Misir-Türkiyə əlaqələri:İki ölkə həm ticarət, həm siyasət prinsipi ilə hərəkət edə bilmir - Təhlil
Əlbaraa Abdullah
“Al-Monitor” (ABŞ)
Yenixeber.org: Misirin sənaye və ticarət naziri Tariq Qabil avqustun 22-də “Şoruk Xəbər”ə açıqlamasında Misirin Türkiyəyə etdiyi ixracatın 2017-ci ilin ilk yarısında 30% yüksələrək 1,07 milyard dollara çatdığını, eyni dövrdə Türkiyənin Misirə ixracatının 50% enərək 912 milyon təşkil etdiyini söyləyib.
Ticarət və Sənaye Nazirliyinin məlumatlarına görə, Türkiyə Misirin ən böyük geyim tədarükçülərindən biridir və 2016-da iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi mühəndislik, qida, enerji və kənd təsərrüfatı kimi sahələrdə 3 milyard dollara çatıb.
Türkiyənin Misirdəki investisiyaları 2011-ci ilin 25 Yanvar inqilabından sonra azalıb. Amma Türkiyənin bir heyəti investisiyalarını canlandırmaq üçün artıq bu il yanvarın 30-da Qahirəyə səfər edib. Türkiyə Odalar və Birjalar Birliyi (TOBB) başçısı Rifat Hisarcıklıoğlunun başçılıq etdiyi heyət türk sərmayələrinin Misirə dönməsi üçün görüşlər keçirib.
Nazir Qabil də “Şoruk Xəbər”ə verdiyi müsahibədə Misirlə Türkiyə arasındakı siyasi qarşıdurmanın iki ölkə arasındakı ticarəti baltalamamalı olduğunu söyləyib.
Qahirə-Ankara münasibətləri kütləvi etirazlar ucbatından “Müsəlman Qardaşlar”la əlaqəli prezident Məhəmməd Mursinin 2013-cü ildə Misir ordusu tərəfindən devrilməsindən sonra dibə yuvarlanıb. Həmin il noyabrın 23-də Misir, Türkiyənin Qahirədəki səfirini ölkədən qovub və diplomatik əlaqələrin səviyyəsini azaldıb. Hətta Misirin Dövlət İnformasiya Xidmətində Misir-Türkiyə əlaqələri haqqında bütün məlumatlar silinib.
Ancaq Mursinin devrilməsindən sonra Ankara-Qahirə münasibətlərində bu il ilk dəfə nisbətən müsbət təzahür izlənir. Hər iki tərəf hazırda gərginliyi artıracaq şərhlərdən qaçır.
İki ölkə arasındakı gərginlik Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın misirli vəzifədaşını iqtidarı "demokratik olmayan yollarla" ələ keçirməklə günahlandırdığı 2015-2016-cı illərdə yüksək həddə çatmışdı. Misirin Xarici İşlər Nazirliyi avqustun 23-də (2016) "Türkiyə ilə əlaqələrin yenidən canlandırılması üçün əsas şərtin Ankaranın Misir xalqının iradəsinə hörmət duymasıdır” bəyanatı vermişdi.
Nazir Kabil sözügedən müsahibəsində Türkiyə-Misir əlaqələrində siyasət və ticarət arasında fərq qoymağa çalışdığını söyləyib.
Dünya Birjalar Federasiyasının (WFE) Davamlılıq üzrə İş Qrupunun sədr müavini Midhət Nafiyənin fikrinə görə, nazirin bu açıqlamaları çox xəyalpərvər və realizmdən uzaqdır. Nafi “Al-Monitor”a bildirib: "Ölkələr arasındakı təbii əlaqələr nəticəsində ticarət, turizm və investisiya fəaliyyəti artır. Türkiyənin Misirə sərmayələri 5 milyard dollara çatsa da, Misir və Türkiyə arasındakı mövcud vəziyyətin bu an tam olaraq ölçülən, ya da izlənilən bir səviyyədə deyil”. Türkiyənin Orta Şərq və Afrikanın ən güclü aktyoru olmaq üçün maliyyə mövqeyini gücləndirməyə çalışdığına deyən M.Nafi Misirin hədəf bölgəsinə giriş və türk malları üçün böyük bir bazar olduğunu söyləyib.
