Yenixeber.org: Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Birinci Qarabağ müharibəsindən sonra Tavuş vilayətinin ərazisinə daxil edilən və Bakının geri qaytarılmasını tələb etdiyi 4 kəndin kimə məxsus olması ilə bağlı erməni jurnalistin sualına mənfi cavab verib. Erməni məmur faktiki sərhədin dəyişəcəyi təqdirdə bəzi kommunikasiyaların köçürülməsinin zəruriliyini qeyd edib.
Söhbət Azərbaycanın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərindən gedir.
Ermənistanın Tavuş vilayəti Azərbaycanın Qazax rayonu ilə həmsərhəddir. Yuxarıda adları çəkilən anklav olmayan kəndlər, eləcə də Qazaxın 3 (Sofulu, Yuxarı Əskipara və Barxudarlı), həmçinin Naxçıvanın Kərki anklav kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən asanlıqla ələ keçirilib. O vaxtdan bəri Azərbaycanın bu əraziləri işğal altında qalmaqda davam edir. Rəsmi Bakı səkkiz kəndin qaytarılmasını tələb edir.
Sanosyan qeyd edib ki, ərazi mübahisəsini həll etmək üçün tərəflər ilk növbədə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin hansı xəritə üzərində aparılacağı barədə razılığa gəlməlidirlər.
“Bu xəritə sayəsində həm kabinet, həm delimitasiya və demarkasiya işləri aparılacaq”, – nazir qeyd edib.
Tavuş vilayətində dəyişikliklərdən danışan Sanosyan bildirib ki, həmin ərazilərdə bəzi yerlər sərhəd xəttinə çox yaxındır, bəzi yerlərdə onların sərhədi keçdiyi ortaya çıxa bilər. Bu o deməkdir ki, həmin rayonlarda kommunikasiyaların yenidən qurulması məsələsi yarana bilər. O, əlavə edib ki, Tavuş vilayətində nəinki delimitasiya və demarkasiya işləri başlamayıb, hətta işlərin başlayacağı ilə bağlı konkret müddət də yoxdur.
Sanosyan vurğulayıb ki, Ermənistan Azərbaycan tərəfinin nəzarətində olan 31 qeyri-anklav kəndinin ərazisini geri tələb etməkdə davam edir. Lakin Ermənistan tərəfi Azərbaycanın sərhədyanı Gədəbəy rayonunda yerləşən Başkənd istisna olmaqla, indiyədək bu kəndlərdən heç birinin adını açıqlamayıb.
Rəsmi Bakı İrəvanın Azərbaycan tərəfindən ələ keçirildiyi iddia edilən 31 kəndlə bağlı ittihamlarını rədd edir.
İki ölkə arasında anklav kəndləri məsələsi ümumiyyətlə həll oluna bilərmi? Bu məsələ sülh prosesinə necə təsir edə bilər? Sülh sazişinin imzalanmasını sürətləndirmək üçün tərəflərin öz aralarında razılığa gələrək, anklavları sadəcə olaraq bir-birlərinə “bağışlaması” mümkündürmü?
Müstəqil politoloq Xəqani Cəfərli bununla bağlı fikrini bizə açıqlayıb.
O, ilk növbədə xatırladıb ki, Azərbaycan tarix boyu zaman-zaman öz torpaqlarını itirib. “Bundan sonra bizim artıq bir qarış torpaq itirməyə haqqımız yoxdur. Ona görə də, Azərbaycan anklavlar məsələsini Ermənistanla torpaq itirmədən həll etməlidir. Eyni zamanda, Azərbaycanı sülh prosesini pozan tərəf kimi nəzərdən keçirmək olmaz. Prezident İlham Əliyev XI Qlobal Bakı Forumunda çıxışı zamanı dedi ki, biz indi Ermənistanla sülhə həmişəkindən daha yaxınıq: “Cənubi Qafqazın müstəqillik tarixində sülh heç vaxt bu qədər yaxın olmayıb”. Cəfərli deyir.
Onun fikrincə, Azərbaycan diplomatiyasının vəzifəsi sülhə nail olmaq və torpaqların itirilməsinin qarşısını almaqdır. “Lakin bunu Ermənistanı mətbuat vasitəsilə hədələməklə etmək olmaz. Əksinə, bu bizim əleyhimizə işləyəcək. Baş nazirin müavini Şahin Mustafayevin xidmətinin işğal altında olan 4 kəndin azad edilməsini hədə formasında tələb etməsi və bunu mətbuat vasitəsilə yayması düzgün deyil. Belə məqamlar beynəlxalq aləmdə ölkəmizin əleyhinə işləyir. Ona görə də, bu məsələlərlə bağlı danışıqlar və mövqelərin müəyyənləşməsi Xarici İşlər Nazirliyinə həvalə edilməlidir. Xarici İşlər Nazirliyi mətbuatda müzakirələrdən və lüzumsuz hay-küydən yayınaraq, bu məsələləri diplomatik danışıqlar yolu ilə həll etməlidir”, – deyə politoloq yekunlaşdırıb.(Pressklub)
Rauf Orucov