TDT-nin Budapeşt Zirvə toplantısı – Bakı sammitinə hazırlıq -ŞƏRH
Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət başçılarının Macarıstanın paytaxtı Budapeştdə qeyri-rəsmi Zirvə görüşü keçirilib.
Yenixeber.org: Beynəlxalq aləmdə baş verən hadisələr fonunda onun əhəmiyyəti ilə yanaşı, bir sıra istiqamətlərdə ismarışları da var. Macarıstan Avropa İttifaqının (Aİ) üzvü, bir Avropa dövlətidir. Budapeşt toplantısı rəsmi olmasa belə Aİ-yə TDT ilə əməkdaşlıq ismarışını verib.
Bu il aprelin 4-də Özbəkistanın Səmərqənd şəhərində Aİ ilə Mərkəzi Asiya ölkələri arasında sammit keçirilib. İttifaq Mərkəzi Asiya ölkələri ilə nəqliyyat, xammal materialları və təmiz enerji kimi prioritet sahələrdə əməkdaşlığı genişləndirməyi planlaşdırır. Qurum əməkdaşlığı sürətləndirmək üçün “Qlobal Qapılar” (“Global Gateway”) təşəbbüsü çərçivəsində 12 milyard avro məbləğində investisiya paketi hazırlayıb. Region ölkələri yeni investisiya cəlb etmək və qlobal miqyasda ticarəti genişləndirmək istəyir.
Ötən il Aİ Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə (Orta dəhliz) 10 milyard avro investisiya qoymağı öhdəsinə götürüb. Mərkəzi Asiya ölkələrinə Qara dənizə çıxış üçün sərhədlərin maneəsiz keçilməsinin təmin edilməsi vacibdir. Bu baxımdan təşkilat olaraq TDT-Aİ əməkdaşlığı da gündəliyə gələ bilər. Çünki Qazaxıstan və Özbəkistan həm Mərkəzi Asiya, həm də TDT-nin fəal ölkələridir.


Dünya manqan ehtiyatlarının təxminən 40 faizi, eləcə də litium, qrafit və digər resursların əhəmiyyətli həcmləri bu regionda cəmləşir. Bundan başqa bölgə neft və təbii qazla da zəngindir.
Bu kimi sərvətlər, insan resursları olan Mərkəzi Asiya Qərb bloku üçün tərəddüdsüz cəlbedicidir. Bu mənada Avropa İttifaqı ilə TDT-nin təşkilat olaraq əlaqələrinin qurulması da mümkündür.
Budapeşt sammiti İttifaqa əməkdaşlıq çağırışı da sayıla bilər.
Hər iki hadisə sübut edir ki, Türk dövlətlərinin birliyi dünya üçün faydalı olar.
Bir zamanlar adından qorxub, ona qarşı mübarizə etmək üçün müxtəlif ideyalar təbliğ edən qərb dünyası artıq türklərin ittifaqını da qəbul edir. Budapeşt sammiti buna örnəkdir. Qərb zəngin təbii sərvətlərinə görə də TDT-nin əhəmiyyətini, qüdrətini qəbul edir.
Odur ki, Səmərqənd sammitindən sonra Budapeşt Zirvə toplantısı özünə məxsus ismarışdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kiprlə bağlı məsələdən danışması diqqəti cəlb edən məsələdir: “Şimali Kiprsiz Türk dünyasını təsəvvür etmək çətindir. Ona görə də qısa müddətdə Şimali Kiprin TDT-yə tamhüquqlu üzv kimi qəbul ediləcəyinə inanırıq”.
Zirvə toplantısında Budapeşt Bəyannaməsi də qəbul edilib. Onu Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanıb. Sənəd 71 bənddən ibarətdir.


Sənəddə Türk dövlətlərinin regionda və onun hüdudlarından kənarda rolunu artıran siyasi, iqtisadi, ekoloji, sosial və mədəni nailiyyətləri təqdir edən prezidentlər “Türk Dünyası Xartiyası”nı türk xalqlarının ortaq mədəniyyətinin, adət-ənənələrinin, dilinin, tarixinin əsas ifadəsi və onların ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivə kimi tanıyıblar.
Bəyannamədə türk dövlətləri arasındakı böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqları bildirilir, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində təşkilatın işinə dəyərli töhfələrini alqışlayaraq, eyni zamanda, Kipr məsələsinin danışıqlar yolu ilə qarşılıqlı məqbul və həyat qabiliyyətli həllinə nail olunmasının zəruriliyi qeyd edilib.
Bəyannamədə Qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqində qabaqcıl təşəbbüs kimi “Bakı Prosesi”nin uğuru yüksək qiymətləndirilir və Azərbaycan bu istiqamətdə davamlı liderliyinə görə təqdir edilərək, 2026-cı ildə keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə dəstək ifadə olunub.
Bundan başqa Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi, o cümlədən onun əsas nəticəsi olan Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində həyata keçirdiyi təşəbbüslər təqdir edilib.


