Bir əldə iki qarpız: İrəvanla strateji ittifaq, Bakı ilə birgə təlim -Tehran bölgədə açıq-aşkar ikili oyun aparır

“İran imkan verməyəcək ki, düşmənlər onun Ermənistanla strateji münasibətlərinə zərər vursun”.
Yenixeber.org: Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian bildirib. “Tasnim” agentliyi xəbər verir ki, Əhmədian bazar günü Tehranda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə İran və Ermənistan arasında bütün sahələrdə strateji münasibətlər və sıx əməkdaşlığın regionda sülhə və sabitliyə töhfə verəcəyini bəyan edib.
Onun sözlərinə görə, İran düşmənlərin iki qonşu arasında yaxşı münasibətlərə hər hansı zərər yetirməsinə imkan verməyəcək.
İranın bütün qonşuları ilə sıx əlaqələr saxlamaq siyasətinə diqqət çəkən Əhmədian bildirib ki, bölgədəki xarici qüvvələr ümumi sabitlikdə maraqlı deyillər. İran rəsmisi, Tehran və İrəvan arasında birgə layihələrin tam həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Öz növbəsində, Armen Qriqoryan ölkəsinə dəstəyə görə İrana yüksək qiymət verdiyini bildirib. O qeyd edib ki, Ermənistan və İran arasında münasibətlərin genişlənməsi üçüncü tərəflərin iradəsindən asılı deyil. Ermənistan rəsmisi həmçinin İranın özəl sektorunun Ermənistanın iqtisadiyyat və enerji layihələrində iştirakını yüksək dəyərləndirib.
Maraqlıdır ki, “Tasnim” elə həmin gün İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Azərbaycan Ordusunun Qarabağda birgə hərbi təlimlər keçirdiyi barədə xəbər verib.
Agentliyin yazdığına görə, “Araz-2025” kod adlı birgə təlimlər bazar günü Azərbaycan Respublikasının azad edilmiş Qarabağ bölgəsində başlayıb. SEPAH-ın və Azərbaycan Ordusunun quru qoşunlarının xüsusi təyinatlı bölmələrinin iştirak etdiyi bu təlimlər 21 may tarixinədək davam edəcək.
SEPAH-ın quru qoşunları komandanının müavini və birgə təlimlərin rəhbəri general Vəli Madani bildirib ki, SEPAH-ın xüsusi təyinatlı qüvvələri İranın Ərdəbil vilayətində yerləşən Biləsuvar quru sərhəd keçid məntəqəsindən keçərək, təlimlərdə iştirak üçün Azərbaycana daxil olub.
Onun sözlərinə görə, bu hərbi təlimlər ortaq sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi və mümkün təhdidlərin qarşısının alınması baxımından əhəmiyyətli addımdır.
Bəs bu vəziyyəti necə izah etmək olar? Bir tərəfdən İran və Ermənistan rəsmiləri – Əhmədian və Qriqoryan açıq-aydın Bakıya işarə və eyham vuraraq narazılıqlarını dilə gətirir, Bakının Tehran-İrəvan münasibətlərinə mane ola bilməyəcəyini deyirlər. Digər tərəfdən isə İran Azərbaycanla birgə hərbi təlimlər keçirir. Bunu necə uzlaşdırmaq olar? Burada açıq ziddiyyət yoxdurmu?
Müstəqil analitik Rəşad Rzaquliyev mövzu ilə bağlı fikirlərini bizimlə bölüşüb.
Onun sözlərinə görə, müasir beynəlxalq siyasətdə tərəflərin söz və hərəkətlərində ziddiyyət və açıq uyğunsuzluqlar artıq anormallıq yox, daha çox sabit faktor kimi qəbul olunur.
“Beynəlxalq siyasətin aktorları eyni anda bir neçə gələcək ssenarini sınaqdan keçirir və yoxlayırlar. İran məsələsinə gəldikdə, onun diplomatiyası geosiyasi şahmat taxtasında eyni anda bir neçə lövhədə oyun aparır və burada Ermənistanın və onun maraqlarının yeri o qədər də prioritet hesab olunmur. Bu aspektdə İran İslam Respublikası bu gün Türkiyənin türk dövlətləri birliyinə birbaşa logistik çıxışının qarşısını almaq istəyən əsas oyunçu rolunu ifa etməyə çalışır. Və bunu, ilk növbədə, türkdilli dünyanın artan təsirindən narahat olan Rusiya və Fransa yaxşı anlayır”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, digər tərəfdən, İran Azərbaycan ordusunun imkanları və döyüş ruhu ilə də maraqlanır.
“SEPAH hərbi rəhbərliyinin Azərbaycanla təlim-taktiki əməkdaşlıq təşəbbüslərini bəlkə də məhz bununla izah etmək olar. Mən hərbi ekspert olmadığım üçün bunu tam qiymətləndirməkdə çətinlik çəkirəm.
Bu klerikal dövlətin diplomatiyası və xüsusi xidmət orqanları Orta Şərqdə gözlənilən qarşıdurmalar və burada ilk hədəfin İran olacağı ehtimalı fonunda, öz milli təhlükəsizlik maraqlarını qorumaq üçün mövcud riskləri neytrallaşdırmaq və təhlükələri azaltmaq məqsədilə misilsiz səy göstərirlər. Bunun üçün mümkün olan bütün resurslar və təcrübə səfərbər olunur.
Mənim şəxsi müşahidə və təhlillərimə əsasən, İran İslam Respublikasına uzun illər ərzində gizli və nəzərəçarpacaq dəstək göstərən qüvvələr arasında Vatikan və Fransa xüsusi yer tutur. Paradoksal görünsə də, konfessional ziddiyyətlərə baxmayaraq, bu gün də həmin dövlətlərin və onların dini ordenlərinin regiondakı maraqları eynidir. Bu kontekstdə, Fransanın Ermənistanı silahlandırması və İran diplomatiyasının guya Ermənistan Respublikasının sərhədlərinin müdafiəsi ilə bağlı bəyanatları sadəcə eyni qəlibdən çıxmış ritorika deyil, bir-biri ilə bağlı strateji əməkdaşlığa bənzəyir”, – deyə Rəşad Rzaquliyev bildirib.(pressklub)
Rauf Orucov