Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Qlobal savaşın başlanğıcı və ya fəlakətin bir addımlığında -ŞƏRH

Ərəstun Oruclu: “İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil”

Yenixeber.org: Dünən gecə İran İsraili kütləvi raket atəşinə tutub. İsrail ordusunun Mətbuat Xidməti Təl-Əvivə, Qüdsə və digər ərazilərə 180-ə yaxın raket atdığını və onların bir çoxunun havada vurulduğunu bildirib. İsrail tərəfi bu hücumu cavabsız qoymayacağını bəyan edib.

İranın Livandakı proksi qüvvəsi sayılan “Hizbullah” qruplaşmasının lideri Həsən Nəsrullahın və təşkilatın komandir heyətinin İsrail tərəfindən öldürülməsindən sonra Tehranın buna cavab verəcəyi gözlənilən idi. İranın dünən İsrailə raketlər atması və İsrailin cavabın ağır olacağı barədə bəyanatı Yaxın Şərqdə eskalasiyanın daha da genişlənə biləcəyi ehtimalını artırır.

“Axios” yazıb ki, İranın bir sıra mühüm infrastruktur obyektləri İsrailin hədəfi ola bilər. İsrail rəsmiləri portala bildiriblər ki, İsrail əhəmiyyətli cavab zərbəsi endirəcək və bu zərbə neft hasilatı obyektlərinə və digər strateji obyektlərə yönələ bilər. Onlar qeyd ediblər ki, bütün variantlar, o cümlədən İranın nüvə mərkəzlərinə zərbə endirmək imkanları nəzərdən keçiriləcək. “Axios” qeyd edir ki, İsrail İrana iki ay əvvəl Tehranda HƏMAS lideri İsmayıl Həniyənin ölümü ilə nəticələnən əməliyyata bənzər həm hava hücumları, həm də gizli əməliyyatlarla cavab verə bilər.

Analitiklər istisna etmirlər ki, qarşılıqlı zərbələr genişmiqyaslı müharibəyə - İsrail-İran müharibəsinə çevrilə bilər. Prosesləri bizimlə müsahibəsində şərh edən “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, Yaxın Şərqdə yeni eskalasiya dalğası bir il əvvəl, oktyabrın 7-də Fələstinin HƏMAS qruplaşmasının İsrailə hücumu ilə başladı:

- Əslində bununla İsrail hökumətinə “kart-blanş” verilmiş oldu – həm də bir neçə aspektdə. Birincisi, ümumiyyətlə, müharibəyə başlamaq, hansı ki, bu, İsrailin Baş naziri Benyamin Netanyahu üçün son dərəcə vacib idi. Çünki Netanyahu hökuməti onsuz da kövrək koalisiyadan ibarət idi və ona xarici düşmən faktoru heç zaman olmadığı qədər lazım idi. HƏMAS da necə deyərlər, böyük məmuniyyətlə bu “hədiyyəni” Netanyahu hökumətinə verdi.

İkincisi, Qəzzada aparılan dağıdıcı əməliyyat, on minlərlə insanın, xüsusilə də mülkilərin amansızcasına qətlə yetirilməsi, Netanyahu lobbiçilərinin İsraildən kənarda apardığı təbliğat göstərdi ki, artıq İsrail böyük müharibəyə başlayıb. Livanda baş verənlər, İsrailin davamlı şəkildə İranı birbaşa münaqişəyə cəlb etmək üçün atdığı təhrikçi addımlar göstərir ki, bu, strateji xətdir. Amma eyni zamanda, bütün bu gərginliyin miqyası Donald Tramp ABŞ-da prezidentliyə namizəd olduqdan sonra genişləndi. Bu, səbəbsiz deyil, çünki Tramp Netanyahu hökumətinin ABŞ-da prezident kimi görmək istədiyi şəxsdir. İsrailin atdığı son addımların hamısı İranla açıq müharibəyə girmək, beləliklər də, ABŞ-dakı hazırkı demokrat adminstrasiyanı münaqişəyə cəlb etmək, seçkilərdə Demokratlar Partiyasının namizədi Kamala Harrisin məğlubiyyətini təmin etməyə hesablanıb. Nəzərə almaq lazımdır ki,  seçkilərə bir aydan bir qədər artıq vaxt qalıb. İstisna etmirəm ki, Üçüncü Livan müharibəsi ola bilər. Eyni zamanda, İrana qarşı böyük hərbi əməliyyatlar da mümkündür. Əminliklə deyirəm ki, bu gün Netanyahu hökumətinə HƏMAS-ın, “Hizbullah”ın, İranın, “Ənsar Allah”ın hamısının bir yerdə zərərsizləşdirilməsi yox, daha çox ABŞ-da Trampın seçkilərdə qalib gəlməsi lazımdır. Netanyahu şəxsən buna çalışır.

