Deputat: “Ermənistanla Rusiyanın münasibətləri ən böhranlı dövrünü yaşayır”
Sabiq dövlət müşaviri: “Qərb Ermənistandan Rusiyaya qarşı ikinci cəhbə açıb”
Yenixeber.org: Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından ona yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib. Bunu noyabrın 20-də KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.
Onun sözlərinə görə, Belarus KTMT Şurasının 34 prioritet istiqamətindən 32-sini icra edib: “İki tədbirin icrası mümkün olmayıb. Bunlardan biri KTMT Şurasının Ermənistana yardımı ilə bağlıdır. Digər müttəfiqlər bu qərarı dəstəkləsələr də, erməni tərəfi bu sənədə maraq göstərməyib. Bundan başqa, işin sonunda bu məsələni tamamilə gündəlikdən çıxarmağı xahiş edib”.
Xatırladaq ki, noyabrın 15-də Ermənistan parlamentinin iclasında Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan KTMT-nin iclasında müxtəlif səbəblərdən iştirak etməkdən imtina edib: “Ermənistan KTMT-dən çıxmaq üçün əsas hazırlamır, lakin bloka fikirləşmək üçün vaxt verir. KTMT mövcud öhdəliklərinə baxmayaraq, Ermənistanın təhlükəsizlik çağırışlarına lazımi cavab verməyib və bu, bir neçə dəfə təkrarlanıb”.
Bir müddət öncə isə o, Belarusun paytaxtı Minskdə keçiriləcək KTMT-nin sammitinə qatılmaqdan imtina edib. Kremlin sözçüsü Dmitri Peskov Paşinyanın qərarından təəssüfləndiklərini söyləyib.
Göründüyü kimi, Ermənistanla Rusiya arasında münasibətlər gərginləşir. Bəzi analitiklər baş verənləri Ermənistandan Rusiyaya qarşı ikinci cəbhənin açılması, digərləri isə Rusiyanın Ermənistanı itirmək istəməməsi ilə əlaqələndirirlər.
Azərbaycan Milli Məclisinin üzvü, prolitoloq Elman Nəsirov mövzuya dair deyib ki, Ermənistanla Rusiyanın münasibətləri ən böhranlı dövrünü yaşayır: “Məlumdur ki, Ermənistan uzun müddət Rusiyanın ruporu olub. İstisnasız olaraq bu ölkə Kremldən gələn sifariş və tapşırıqları icra edib. Paşinyanın iqtidara gəlməsindən sonra isə vəziyyət dəyişib. Bu gün Ermənistan yenə də rupordur. Ancaq Rusiyanın yox, Qərbin ruporudur. Hakimiyyətinin ilk illərində Paşinyan çalışırdı ki, həm Qərbi razı salsın, həm də Rusiyanı. Çünki onu hakimiyyətə gətirən qüvvələr qarşısında konkret öhdəliklər götürmüşdü. Bilirdi ki, Rusiyaya qarşı getməklə öz hakimiyyətini təhlükə altına ata bilər. Bunun üçün müəyyən manevrlər edirdi”.
“Elə bir məqam çatdı ki, artıq manevrlər də işə yaramır. Artıq konkret seçim etməlidir. Təbii ki, onu iqtidara gətirənləri seçməli idi və seçdi. O, ABŞ, Fransa və Qərbə sığınır və onlar da Ermənistana yerləşdirdikləri emissarlarını qorumağa çalışırlar. Hesab edirəm ki, Rusiya ilə Ermənistan arasında münasibətlər heç zaman bu qədər gərgin olmayıb. Artıq tərəflər açıq şəkildə mübarizə aparırlar və bu, onsuz da gərgin olan münasibətləri daha da pisləşdirir”, - deyə deputat bildirib.
Əlavə edib ki, Rusiya-Fransa münasibəıtləri də kifayət qədər gərgindir: “Fransa Ermənistana açıq şəkildə dəstək verir. Həm beynəlxalq səviyyədə onu müdafiə edir, həm də Ermənistanı silahlandırır. Hansı ki, Fransa uzun müddət ATƏT-in Minsk Qrupunun həmsədri olub və obyektiv yanaşma onun mandatına aid idi. O dövrdə də Ermənistanı müdafiə edirdilər. Hazırda isə bu dəstək daha da artıb və Qərbin Rusiyaya qarşı siyasətində istifadə olunur”.
“Təbii ki, Rusiya Ermənistandan ona qarşı təzyiq aləti kimi istifadə edilməsi faktı ilə barışmayacaq. Bunu İrəvanda da bilirlər. Elə buna görə də Ermənistan Rusiyanı KTMT-dən çıxmaq, Avrasiya İttifaqını tərk etmək və digər üsullarla təhdid edir. Ermənistanın yaxın gələcəkdə KTMT-ni və Avrasiya İttifaqını tərk etməsi inandırıcı deyil. Çünki Ermənistanın Rusiyadan iqtisadi asılıllığı var və Rusiya hərbi bazası onun ərazisində yerləşir”, - deyə Nəsirov vurğulayıb.
Azərbaycanın sabiq dövlət müşaviri, siyasi şərhçi Qabil Hüseynli mövzuya dair şərhində söyləyib ki, ABŞ və Qərb Ermənistandan Rusiyaya qarşı ikinci cəhbə açıb: “Ermənistan hər zaman yedək və rupor dövlət rolunda çıxış edib. Tarixdə dəfələrlə ondan müxtəlif dövlətlərə və qüvvələrə qarşı təzyiq məqsədilə istifadə ediblər. Uzun müddət Rusiyaya xidmət edib. İndi isə üzünü ABŞ, Fransa və Qərbə tərəf döndərib”.
“Rusiyanın Ukraynaya qarşı hücumundan öncə şimal qonşumuz Amerika və Avropadan təhlükəsizlik təminatı istəyirdi. Qərbdə də başa düşdülər ki, artıq Rusiyaya göz yummaq olmaz. Vaxtilə Ukrayna və Gürcüstanda göz yumduqlarına görə Rusiya arxayınlaşdı və anti-Qərb koalisiyasının önündə getməyə başladı. Bu da öz növbəsində ABŞ və müttəfiqləri üçün konkret təhlükə demək idi. Ukraynaya yox, məhz öz maraqlarına təhülkə yarana bilərdi deyə, Rusiyaya qarşı açıq mübarizəyə start verildi. Bu mübarizə artan templə davam edir və münaqişənin coğrafiyası böyüyür”, - deyə müsahibimiz qeyd edib.
Hüseynli hesab edir ki, ABŞ və Qərb postsovet məkanını öz nəzarətinə almaq istəyir: “Cənubi Qafqazda fəallaşmaq istəkləri də bundan qaynaqlanır. Azərbaycan və Gürcüstanın təmkinli siyasi davranışlarına və balansı qorumalarına rəğmən, Ermənistanın siyasi rəhbərliyi açıq şəkildə Qərbi müdafiə edir. İrəvan Moskvanı təhdid edirlər və bu da Krelmin xoşuna gəlmir. Paşinyanın Ermənistanın KTMT və Avrasiya İttifaqı qarşısında şərtlər qoyması imitasiya xarakterlidir. Ermənistan o qədər güclü deyil ki, Rusiya ilə açıq savaşa getsin”.(AYNA)