Yenixeber.org: “Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi hərbi müdafiə sahəsinə daim diqqət göstərməyə vadar edir”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.
Ölkə başçısı bildirib ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır: “Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. Onlar İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Üzdə bunu desələr də, onların işləri, siyasətləri, addımları tam əks mənzərə yaradır”.
“Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, onların qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar - bütün bunlar onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib. Bizim Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Bu barədə geniş danışmağa ehtiyac yoxdur. Ancaq əldə edilmiş məlumatlar bunu göstərir. Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur - bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur”, - Əliyev ittiham edib.
Prezident əlavə edib ki, vəzifə nömrə bir - hərbi gücümüzün artırılmasıdır: “Və biz bunu edirik. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılıb və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir. Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq”.
“Bizim sərhədboyu yerləşən hərbi mövqelərimiz möhkəmlənir. Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır. Eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir. Bəzi hallarda açıq - necə ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı açıq-aşkar aparılır - bəzi hallarda isə məxfi formada. Ancaq biz indi hər şeyi bilməliyik və bilirik, kimlər nəyi Ermənistana nə vaxt ötürür, hansı hərbi yük təyyarələri Ermənistan hava limanlarına enir və o yük təyyarələrində hansı hərbi məhsullar Ermənistana daşınır. Yəni Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır”, - Azərbaycan lideri söyləyib.
Ekspertlər Prezidentin bu bəyanatlarını Ermənistanın müharibə hazırlığında olmasının anonsu kimi qiymətləndirirlər. Analitiklərə görə, Ermənistanın silahlanması, Azərbaycanın əsas prioritetinin ordunun gücünü daha da artırmaq olduğunu nəzərə alsaq, yeni müharibə riskinin böyük olduğunu söyləmək mümkündür.
Hərbi jurnalist Səxavət Məmməd bizimlə müsahibəsində bildirib ki, Prezidentin Milli Məclisdəki çıxışında açıq mesajlar vardı:
- Ordunun niyə gücləndirilməsinin, hərbi xərclərin niyə eyni səviyyədə saxlanılmasının, Ermənistandan hər an təxribat gözlənilməsinin səbəbləri dilə gətirildi. Diqqət çəkən digər məqamlar isə beynəlxalq münaqişələrin regiona təsiri ilə bağlı deyilənlər oldu. Ölkə başçısı açıq şəkildə NATO-nun Ermənistanda olduğunu vurğuladı. Bundan əlavə, silah sənayesinin inkişafının səbəbləri qeyd olundu. Əslində Prezidentin çıxışından regiondakı gərginliyin səbəblərini aydın şəkildə oxumaq olur. Bundan əlavə Azərbaycan təhdidlərin hardan gəlməsi bildirildi. İlk dəfə idi ki, Azərbaycana dost və dost olmayan dövlətlərin rəsmi şəkildə katiqoriyalaşdırıldığının şahidi olduq. Bunu qeyd etməsəm olmaz. İdeoloji savaşın içərisində olduğumuz, qeyri-ənənəvi adətlərin Azərbaycanda təbliğinin zərərli tərəflərinə diqqət çəkilərək milli atət-ənənələrin vacibliyi ön plana çəkildi. Hesab edirəm ki, ölkə başçısı çox ciddi mesajlar verdi. Aidiyyəti qurumlar, onların rəhbərliyi bu məsələlərə diqqət yetirməlidirlər.
- Prezident ordumuzun daha da gücləndirilməsinin vacibliyindən danışdı. Bu, nəyin anonsudur?
- İlham Əliyev açıq şəkildə dedi ki, hər an Ermənistandan Azərbaycana qarşı təxribat ola bilər. Bunlar mülahizədən, iddiadan daha çox informasiyaya dayanmış bir ifadələr idi. Çünki Ermənistanın silahlandırılması faktiki olaraq Azərbaycana görədir. Ermənistan silahlandırılaraq nə İrana, nə Gürcüstana, nə Türkiyəyə, nə də Rusiyaya qarşı ola bilməz. Hesab edirəm ki, Cənubi Qafqaz uğrunda gedən NATO-Rusiya toqquşması Azərbaycan və Ermənistan üzərindən aparılacaq. Çünki Gürcüstan üzərindən aparılacaq savaş daha çox siyasidir. Oktyabr ayında seçkilərdə Gürcüstanda kimin qalib gələcəyinə aydınlıq gələcək. Cənubi Qafqazın Rusiya, yoxsa NATO-nun təsir dairəsində olacağına isə Ermənistan və Azərbaycan qərar verəcək. Dünyada baş verən proseslər onu deməyə əsas verir ki, müharibələrin coğrafiyası genişlənir. Dünya yenidən dizayn olunur. Bu o deməkdir ki, siyasi xəritələr də dəyişə bilər. Azərbaycan eyni vaxtda həm özünü müdafiə etməli, varlığını sürdürməli, həm də yeni dizayn olunacaq dünyadan pay qoparmalıdır. Belə olan təqdirdə Azərbaycan güclü olmağa məcburdur. 44 günlük müharibədən sonra yazırdım, deyirdim ki, müharibə bitməyib, hələ yeni başlayır. O zaman bir çoxları məni ittiham edirdi. Ancaq indi gəldiyimiz nöqtə onu göstərir ki, müharibə hələ hazırlıq mərhələsindədir. Bizi qarşıda daha ağır sınaqlar gözləyir.
- Ölkə başçısı Ermənistanda revanşistlərlə yanaşı, rəsmi İrəvanın da müharibənin nəticələri ilə barışmadığını söylədi və qarşı tərəfin silahlandığına diqqqət çəkdi. Bu bəyanatdan belə nəticəyə gəlmək olarmı ki, yeni müharibə riski yüksəkdir?
- Bu region daim müharibə riskinin olduğu regionlardandır. Hətta sülh müqaviləsi imzalansa belə, bu regionda müharibə riski azalmayacaq. Coğrafi mövqe, tranzit yollarının qovuşağında yerləşmə böyük güclərin bura marağını artırır. Ona görə də, burada region dövlətləri istəməsə belə, müharibə təşkil etmək istəyən qüvvələr çıxacaq. Nəzərə almaq lazımdır ki, böyük dövlətlər bu regiona dövlət-dövlət, yəni Gürcüstan, Azərbaycan, Ermənistan deyə baxmırlar. Onlar bura bütöv bir region kimi baxırlar və bunu daim dilə gətirirlər. Yəni bu regionda üç dövlətin olması, toqquşma, gərginlik, müharibələri qaçılmaz edir və edəcək də. Hesab edirəm ki, strateji hədəfimiz fərqli olmalıdır. Bu regionda vahid dövlətə çevrilməliyik. Buna insan və digər resurslarımız da imkan verir.
Rusiya ilə NATO-nun anlaşacağını düşünmürəm. Bu iki qütb anlaşma əldə edəcəksə, müharibə riski aradan qalxacaq, Ermənistan da vasitəçisiz gəlib sülh müqaviləsi imzalayacaq. Yox, əgər NATO-Rusiya uzlaşması olmayacaqsa, Ermənistan sülhdən qaçacaq, silahlanmanı davam etdirəcək və toqquşma qaçılmaz olacaq.
- Prezidentin mesajlarından Ermənistan hansı nəticələri çıxaracaq?
- Ermənistan İlham Əliyev bu fikirləri səsləndirməsə belə, hər şeyin fərqindədir. Ancaq Ermənistan müstəqil siyasət yürüdə bilmir. Çünki Ermənistan ərazisində ABŞ, Fransa hərbçiləri var. Bundan əlavə, Rusiya hərbi bazası da mövcuddur. Ermənistanın silah aldığı və almağa can atdığı ölkələrə baxsaq hər şey aydın olacaq. Yəni Ermənistan Azərbaycanla oynamağın təhlükəli olduğunun fərqindədir. Ona nə əmr edilsə, onu etməyə də məcburdur. Ona görə də, dərs çıxarmaq yerinə, siyasətinə davam edəcək. Ermənistan düşünür ki, Azərbaycanın ona qarşı əlində təsir rıçağı yoxdur. Çünki Qarabağ məsələsi tamamilə həll olub, ermənilər ərazini tərk edib. Antiterror əməliyyatından əvvəl isə vəziyyət fərqli idi. Ermənistan hər dəfə oyundan qaçanda Azərbaycan bir əməliyyat keçirərək, onları yola gətirirdi. İndi isə onlar fərqli düşünürlər. Ancaq Azərbaycanın birincinin dili ilə “təhdid yaranacağı təqdirdə vuracağıq” deməsi, onları təşvişə salmamış olmayacaq. Əvvəllər səsləndirdiyim fikrimdə qalıram: bu proses Ermənistan və Azərbaycanın arzuladğı, istədiyi proses deyil. Müharibə olacaqsa, sahədə Azərbaycan və Ermənistanı görəcəyik. Ancaq bu Azərbaycan və Ermənistanın müharibəsində daha çox böyük güclərin müharibəsi olacaq.(AYNA)
Anar Bayramoğlu