Mən niyə Adnan Oktarla görüşdüm...
Yenixeber.org:Bu dünyada adına jurnalistika deyilən bir peşə var. Bununla məşğul olan və ya məşğul olmağa iddia edən insanlar hər peşədən, hər sosial sinifdən, hər cinsdən, hər irqdən, hər xarakterdən, hər, hər..... hər kəsdən müsahibə götürməyə hökmlüdülər. Jurnalistin müsahib seçmə, zövqünə, əsəbinə, kefinə görə insanları ələkdən keçirmə lüksü yoxdur, olmamalıdı. Hadisə, olay, xəbər, cəmiyyətin marağına səbəb olacaq detallar harda varsa jurnalist də bir zəhmət diktafonu, foto-videoaparatı ilə ora yollanmalıdır.
Bura qədər anlaşdıqmı? Fikrimi çatdıra bildimmi? Ən azı mənim 20 ilə yaxın iş təcrübəm bu nəticəyə gəlməyə əsas verir. Gəl gələlim, bu müqəddimə nə üçün idi? 10-15 gün bundan öncə Türkiyədən bir dəvət gəlməsəydi, mənim ağlımın ucundan keçməzdi ki, nə zamansa oturub, A9 kanalının sahibi, mübahisəli persona Adnan Oktardan (Harun Yəhya) müsahibə götürəcəm. Məmləkət kişilərinin böyük qisminin “kediciklər” deyə təbir edilən sarışın, cəlbedici xatunları seyr etdiyi kanalda olacam, oradan reportaj hazırlayacam, studiyalarında canlı yayıma çıxacam. Amma dəvət varsa, informasiya almaq imkanı da yaranıb deməkdir. O halda tərəddüdə niyə yer olsun ki?
Müsahibənin video versiyası, şəkillər yayılandan, print versiyasının anonsu veriləndən etibarənsə dost-tanışın maraqlı, təqdiredici sualları ilə yanaşı, kiçicik bir qınaq da yox deyil. Sonuncuların motivi isə odur ki, “siz niyə bu adamı təbliğ edirsiz, ondan müsahibə götürmək nəyə lazım?” Bunun adına oxucu klişesi deyirlər çox vaxt. Baxdıqları, tənqid etdikləri, bəzən nifrətlə belə olsa adını çəkdikləri şəxsləri jurnalist sualının qabağında görəndə bir qınaq başlanır. Halbuki çoxusu anlamır ki, əslində daxilən özləri ilə mübahisəyə girişib. Yəni, adam pisdirsə, sən onu niyə daim izləyir, verilişlərini təqib edirsən, hər şeyindən xəbərdarsan? Yox, əgər onunla bağlı tənqidin, sərt fikirlərin varsa niyə onlarla bağlı içindəki saysız suallara cavab tapmaq missiyasını öz üzərinə götürən jurnalistə etiraz edirsən? Bu nə pəhriz, bu nə turşu?
Adnan Oktar adı gələndə sizin içinizdən nələr keçirsə, biz də müsahibədə o məsələlərə toxunmuşuq. “Kediciklər”in geyimindən, özlərini aparmasından tutmuş, bu şəxsin masonlarla əlaqəsinə, hüdudsuz maddi imkanlarına, İslamı tanıtma şəklinə qədər. Çəkinmədən, üstəlik, verilişdə qonaq olmamıza rəğmən, heç bir kompleks hissi keçirmədən.
“Hardan gəlir bu dəyirmanın suyu” deyib, cah-cəlalın mənbəyini sorğulamağa qədər aparmışıq işi. Verilişdəki qadınların təhsili, iş dünyasında olmaları, üstəlik evli-eşikli, coluq-cocuğa qarışma durumları... Hansı birini bilirdiz? “Bu cür geyimli qadınlarla İslamı yanlış tanıtdığınızı düşünmürsüzmü” deyə sizin də soruşmaq istədiklərinizi soruşmuşuq əslində. Amma daha diplomatik, daha mədəni və hər şeydən önəmlisi, jurnalistə yaraşacaq tərzdə. Və bu günə qədər Türkiyə mediası da daxil olmaqla, mediada onunla bağlı bilinməyən bir çox gerçəkləri öyrənmişik.
