Deputat: “Türk dünyasını ayıran, bölən xətlərdən uzaqlaşmaq, birləşdirici faktorlar üzərində köklənmək lazımdır”
Yenixeber.org: Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak çıxış edib. Eyni zamanda, digər türk dövlətlərinin başçıları da türk dünyasının birliyi, bərabərliyi və ortaq addımları barədə bəyanatlar veriblər. Qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə də imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış Bəyannamə 71 bənddən ibarətdir.
Zirvə görüşü barədə suallarımızı cavablandıran Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib ki, Zirvəyədək olan bir sıra ziddiyyətlər yekun həllini tapıb:
- Daha dorğrusu, TDT ilə bağlı ziddiyyətli məqamların olduğu haqqında fikirlər səsləndirilirdi. Amma dövlət başçılarının görüşündə bunların aradan qalxdığını söyləmək olar. Zirvə görüşünün yekun Bəyannaməsində açıq şəkildə görünür ki, TDT ilə bağlı hansısa problem yoxdur. Bəyannamənin 71 bənddən ibarət olması və burada təkcə TDT-nın ümumi hədəflərinin deyil, təşkilata üzv olan ayrı-ayrı dövlətlərin maraqları ilə bağlı müxtəlif məqamların yer alması mühüm əhəmiyyət kəsb edir. Burada Şimali Kips məsələsi ilə bağlı, Suriyada Türkiyənin rolunun xüsusi qeyd edilməsi, Əfqanıstanla bağlı işçi qrupunun yaradılmasının dəstəklənməsi var. Bu, ümumi maraqların vahid sənəd üzərində toplanmasından xəbər verir. Bəllidir ki, razılaşmalar təkcə iqtisadi platformadan ibarət deyil. Önəmli məqamlardan biri Türk Dünyası Xartiyası çərçivəsinin öz təsdiqini tapmasıdır ki, bu Xartiyada ortaq mədəniyyət, ortaq dil, ortaq tarixlə bağlı bir sıra mühüm məqamların türk dünyası üçün vahid çərçivə şəklində formalaşması vacibdir. Bəyannamə türk dünyasının gələcəyi üçün çox böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, Macarıstanda keçirilən Zirvə görüşü mühüm məqamlarla yadda qalsı. Hesab edirəm ki, Azərbaycanda keçiriləcək 12-ci Zirvə görüşündə daha ciddi sənədlərin imzalanması üçün əsaslar formalaşdırıldı.
- Mərkəzi Asiyadakı türk dövlətlərinin addımları ilə bağlı müəyyən suallar vardı. Söhbət Qazaxıstan Qazaxıstan, Türkmənistan və Özbəkistanın Cənubi Kiprdə səfirlik açması məsələsinin yaratdığı suallardan gedir. Bu, Şimali Kiprə zərbə sayılırdı. Budapeştdəki sammitdə suallara aydınlıq gətirildimi?
- Təbii ki, dövlətlərin öz maraqları önəmlidir. İndiki halda Mərkəzi Asiyanın türk dövlətlərinin Avropa İttifaqı ilə münasibətlərində maraqları var. İlk növbədə, Avropa həmin dövlətlər üçün əsas bazardır. Eyni zamanda, texnologiyanın əlçatanlığı baxımından da, Mərkəzi Asiyanın türk dövlətləri üçün Avropa ilə münasibətlər önəm kəsb edir. Bununla yanaşı, unutmaq olmaz ki, Şimali Kiprlə bağlı türk dünyasının, TDT-nın ümumi yanaşması var. Budapeştdə keçirilən Zirvə görüşündə də, bundan əvvəlki görüşlərdə, sammitlərdə də ümumi baxış vurğulanıb, problemin həlli ilə bağlı təkliflər verilib, üzv dövlətlərin hər biri də bununla razılaşıblar. Hesab edirəm ki, bu məsələdən asılıb qalmaq doğru deyil. Budapeştdə imzalanan 71 bəndlik sənəddə yenə də Şimali Kipr məsələsinin gündəmə gətirildiyinin şahidiyik. Hesab edirəm ki, türk dünyasını ayıran, bölən xətlərdən uzaqlaşmaq, birləşdirici faktorlar üzərində köklənmək lazımdır. İndi bu istiqamətdə addımların atıldığını müşahidə edirik.
- Birləşdirici faktorlar hansılardır?
- Milli kimlik, milli mənsubiyyət, ortaq dəyərlər, mədəniyyət, dil, tarix türk dünyasının birləşdirici dəyərləridir və çox vacib faktorlardır. Amma bugünkü birliyin, TDT-nın təməlində dayanan aspektlər var. Məsələn, Azərbaycanla Türkiyənin iqtisadi əməkdaşlığının səmərəliliyi göz önündədir. Bu, cazibədarlığı daha da artırdı. Şübhə etmirəm ki, TDT bu cazibədarlıq üzərində irəliləyərək iqtisadi əməkdaşlığı daha da dərinləşdirsələr, kənarda qalanlar da bu prosesə qoşulacaqlar.
Eyni zamanda, hesab edirəm ki, siyasilər, rəsmilər bəyanatlarında diqqətli olmalıdırlar, ayırıcı xətlərin inkişafına xidmət edən açıqlamalardan çəkinməlidirlər.(AYNA)