Misir Sənaye və Ticarət Nazirliyinin mətbuat müşaviri Yasir Cabir isə “Al-Monitor”a bu açıqlamanı verib: "Siyasi açılmazlığın davam etdiyi mühitdə iki ölkə arasındakı ticarət fəaliyyətlərini xüsusi sektor icra edir. Nazirin bəyanatları Türkiyə ilə ticarətin məmnun rəsmi bir normallaşma olacağını ifadə edir".
Türkiyə mövzusunda müstəqil araşdırma aparan Salah Ləbib iki ölkə arasındakı əlaqələrin gələcəyinin hər iki tərəfin əməkdaşlığa yanaşması ilə müəyyən olunacağını söyləyərək, “Al-Monitor”a bu şərhi verib: "Misir-Türkiyə arasındakı anlaşılmazlıq yalnız Türkiyənin 30 İyun sonrası Misirdə qurulan rejimi tanımamasından qaynaqlanmır. İki ölkənin də regional mübahisəsi var. Məsələn, Misir və Türkiyə Liviyadakı qarşıdurma və dəstək qrupları ilə də fərqlənir. Türkiyə son Körfəz böhranında Qətərin lehinə mövqe tutub. Digər tərəfdən, Misir Qətəri milli təhlükəsizlik təhdidində günahlandırır. Türkiyə, həmçinin bölgədəki varlığını artırmaq üçün “HƏMAS”la sıx əlaqələr qurub. Bu, Fələstin məsələsində Misirin tarixi rolunu pozan bir faktordur".
Ləbibin fikrincə, Qahirənin Türkiyə ilə əlaqələrini düzəldərkən Misirin daxili işlərini maraqlandıran mövzularda (məsələn, Ankaranın Mursinin devrilməsini hərbi çevriliş sayması) uzlaşma axtaracağı, yoxsa daxili işlərinə dair anlaşılmazlıqları bir müddət kənara qoyub regional iş birliyinə yönələcəyi dəqiq deyil. Analitikin sözlərinə görə, mümkün ssenari budur: rəsmi Qahirə Misirin milli təhlükəsizliyini də təsir edən Liviya böhranı kimi beynəlxalq strateji məsələlərdə Ankara ilə iş birliyinə gedəcək və Fələstin məsələsində Ankaranın “HƏMAS” üzərindəki nüfuzundan yararlanmaq üçün Türkiyə ilə tərəfdaş olacaq.
Söz düşmüşkən, Türkiyə “HAMAS”a böyük diplomatik və maliyyə dəstəyi təklif edir və Qəzza zolağında bir sıra humanitar layihələr həyata keçirir.
Regional sahədə iş birliyinin bir nümunəsi Misirin xarici işlər naziri Səmih Şükrinin Türk vəzifədaşı ilə iyulun 23-də Qüds və “Əl-Əqsa”da yaşanan böhranın müzakirə olunduğu telefon söhbəti idi.
“Yakın Doğu” Xəbər Agentliyinin eksperti Həsən Sivri isə “Al-Monitor”a açıqlamasında deyib: "Türkiyə bölgədəki rəqiblərinin sayını azaltmaq üçün yeni xarici siyasət yürüdür. Ancaq iki ölkə arasındakı əlaqələrdə iqtisadi normallaşma olsa belə, siyasi normallaşma təmin edilə bilməz”.
Misir parlamentinin İqtisadiyyat Komissiyasının üzvlərindən biri olan millət vəkili Bassant Fəhmi isə “Al-Monitor” deyib: "Siyasi münaqişələrin əvəzini iqtisadiyyat ödəməməlidir”. Fəhmi Türkiyənin Misirin bölgədəki ən böyük ticarət ortaqlarından biri olduğuna diqqət yetirib.
Parlamentin Xarici Əlaqələr Komitəsinin üzvü Tariq əl-Quli isə hesab edir ki, ümumi iqtisadi maraq iki ölkə arasında siyasi mübahisələrin həllinə səbəb ola bilər."Keçmişdə Türkiyə ilə gərginliyi artıran yalnız Misir olmadı və o, təpkili siyasət yürütdü", – deyən Kuli, Qahirənin ölkənin daxili işlərinə dair anlaşılmazlıqları həll etmək üçün Ankara ilə regional bir iş birliyinə gedə biləcəyini də əlavə edib.
Misirin Xarici İşlər Nazirliyi isə məsələ ilə əlaqədar “Al-Monitor”un sualını cavabsız qoyub. Ancaq ticarət naziri Qabilin açıqlamaları Türkiyəyə aid yeni bir səhifənin açıldığını göstərir.
Tərcümə: (Strateq)