Zarafat deyil, adamın minlərlə tərəfdarı, 24 saat canlı yayımlanan qosqoca bir kanalı var. Bütün Türkiyə mətbuatı ondan danışır. Kitablar yazır, onu dünyanın bütün dillərinə tərcümə etdirib, yayır. Nə ilə, hansı pulla? Masonlarla bağlıdır, təriqət yaradıb, ya nə? Bütün bunlar sual doğurmurmu? Ölkənin ən məşhur şoumenləri öz tok-şoularında onun verilişlərindən satirik sitatlar gətirirlər. Məmləkətin kişiləri isə “kedicik” deyib, “kedicik” eşidirlər. “Adnan Oktar bu dünyada özünə cənnəti yaradıb” deyərək, fəlsəfəyə dalanlar da var. O zaman bir jurnalistin bu adamdan müsahibə alması niyə mübahisə yaratsın ki?
Və bu, ilk nümunə deyil. Öz adıma danışıram. Bu günə qədər qətldə ittiham olunandan tutmuş, rüşvətdə ittiham olunan eks deputata, ölkədə qalmaqal qoparıb, sonra burdan qaçan rektora, cinayətkarların ailə üzvlərinə.... qədər çox adamla həmsöhbət olmuşam. Belə qınaq və spekulyasilar isə hər zaman olub. “Xeyir ola, onları danışdırırsız” deyib, üstümüzə hücum çəkənlər də həmçinin. Gülər Əhmədovanın adı rüşvət qalmaqalında hallanıb, Səlcuk Ağlayan Sevinc Babayevanın qətlində ittiham olunub, Elşad Abdullayev ölkəyə video bombardmanı edib...Mən bu tərəflərin hər üçünü danışdırmışam, hər üçünü... Birini danışdıranda o biri üstümə hücum edib, o birini danışdıranda digəri...
Məsələni araşdırmaq üçün durub, burdan İstanbullara getmişəm. Onda da “adam Səlcuq Ağlayanla müsahibə alar heç?” deyənlərin sözünü eşidib, qulaqardına vurmuşam.
Çünki cəmi bir neçə ay sonra həmin müsahibədən sitatları Gülər Əhmədovanın məhkəməsindən ölkəyə yayılıb. Və ya... Akif Çovdarov həbs olunub, oğlu mənə danışıb, eyni deyinmə onda da başlanıb. “Cinayətkar qanqsterin ailəsini təbliğ etmək...” Sonra da ənənəvi bla, bla, bla... 2012-ci ilin 21 dekabrında, qiyamət dedi-qodusunun yayıldığı dönəmdə isə günlərlə İzmirin Şirincə kəndindən reportaj hazırlamışam. Bütün dünya mediası ilə paralel. “Bütün dünya dağılacaq, təkcə Şirincə kəndi qalacaq” versiyasının arxasınca düşmüşəm yollara, xəbərin izinə...Baxmayaraq ki, onda da medianı şayiə yaymaqda ittiham edən dillər vardı. Örnəkləri artırsam, bu yazı köşə olmaqdan çıxıb, karyera xronologiyasına dönər. Odur ki,misallarla bu qədər.
Amma bildiyim bir şey var ki, jurnalistin götürdüyü müsahibənin içini oxumadan, müsahiblə fotolarını görüb tənqid atəşinə başlamaq ciddi zəka problemindən xəbər verir.
Hamının haqqında qınaqla bəhs etdiyi şəxsləri danışdırıb, sual atəşinə tutmaq isə bir jurnalistin missiyası, öhdəsindən gəlibsə, uğurudur. Yox, əgər siz cəmiyyətin qəbul etmədiyi, ya da hansısa cinayətdə əli olduğu bilinən şəxsi jurnalistlə dost-qardaş görmüsüzsə, jurnalistin yazılarında o şəxsin müdafiə, təbliğ, tərif edildiyini oxumusuzsa, o zaman onu söyməkdə, obyektivkliyinə şübhə etməkdə sonuna qədər haqlısız. Jurnalist tərəfsiz olmalıdır – bir. Jurnalist cinayətkarla, qanqsterlə, rüşvətxorla dostluq etməməlidir – bu da iki. Yəni, bütün bunlar iki vur iki, bərabərdir dörd qədər bilinən bir gerçəkdir.
Odur ki, üzümü “xeyir ola Adnan Oktardan müsahibə almısız” deyənlərə tutub, son olaraq deyirəm ki, səbrinizi basıb, müsahibənin yayımlanmasını gözləyin. O zaman içinizdəki bütün suallara cavab tapacaqsız.
Və bir də... Jurnalist əməyinə sayğı, bəylər və xanımlar, azacıq sayğı...