Azərbaycan yeni müharibələrə cəlb oluna bilərmi? -ŞƏRH

Politoloq Fərhad Məmmədov: Azərbaycan iradəsindən kənar baş verən proseslər var...
Yenixeber.org: Azərbaycan artıq 5 ildir müharibə şəraitində yaşamır. Artıq 2 ildir, sərhədlərimizin yaxınlısında atəş səsləri eşidilmir. Biz o ümidlə yaşayırıq ki, ölkəmiz bir daha müharibə ilə üzləşməyəcək, müharibə etməyəcək. Amma... belə olacaqmı?
Bizim üç bir yanımız potensial təhlükə mənbəyidir. Bir tərəfdən aqressiv Rusiya, digər tərəfdən aqressiv İran. Bir yandan isə hələ də yekun sülh sazişi imzalamadığımız Ermənistan. Üstəlik, bu üç ölkənin heç birində daxili vəziyyətin stabil olmasından danışmaq mümkün deyil. Hər an hər şey baş verə bilər. Və bu zaman Azərbaycan gözlənilməz ssenarilərlə üz-üzə qala bilər.
Politoloq Fərhad Məmmədov regionumuzun yaxınlığında yarana və bizi də cəlb edə biləcək potensial müharibə ocaqlara ilə bağlı analizini paylaşıb. Politoloqun fikirlərini oxucuların diqqətinə çatdırırıq.

Cənubi Qafqaz elə coğrafiyada yerləşir ki, münaqişə potensialı son dərəcə yüksək qiymətləndirilir. Hansı tərəfdən baxsaq, regionumuz kəsişmədə yerləşir… Qitələr, hərbi-siyasi və iqtisadi bloklar, böyük və güclü qonşular arasında yerləşən sərhəd məkanı…
Azərbaycan otuz il ərzində Ermənistanla münaqişə şəraitində yaşadı. Bakı, işğal edilmiş ərazilərinin azad edilməsi ilə yanaşı, əsasən Rusiya, qismən isə ABŞ və Avropa tərəfindən diktə edilən “münaqişə idarəçiliyi” modelindən çıxmaq üçün səy göstərdi. Ölkəmiz, işğal olunmuş ərazilərin mövcudluğuna baxmayaraq, maksimum suverenliyini təmin etməyə nail oldu.
2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən anti-terror əməliyyatı regionda dəyişikliklər üçün şərait yaratdı. Bu dəyişikliklər sülh mühitində baş verir və əsas aktorlar region ölkələrinin özləridir.
Azərbaycan Prezidentinin qeyd etdiyi kimi: “...Əminəm ki, Azərbaycan xalqı bundan sonra sülh şəraitində yaşayacaq”.
Ermənistanla sülh gündəliyi genişlənir və dərinləşir. Qonşu ölkədə 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri sülh prosesində “geriyə dönüşü olmayan nöqtəni” müəyyənləşdirməlidir…
Lakin Cənubi Qafqaz ətrafında, ümumən beynəlxalq münasibətlər sistemində elə vəziyyət formalaşır ki, Azərbaycan öz iradəsindən kənar müharibəyə cəlb oluna bilər. Mövcud ssenariləri aktuallıq dərəcəsinə görə nəzərdən keçirməyə çalışaq.
İran
- ABŞ və İsrail tərəfindən İrana qarşı hərbi əməliyyatlar. 2025-ci ilin 12 günlük müharibəsi dövründə Cənubi Qafqaz aktiv hərbi əməliyyatlardan kənarda qaldı. Amma bu dəfə hərbi zərbələrin məqsədi İran rejiminin dəyişdirilməsi olacaqsa, Tehran hakimiyyəti müharibəni fərqli üsullarla apara bilər. Əvvəlki müharibənin təcrübəsini nəzərə alsaq, zərbələr İranın hərbi-siyasi rəhbərliyinə qarşı diversiyalarla başlamalıdır. Nəticədə, bu vəzifələrə qərarlarının proqnozlaşdırılması mümkün olmayan yeni şəxslər gələ və bu qərarlar Azərbaycanın maraqlarına toxuna bilər.
- İran daxilində mövcud hakimiyyət tərəfdarları ilə müxtəlif tərkibli müxalif qüvvələr arasında vətəndaş müharibəsi ehtimalı. Bu halda sərhədyanı zonada xaos, nəzarətsiz silahlı qrupların formalaşması mümkündür. Bu qruplar sərhədi qarşı tərəfi sıxışdırmaq üçün xətt kimi qəbul edə bilərlər. Belə vəziyyətdə Azərbaycan ön xəttə çıxacaq və Bakı sərhədlərinin təhlükəsizliyini qorumaq üçün reaksiya vermək məcburiyyətində qalacaq.
Rusiya
- Cənubi Qafqaz ölkələrindən birinə birbaşa hərbi müdaxilə və ya Venesuela ssenarisi üzrə “xüsusi hərbi əməliyyat”ın təkrarı. Doğrudur, Rusiyanın “xüsusi hərbi əməliyyat” təcrübəsi uğurlu deyil: “əməliyyat” kimi başlayır, nəticədə klassik işğalçı müharibəyə çevrilir. Amma Ukraynada müharibə başa çatmasa da, bu ssenari hələ də aktuallığını saxlayır.
- Putinlə Tramp arasında münasibətlərin kəskinləşməsi (bu ehtimal mövcuddur). Bu halda Rusiya ABŞ-ın təhlükəsizlik öhdəlikləri daşımadığı regionlarda reaksiya verməyə çalışa bilər. Sadə dillə desək, Cənubi Qafqaz ölkələri Rusiya tərəfindən işğal olunduqları təqdirdə ABŞ-ın nüvə silahı tətbiq etməklə hədələməyəcəti ölkələr siyahısındadır.
Ermənistan
- Ermənistanda parlament seçkilərində Rusiyapərəst qüvvələrinin qələbəsi. Bu halda Rusiya müttəfiqlik öhdəlikləri çərçivəsində hərbi mövcudluğunu artıra və sərhəd mübahisələrindən eskalasiya üçün istifadə edə bilər.
- Ən ekstravaqant ssenari ondan ibarətdir ki, hətta Rusiyapərəst qüvvələr seçkilərdə məğlub olsa belə, Rusiya məhz onları qalib tərəf və legitim hakimiyyət kimi tanıya və onların müraciətindən hərbi müdaxilə üçün əsas kimi istifadə edə bilər. Bu, Moskva üçün “va-bank” oyundur və hazırkı mərhələdə bunun üçün resursların mövcudluğu şübhəlidir.
Türkiyənin müharibələri
Azərbaycan Türkiyənin hərbi-siyasi müttəfiqidir və müraciət olacağı təqdirdə hərbi yardım göstərmək öhdəliyi mövcuddur. Adətən bu razılaşmalar Türkiyənin Azərbaycana yardımı kontekstində nəzərdən keçirilir. Lakin müasir tarixi mərhələdə Azərbaycanın Türkiyəyə hərbi yardım göstərməsi ssenarisi də aktuallaşa bilər.
NATO-nun mümkün süqutu halında Qara dəniz və Şərqi Aralıq dənizi regionlarında təhlükəsizlik vakuumu yarana bilər. Yaxın Şərq isə ümumi konfiqurasiyanın Türkiyə üçün əlverişli şərait yaratmasına baxmayaraq, hələ də qeyri-sabitlik ocağı olaraq qalır.(pressklub)










AZ
RU