- İran dünən İsrailə cavab zərbəsi endirdi. Bunu necə qiymətləndirmək olar?

- İranın İsrailə cavabı əslində müəyyən mənada balanslı və öz imkanları çərçivəsində olan cavab idi. Aprel ayında İran İsrailə əsasən PUA-larla hücum etmişdi. Amma bu dəfə İsrailə ballistik və qanadlı raketlər atıldı. Onu da deyim ki, bunlar İranın ən müasir raketləri deyil. Demək ki, İranın cavabı daha çox mesaj xarakteri daşıyır. Həm də İsraildən daha çox onu dəstəkləyən ABŞ-a mesaj idi. Hətta belə bir məlumat da yayıldı ki, guya İran əvvəlcədən hücumlarla bağlı ABŞ-ı xəbərdar edib. Hər bir halda ABŞ rəsmiləri hücumdan üç saat əvvəl artıq mətbuat üçün açıqlama vermişdilər və İsraili də xəbərdar  etmişdilər. Bu, çox qəribə mənzərədir. Təsəvvür edin, ABŞ adminstrasiyası bəyan edir ki, onun nə İsrailin Livandakı “peycer əməliyyatı”ndan, nə “Hizbullah” lideri Həsən Nəsrullahın qətlindən xəbəri olub. Guya əməliyyata bir neçə dəqiqə qalmış İsrail ABŞ-a məlumat verib. Amma guya İranın raket hücumundan bir neçə saat əvvəl ABŞ-ın məlumatı olub və bu barədə İsrailə xəbər verilib. Əslində İran bununla İsraillə yanaşı, ABŞ adminstrasiyasını da gülünc vəziyyətə qoydu.

Mesajlar isə düşünürəm ki, ünvanına çatdı. İran göstərdi ki, onun daha böyük hərbi potensialı var. Təbii ki, İranın hərbi potensialı İsrailin potensialı qədər deyil. Texnoloji səviyyələr fərqlidir. Amma bu gün dünya mediasında yazılanlara baxmaq lazımdır. Əlbəttə, söhbət təbliğatçı mediadan yox, hadisələri obyektiv qiymətləndirən mediadan gedir. Analizlərdən görünür ki, İsrail heç də öz təhlükəsizliyini təmin etməkdə göründüyü qədər güclü deyil. Bu da, təbiidir. Biz görmüşük ki, İsrailə husilərin atdığı raketlər də düşüb, “Hizbullah”ın atdıqları da düşüb. HƏMAS-ın əməliyyatları olub ki, yüksək texniki imkanlara malik İsrail bunun qarşısını zamanında ala bilməyib. Ona görə də, düşünürəm ki, iranın ABŞ-a mesajı çatdı.

- Bu mesaj nədən ibarətdir?

- İran ABŞ-a mesaj verir ki, böyük müharibəyə girmək istəmir. Həm də ona görə ki, Tehran ABŞ-dakı seçkilərin nəticələrinə təsir edərək Trampın hakimiyyətə qayıtmasını istəmir. Mesajla bağlı ABŞ-ın da mövqeyi açıq-aydın göründü. Bəli, Vaşinqtondan İranın ünvanına müəyyən hədə-qorxular səsləndirildi. Amma ABŞ Prezidenti Co Baydenin ölkənin hərbi qüvvələrinə verdiyi tapşırıq ondan ibarət oldu ki, İranın atdığı raketlər vurulsun, İsrail təhlükəsizləşdirilsin. Diqqət etmək lazımdır ki, bu tapşırıqda İrana hücumdan, İranın vurulmasından söhbət getmir, məhz İsrailin təhlükəsizliyini qorumaqdır. Hesab edirəm ki, bu, İranın mesajına cavabdır. Amma əlbəttə, növbəti mərhələlərdə hər şey başqa cür ola bilər.

- Yəni İsrail-İran müharibəsi ola bilərmi?

- Qeyd etdiyim kimi, israil İranı müharibəyə sürükləməyə çalışır. Amma məntiq deyir ki, hazırda İsraili dəstəkləyən ABŞ adminstrasiyasına bu müharibə lazım deyil. Ən azından, prezident seçkilərinədək Bayden adminstrasiyasına İranla müharibə lazımsızdır.

