq üçün bir çox səbəb vardır. İki ölkə münasibətlərinin ən önəmli hərəkətverici qüvvəsini isə təhlükəsizlik, müdafiə və hərbi elmlər sahəsindəki bütün texniki parametrlər və strateji mülahizələr bir yana, ortaq milli kimlik qavrayışı təşkil edir. Bu önəmlidir, çünki birgə əməliyyat və ortaq müdafiə planlaşdırmasında mədəni amillərin həlledici rol oynadığı (hərbi-elmi) ədəbiyyatda geniş qəbul edilir.

Ayrıca, ikitərəfli təlimlərin yüksək profildə və intensiv olaraq davam etdirilməsi də hər iki ölkənin silahlı qüvvələri arasında gedərək artan bir uyğunluğun yarandığını göstərir.

Beləliklə, “iki dövlət – bir millət perspektivi” özünə konkret bir hərbi reallıq yaratmış kimi görünür.

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam