PUTİN RUSİYANI UZUNMÜDDƏTLİ VƏ DAHA SƏRT QARŞIDURMAYA SÜRÜKLƏYİR - Ancaq iki məqamı unudur...
Rusiya - Ukrayna müharibəsindəki son hadisələrdən, Vladimir Putinin kadr dəyişikliyindən və onun Pekinə səfərindən belə bir nəticə çıxarmaq olar ki, Rusiya müharibənin hələ uzun sürəcəyinə hazırlaşır. Görünən odur ki, Putin Rusiyanı Soyuq müharibədən daha sərt geostrateji qarşıdurmaya sürükləyir və Rusiya ilə Qərb arasındakı gərginlik getdikcə şiddətlənir.
Yenixeber.org: Rusiya bu müharibədən qalib çıxmaq və istədiyinə nail olmaq üçün ölkə iqtisadiyyatını hərbi relsin üzərinə qoymaq məcburiyyətində qalır. Kremlin gələcəklə bağlı planları, onun öz məqsədinə necə və hansı üsullarla çatacağı maraq doğurur. Hakimiyyətin yuxarı eşalonundakı Sergey Şoyqunun və Nikolay Patruşevin postlarından uzaqlaşdırılmasında təəccüblü heç nə yoxdur. Rusiyada toxunulmaz yalnız bir şəxs var və o da Vladimir Putindir...
Bəs Rusiyanın uzunmüddətli müharibəyə hazırlaşmasının başlıca səbəbi nədir? Putin bilmirmi ki, müharibə uzandıqca qüvvələr nisbətindəki balans fərqi onun əleyhinə işləyəcək?
Hələ Amerikanı kənara qoyaq, məsələn, Avropa ilə müqayisədə Rusiyanın iqtisadiyyatı iyirmi dəfə kiçikdir. Avropa ölkələrinin böyük orduları olmasa da, çox möhtəşəm Hərbi Sənaye Kompleksləri var. Hələlik, Avropa öz iqtisadiyyatını hərbləşmə istiqamətinə yönəltmək qərarına gəlməyib. Ancaq buna baxmayaraq, Avropanın hərbi imkanlarını artırması ilə bağlı tez-tez çağırışlara rast gəlirik. Müşahidələr və proseslərin ümumi dinamikası göstərir ki, ”qoca qitə”nin Ukraynadakı müharibəyə baxışı tədricən dəyişir və onlar intensiv hərbləşmə prosesinə start verə bilərlər. Bu isə Rusiya iqtisadiyyatının döyüşən ordunu daim silahla təmin etmək üçün əlavə yüklənməsi ilə nəticələnəcək. Sanki Qərb də elə bunu istəyir və Rusiyanı oraya dartır. Putin deyir ki, 1980-ci illərin ortasında SSRİ-nin Ümumi Daxili Məhsulunda hərbi xərclərin payı 13 faiz olub və hazırda Rusiyada bu göstərici 8,7 %-dir(SSRİ -də hərbi xərclər Putinin dediyindən də yüksək olub). Əslində, o, demək istəyir ki, Rusiya həmin səviyyəyə qədər gedəcək. Amma Rusiya Prezidenti burada iki məqamı unudur.
Birincisi, SSRİ heç kimlə müharibə etmirdi, Əfqanıstandakı müharibə isə Ukraynadakı müharibə ilə müqayisəyə gəlməz dərəcədə kiçik idi. Lakin hətta bu müharibə Sovet İttifaqı kimi nəhəngi silkələmişdi. 280 milyon əhalisi olan SSRİ-nin Əfqanıstanda 9 il ərzində 15 min əsgəri ölmüşdüsə, 27 ay ərzində 145 milyonluq Rusiyanın 160 min əsgəri ölüb, 300 min əsgəri isə əlil olub. Məhv edilmiş texnikanın sayı və müharibəyə çəkilən xərc isə müqayisəyə gəlməz dərəcədə yüksəkdir.
İkincisi, Sovet İttifaqının iqtisadiyyatı Rusiyanın indiki iqtisadiyyatından dəfələrlə böyük idi. SSRİ dünyadakı ümumi sənaye istehsalı həcminin 16,5 faizinə sahib idi. Həm də SSRİ 1980-ci illərin ortasında hərbi xərcləri birdən-birə qaldırmamışdı, hər şey tədricən getmişdi.
Vladimir Putin artıq ölkə iqtisadiyyatının, büdcənin və sosial təminat sisteminin yüklənəcəyinin siqnalını verdi. O, Sergey Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırmaqla guya ki, silah təchizatındakı uğursuzluğun günahkarını tapıb. Lakin Şoyqu özbaşına nəsə etmirdi, sadəcə Putinin əmr və tapşırıqlarını yerinə yetirirdi. Putin özü bu illər ərzində “Kinjal”, ”Sirkon” raketləri, “Armata” tankı, ”Su-57” təyyarəsi kimi yeniliklərlə qürrələnməyibmi, deməyibmi ki, bu silahların anoloqu yoxdur? Axı, bütün bunlar Şoyqunun dövründə ərsəyə gətirilib. Əgər tərifli yeni silahlar gözlənilən texnoloji üstünlüyə malik deyilsə, bunun günahkarı təkcə Şoyqudurmu?
Bundan sonra Andrey Belousov hansı fövqəladə dəyişikliklər, müsbət yeniliklər həyata keçirə bilər? Belousovun təyin edilməsi Rusiyada müdafiə sənayesində xüsusi yeniliyə yol açmayacaq, hər şey əvvəlki kimi davam edəcək. Yeni və daha səmərəli heç nə yaradılmayacaq, sadəcə köhnələrin üzərində yeniləmə işləri aparılacaq. Putin müdafiəyə çəkilən xərcləri bir qədər də artıracaq və bununla da Rusiya militarizmdə özünün ən potensial zirvəsinə çatacaq. Həmin həddin aşılmasına cəhd isə iqtisadiyyatın çöküşüylə nəticələnə bilər. Putin istəyir müharibədən elə qalib çıxsın ki, cəmiyyət müharibənin ağırlığını öz həyatında kəskin şəkildə hiss etməsin. Ona görə də bunu zamana yaymaqla həyata keçirmək niyyətindədir. Ancaq müharibənin qeyri-müəyyən vaxta kimi uzanması əhalinin həyat şəraitinə təsirsiz ötüşməyəcək.
Hərbi xərcləri artırmaq üçün əlavə pulların tapılması yollarına baş vurulacaq. Rusiya hökuməti vergi məcəlləsində dəyişiklik etməyi planlayır. Kreml dəfələrlə Çindən pul istəsə də, hələlik ona müsbət cavab verilməyib. Pekin, yəqin ki, Moskvanın daha aciz hala düşməsini gözləyir...
Rusiya mütəhhərik deyil, tarix boyu bürokratiya və korrupsiya onun həyatının ayrılmaz parçası olub. Bu səbəbdən də qarşıya qoyulan planların yerinə yetirilməsi həmişə ləngiyir, sonradan günahkar ovuna çıxılır və yenidən başlanğıc nöqtəyə qayıdılır. Amma Rusiyanın böyük təbii srəvətləri onun çatışmazlıqlarını, ayıblarını örtə bilir. Müqayisələr hər zaman qüsurlu olsa da, onu demək lazımdır ki, əgər Rusiyadakı insan və təbii resursun yarısı Ukraynada olsaydı, müharibə çoxdan bitmişdi...
Yuxarıda deyildiyi kimi, Rusiya hərbi xərcləri öz potensial imkanının ən yüksək həddinə qədər qaldıracaq və bütün cəmiyyəti də bu istiqamətdə kökləyəcək. Müqavilə əsasında döyüşçü yığılması ilə bərabər “sürünən” səfərbərliyin dozasını bir qədər də artıracaqlar. Rusiya Ukrayna ordusunu yormaq və onun qüvvələrini səpələmək üçün cəbhə xəttini uzadacaq. Xarkov istiqamətindən sonra Sumı tərəfdə də aktivləşəcəklər və beləliklə, Zaporojye, Çasov Yar, Avdeyevka, Kupyansk istiqamətləri ilə yanaşı daha iki cəbhə xətti formalaşacaq. İndi Ukrayna üçün həll ediməsi ən vacib olan məsələ Xarkov istiqamətində yaranmış ağır vəziyyəti sabitləşdirməkidir.
Çox güman ki, Rusiya Xarkov istiqamətində bufer zona-platsdarmı yaratmaq istəyir. Onların hələlik ilkin planı budur. Ukraynalılar özləri etiraf edirlər ki, ruslar daha zəif, yaxşı müdafiə olunmayan yaşayış məskənlərini tuta biliblər. Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri deyib ki, rusların daimi artilleriya və dron hücumları altında sərhədə yaxın yerlərdə müdafiə qurğuları yaratmaq mümkün olmayıb. Ona görə də onlar birinci müdafiə xəttini sərhəddən 12-13 kilometr, ikinci xətti isə 20 kilometr aralıda qurublar. Lakin hər halda, hadisələrin gedişi və şahidlərin söylədikləri göstərir ki, ön cərgədə lazım olan istehkamlar tikilməyib, çoxlu sayda beton bloklar yol kənarına atılmış vəziyyətdə qalıb. Əlbəttə, bu, Ukraynanın müvafiq rəsmi strukturları tərəfindən araşdırılmalıdır. Bu, həm də müəyyən mənada hərbi-tikinti işlərinə məsuliyyət daşıyanlar üçün dərs olmalıdır.
Xarkov istiqamətində Ukrayna ordusunun problemlərindən biri də Qərbin yolladığı silahlarla Rusiya ərazisinə atəş açmağa qadağa qoyulmasıdır. Rusiya öz ərazisindən heç bir təhlükə duymadan rahatlıqla Ukraynanın sərhədə yaxın yaşayış məntəqələrini atəşə tutur. Ukrayna isə ABŞ-nin qadağaları üzündən həmin atəş nöqtələrini susdura bilmir. Müharibə uzanacağı təqdirdə Qərb Ukraynanı güclü silahlara təchiz etsə, Rusiya getdikcə çıxılmaz vəziyyətlə üzləşə bilər. ATACMS raketlərinin Krımdakı hücumları Rusiya ordusunun perspektiv imkanlarının necə dağıla biləcəyinin əyani nümunəsidir. Əlbəttə, Qərbdən yardım gəlməsə, Ukrayna duruş gətirə bilməz və cəbhə xətti çökər. ABŞ-nin yardımları həlledici olsa da, Avropanın süst davranışlarına son qoyması Ukraynanın potensialını qat-qat gücləndirə bilər. Bir çox Avropa ölkələri Ukraynaya böyük yardımlar edir. Məsələn, Danimarka kimi kiçik ölkə Ukrayna ordusuna 19 ədəd “F-16” qırıcısı verəcək. Bundan başqa, iki gün öncə Danimarka Xarici İşlər naziri Lars Lyukke Rasmusen Ukraynaya 750 milyon avro dəyərində yeni yardım yollayacaqlarını elan edib. Ümumiyyətlə, Danimarka Ukraynaya indiyədək 4 milyard avro dəyərində hərbi yardım göstərib. Amma Qərbin aparıcı böyük dövlətləri heç də Danimarka kimi davranmırlar. Açıq hiss olunur ki, onlar Rusiyanın məğlubiyyətə uğramasını arzulamırlar.
Elə Ukrayna Prezidenti Volodimir Zelenski də məhz bundan şikayətlənib. O, son müsahibəsində deyib: ”Mən hesab edirəm ki, tərəfdaşlarımız Rusiya Federasiyasının bu müharibədə məğlub olmasından qorxurlar. Onlar istəyirlər ki, Ukrayna elə qələbə qazansın ki, Rusiya uduzmasın. Ukraynanın qalib gəlməsi üçün bizə qələbəni təmin edən hər şey verilməlidir”.(Azpolitika)
Vaqif Nəsibov