Sənəddə TDT-yə üzv dövlətlərin müxtəlif beynəlxalq təşkilatlarda fəaliyyətinin güclənməsi üçün namizədlikləri dəstəklənib. Məsələn, Türkiyənin 2037-2038-ci illər üçün BMT Təhlükəsizlik Şurasının, 2025-2029-cu illər üçün UNESCO-nun İcraiyyə Şurasının, 2026-2028-ci illər üçün ECOSOC-un qeyri-daimi üzvlüyünə namizədliyi, Azərbaycanın 2025-2029-cu illər üçün UNESCO-nun Ümumdünya İrs Komitəsinə və həmin illərdə BMT-HABITAT-ın İcraiyyə Şurasının üzvlüyünə namizədliyi alqışlanıb.
Bəyannamədə üzv dövlətlərin fəaliyyətində iqtisadi, ticarət, nəqliyyat, mədəni, elmi, siyasi sahələrdə əməkdaşlığın artırılması da vurğulanıb.
Sənəddə Novruz bayramının TDT çərçivəsində qeyd olunması da vurğulanıb.
Bu, türk dövlətlərinin ictimai-mədəni həyatı, ortaq mədəniyyətin nümayişi istiqamətində önəmli hadisə sayılır.
Azərbaycanın 2025-ci ildə TDT-nin 12-ci Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğu da yüksək qiymətləndirilib.
Təşkilatın etnik mahiyyətdən çıxaraq çoxmillli beynəlxalq qurum kimi genişlənmək istiqamətində fəaliyyəti də bu sammitdə açıqlanıb. Əfqanıstan üzrə Birgə Bəyanatın qəbul edilməsi vacibliyinin vurğulanmasını buna örnək olaraq göstərmək olar.
TDT çərçivəsində keçirilən ikitərəfli görüşlər də önəmli sayılır. Bu baxımdan Prezident İlham Əliyevlə Macarıstanın Baş naziri Viktor Orbanın məhdud heyətdə ikitərəfli görüşü də qeyd edilə bilər.


Macarıstanın hökumət başçısı iki ölkə arasında münasibətlərin strateji səviyyədə olmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyib: “Ötən il Azərbaycandan Macarıstana ilk qaz nəql edilmişdir. Bu, əvvəllər heç vaxt baş verməmişdir, ilk dəfə idi ki, bu, baş verirdi. Cənab Prezidenti əmin edirəm ki, biz gələcəkdə bunun qarşılığını verə bilərik”.
O, Macarıstanın böyük enerji şirkətlərinə Azərbaycanda neft və qaz sahəsində işləməyə imkan yaratdığına görə də Prezidentə təşəkkür edib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur: “Bu, mənim Macarıstana 6-cı səfərimdir. Cənab Orban isə Azərbaycana 7 dəfə səfər etmişdir. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır”.
Dövlət başçısı ölkəsinin TDT üzvləri ilə əlaqələri inkişaf etməsinə işarə edərək deyib ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. O, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycanın Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrildiyinu vurğulayıb: “Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir”.


Prezident İlham Əliyev Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyətinin keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırıldığını da qeyd edib: “Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq”.
Budapeşt görüşü Bakı zirvə toplantısı öncəsi TDT üzvlərinin müəyyən mənada hesabat və görüləcək işlərlə bağlı sammiti də sayıla bilər. Bu məsələlər Bəyannamədə də öz əksini tapıb.
Sammit ikitərəfli əlaqələrə dair müzakirələrin aparılması üçün də əlavə fürsət yaradıb. Çünki Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli əməkdaşlığın səmərəli olduğu da istisna deyil. Belə ki, qurum üzvlərinin müxtəlif məsələlərə münasibəti bəzən İttifaq adından qəbul edilmiş qərarlarla üst-üstə düşmür.
Prezident İlham Əliyev bu məsələni Viktor Orbanla birgə mətbuat konfransında qeyd edib: “Aİ daxilində müstəqil siyasət aparmaq böyük qəhrəmanlıq tələb edir ki, bunlar da Macarıstanda var”.
Budapeşt Zirvə toplantısı Türk dövlətlərinin birliyini, əzmkarlığını, regional və qlobal miqyasda varlığını, qərblə şərq arasında aparıcı, birləşdirici rolunu bir daha nümayiş etdirib. TDT üzvləri bunu siyasi iradənin, bütün mənalarda sərvətlərin olduğu ilə də isbatlayır.(Report)