İsrail-İran müharibəsi realdırmı sualına cavabım isə belədir ki, hər şey İsrailin növbəti addımlarından asılıdır. İran cavab verdi, mesajlarını çatdırmış oldu, niyyətini ortaya qoydu. İsrailin isə niyyəti İranın proksi qüvvələrini sıradan çıxarmaq, öz təhlükəsizliyini təmin etmək və ən başlıcası, ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərinə təsir göstərməkdir. Əsas məsələnin ABŞ-dakı seçkilərə təsir etmək olduğunu nəzərə alsaq, deyə bilərik ki, İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil. Netanyahunun İranın Ali Dini Rəhbəri ilə bağlı “X” sosial media hesabında paylaşdığı foto açıq şəkildə göstərir ki, İsrail təhrikçiliklə məşğuldur. (Netanyahu fars dilində paylaşım edərək İranın Ali Dini Rəhbəri Seyid Əli Xameneini hədəf seçib. Baş nazir Xameneinin əbasının fotosunun paylaşaraq bunları yazıb: “Özünüz istədiniz!” – A.B) Netanyahu konkret olaraq Tehranı müharibəyə təhrik edir. Ona görə də hər şey İsrailin İrana qarşı atacağı addımların miqyasından, İrana vura biləcəyi ziyandan asılı olacaq. Elə bir hadisə baş verə bilər ki, İran artıq niyyətini dəyişə, hədəflərini arxa plana keçirə, birbaşa müharibəyə daxil ola bilər. İran proksi qüvvələrini özü ilə birlikdə bu savaşa cəlb etməklə böyük müharibəyə girər. Söhbət 5-6 ölkənin iştirak etdiyi müharibədən gedir. Ən azı İsrailin, İranın, Livanın, Suriyanın cəlb olunması ilə böyük müharibə başlaya bilər. Bu halda təbii ki, beşinci ölkə kimi, ABŞ da savaşa qoşulacaq. Şübhəsiz ki, müharibəyə hansısa formada Rusiya da qoşulacaq. Artıq bu, Yaxın Şərqdə qlobal savaşın başlanğıcı ola bilər.  

- Regiona yaxın ölkə olan Azərbaycan üçün bu qarşıdurmada təhdidlər nələrdir və biz hansı addım atmalı, hansı mövqe tutmalıyıq?

- Azərbaycan bu məsələdə neytrallığını qoruyub-saxlamalıdır. Ona görə ki, bir tərəfdən Azərbaycanla İsrail arasında əhatəli əməkdaşlıq mövcuddur, hansı ki, bu, tez-tez İranın Azərbaycana qarşı təhdid dolu bəyanatlarına səbəb olur. Digər tərəfdən, İran təkcə on milyonlarla Azərbaycan türkünün yaşadığı ölkə deyil, həm də qonşu dövlətdir. Bu ölkəyə qarşı müharibə başlayacağı halda onun humanitar nəticələri - qaçqın axını kimi məsələlər Azərbaycan üçün fəlakətli vəziyyət yarada bilər. Mən hələ başqa məsələləri demirəm. Məsələn, İran, xüsusilə də SEPAH rəsmiləri müntəzəm şəkildəm guya Azərbaycanda İsrail hərbi bazalarının olduğunu iddia edirlər. Yüksək ehtimalla SEPAH-ın iddiası əsassızdır, amma bəzən belə məsələlər bəhanə rolu oynaya bilir. Müharibə olacağı təqdirdə İran əsassız da olsa, bu iddiasını bəhanə kimi istifadə edib Azərbaycana qarşı hansısa addımlar ata bilər.

Digər tərəfdən, İran müharibəyə cəlb edilərsə, onun müttəfiqi olan Rusiya İrana dəstək olmaq üç hərbi texnika, hətta canlı qüvvə göndərmək fikrinə düşə bilər. Bu da yalnız Azərbaycan üzərindən həyata keçirilə bilər. Bu isə çox təhlükəlidir. Azərbaycan mediasında bəzi ekspertlər İsraillə İran arasında yaşananlar barədə uşaq sevinci ilə danışırlar ki, bunu anlamaq çətindir. Nəzərə alınmalıdır ki, İranın müharibəyə cəlb edilməsi Azərbaycan üçün çox böyük təhlükə riski daşıyır. Ona görə də düşünürəm ki, Azərbaycan bu məsələdə neytral mövqe nümayiş etdirməlidir. Hökumətin nəzarətində olan medianın isə ilk vəzifəsi mümkün müharibənin Azərbaycana təsirləri barədə məlumat verməkdir. İranın, yaxud da İsrailin marağına uyğun şəkildə təbliğat aparmaq doğru deyil və bunun bizim üçün fəsadları ola bilər.(AYNA)

Anar Bayramoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam