Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiya Qarabağa niyə gəlmişdi, niyə çıxdı? -Nəsimi Məmmədli yazır

 Rusiya Qarabağa niyə gəlmişdi, məqsədi nə idi? Məqsədinə niyə çata bilmədi? Niyə çıxdı?
Yenixeber.org: "Sülhməramlıların ölkəmizi tərk etməsi müsbət hadisədir və alqışlanmalıdır."
Bu haqda politoloq Nəsimi Məmmədli FB səhifəsində yazıb:
9 noyabr 2020-ci ildə Kreml öz hərbiçilərini Qarabağa uzunmüddətli hərbi missiya kimi gətirmişdi. Qarabağda illərlə qalmağı hədəfləyən Kreml bu məqsədlə ərazidə xeyli hazırlıq işləri də apardı.
Məqsədi bütün mümkün vasitələrlə Ermənistan-Azərbaycan arasında münaqişənin davam etməsinə nail olmaq idi. Münaqişədən faydalanaraq öz geosiyasi maraqlarını etibarlı şəkildə qorumaq istəyirdi. Rusiya problemin həllində yox, onun öz nəzarəti altında “dondurulmasında” maraqlı idi.
Üçtərəfli bəyanatın prinsiplərinə zidd olaraq sülhməramlıların komandanlığı dəfələrlə qondarma rejimin atributlarının ətrafında oturaraq onlarla müzakirə aparır və şəkillər paylaşırdı. Qondarma rejimə faktiki olaraq dördüncü tərəf kimi yanaşırdı. Azərbaycan ərazisində separatçı fəaliyyəti və təcavüzkarlığı açıq dəstəkləyirdi.
2020-ci ilin noyabrından 2021-ci ilin 14 dekabrına kimi danışıqların yalnız Rusiya şəhərlərində aparıldığını yaxşı xatırlayırıq. Heç bir müsbət nəticə olmadı.
Rusiya 2022-ci ilin 22 fevralında Ukrayna ilə müharibəyə başladıqdan sonra durum dəyişdi. Xüsusilə də Ukraynanın hərbi müqaviməti, Qərbin sanksiyaları və Ukraynaya açıq dəstəyi Rusiyanın başını ciddi şəkildə qatdı. Azərbaycan hərbiçiləri 44 günlük müharibədən sonra ilk uğurlu əməliyyata imza atdılar. Rusiya-Ukrayna müharibəsindən bir ay sonra, martın 24-də Fərrux əməliyyatı ilə Rusiyaya və qondarma rejimə proseslərin gələcək yol xəritəsi təqdim edildi.
Beləliklə, 6 aprel 2022-ci ildə Şarl Mişelin vasitəçiliyi ilə keçirilən ikinci Bürüssel görüşü yeni mərhələnin başlanğıcı oldu. Münaqişənin həllinə Qərbin yanaşması Rusiyanı pat vəziyyənə saldı.
                           Moskva məqsədinə niyə çata bilmədi?
Ukrayna ilə müharibənin yaratdığı geosiyasi vəziyyət həlledici oldu. Habelə, Rusiyanın Türkiyə ilə münasibətləri normal saxlamaq məcburiyyəti Azərbaycana əlavə fürsətlər açdı. Qərbin sistemli taktika ilə Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq siyasəti də bizim işimizə yaradı. Ermənistan baş naziri N.Paşinyanın qərbyönümlü siyasəti də prosesi sürətləndirdi.
                      Niyə çıxdı, yaxud da niyə buna məcbur oldu?
19 sentyabr 2023-cü il Antiterror əməliyyatından sonra faktiki olaraq Qarabağda erməni əhali qalmadı. Sülhməramlıların “missiyasi” faktiki başa çatdı. Yeri gəlmişkən 19 sentyabr əməliyyatından sonra Rusiya hərbiçiləri bir neçə gün erməni əhalini Xankəndində saxlamaq üçün çalışdı. Azərbaycan tərəfinin humanitar yardımlar gətirməsi üçün bəzi təşəbbüslər etdi. Amma erməni əhali köçməyi seçdi. Paşinyan iqtidarı da bu köçün baş tutması üçün çalışdı. Rusiya fakt qarşısında qaldı.
Xüsusilə də ABŞ, Aİ, Ermənistan arasında keçirilən sonuncu 5 aprel Bürüssel görüşü “sülhməramlıların” gedişini şərtləndirdi. ABŞ dövlət katibi A.Blinken bəyan etdi ki, onlar Qarabağdan köçən şəxslərin Ermənistana inteqrasiyası üçün yardım ayıracaq. Beləliklə , aydın oldu ki artıq Qərb və Ermənistan erməni əhalinin Azərbaycana dönüşündə maraqlı olmayacaq. Erməni əhalinin Qarabağdan köçməsindən sonra Ermənistanda ciddi siyasi böhran yaranmadı. Erməni ictimaiyyəti bu vəziyyətlə barışdı. Rusiyanın Ermənistanda iqtidar dəyişikliyinə nail olması imkanı da əsasən ortadan qalxdı.
Eyni zamanda Qazaxıstan prezidenti Tokayevin aprelin 15-də Yeravana rəsmi səfəri və orada səsləndirdiyi bəyanatlar da nəzərdən qaçmamalıdır. Tokayev regionda qalıcı sülhün və təhlükəsizliyin vacibliyi barədə Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyini alqışlayıb. Bu prosesə dəstək verdiyini bəyan edib. Tokayev yalnız öz mövqeyini deyil, yəqin ki “Orta Dəhliz” layihəsində maraqlı olan digər tərəflərin də mövqeyini Paşinyanla müzakirə edib.
Rusiya hərbiçilərinin Azərbaycanı sakitcə tərk etməsi indiki şəraitdə Rusiyanın da maraqlarına cavab verirdi. Burada qalmağa yeni bəhanə axtarsaydı, müəyyən cəhdlər etsəydi regional və qlobal tərəfdaşları ilə münasibətlərinə də xələl gələ bilərdi.
Qərb Ermənistanla birgə elə bir siyasət yürütdü ki, Rusiyanın burada qalmasına imkan verən münaqişə sona çatdı. Növbəti məkan Gürcüstan olacaq.
PS: Rusiya hərbiçilərinin 2025-ci ilədək Qarabağdan çıxacağını öz təhlillərimdə və çıxışlarımda dəfələrlə ifadə etmişdim. Sülhməramlıların ölkəmizi tərk etməsi müsbət hadisədir və alqışlanmalıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam