Qaz da belə uçub getdi... -Azərbaycan hökuməti qaz satışından əldə etdiyi gəlirləri niyə gizlədir?

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) üst-üstə 5 milyard dollardan artıq vəsait yatırdığı STAR neft emalı zavodu və Cənub Qaz Dəhlizi layihələrindən 2025-ci ildə Fonda 396 milyon manatdan çox dividend gəliri daxil olmalı idi.
Yenixeber.org: Lakin faktiki vəziyyət fərqlidir: bir manat da ödənilməyib. Üstəlik, SOCAR rəsmi şəkildə bildirib ki, bu il də həmin layihələr üzrə dividend ödənişi nəzərdə tutulmur. Bu halda əsas sual açıq qalır: Neft Fondunun bu iki iri layihəyə yatırdığı vəsaiti “batmış” hesab etmək olar…
Bu barədə iqtisadiyyat yazarı Dünya Sakit sosial şəbəkə hesabında yazıb. Azərbaycanın neft hasilatının azalması, qiymətin dünya birjalarında ucuzlaşması fonunda iri həcmli sərmayələrin gəlirləri haqda məlumatların qıt olması narahatlıq doğurur. Hökumət valyuta gəlirlərinin azalmasından doğan ictimai narahatlığı azaltmaq üçün daim ölkənin artan qaz gəlirlərinə diqqət çəkir. Amma neft gəlirləri kimi bu sahə ilə bağlı detallı informasiya təqdim olunmur.
Azərbaycan hər il təxminən 20–22 milyard kubmetr təbii qaz ixrac edir. Ölkənin əsas qaz alıcıları Türkiyə, İtaliya, Yunanıstan, Bolqarıstan və Gürcüstandır. Qaz ixracından əldə etdiyi gəlir isə müqavilələrdəki formullara əsasən dəyişir: Avropaya satış orta hesabla 250–400 dollar, Türkiyəyə 200–300 dollar, Gürcüstana isə 100–150 dollar intervalında aparılıb.
Konkret olaraq qonşu Gürcüstana gəlincə, Azərbaycan bu ölkənin əsas qaz təchizatçısı olaraq qalır. Son illərin rəsmi statistikası göstərir ki, Bakı bu ölkəyə hər il 2–2,5 milyard kubmetr həcmində təbii qaz ixrac edir və bu satışlardan yüz milyonlarla dollar gəlir əldə olunur.
2024-cü ildə Azərbaycan Gürcüstana təxminən 2,4 milyard kubmetr qaz satıb. Bu həcmdə ixracın maliyyə dəyəri 430–440 milyon ABŞ dolları civarında qiymətləndirilir. Beləliklə, Gürcüstan Azərbaycan qazının əsas alıcılarından biri olaraq ümumi ixracda mühüm paya sahib olub.
2025-ci ildə isə göstəricilərdə müəyyən azalma müşahidə olunur. İlin ilk ayları üzrə məlumatlara görə, Azərbaycan Gürcüstana 1,8–1,9 milyard kubmetr qaz ixrac edib. Bu ixracdan əldə olunan gəlir isə 200 milyon dollara yaxın olub. Mütəxəssislər azalmanı əsasən qazın satış qiymətlərinin aşağı düşməsi və bazar konyunkturası ilə əlaqələndirirlər.
Məlumatlara görə, 2025-ci ildə Gürcüstana satılan Azərbaycan qazının 1 000 kubmetr üçün orta qiyməti 100–110 dollar civarında dəyişib. Bu isə Azərbaycanın Avropa bazarına ixrac etdiyi qazla müqayisədə xeyli aşağı qiymət hesab olunur.
Gürcüstan üçün Azərbaycan qazı strateji əhəmiyyət daşıyır. Ölkənin daxili qaz tələbatının əsas hissəsi məhz Azərbaycan hesabına ödənilir. Qaz tədarükü əsasən uzunmüddətli hökumətlərarası razılaşmalar və SOCAR-ın yerli bazardakı fəaliyyəti çərçivəsində həyata keçirilir.
Ekspertlər bildirirlər ki, Gürcüstan bazarı Azərbaycan üçün yüksək mənfəətli olmasa da, siyasi və regional baxımdan sabit və etibarlı ixrac istiqaməti sayılır. Bununla yanaşı, qazın nisbətən ucuz qiymətə satılması ölkənin ümumi qaz gəlirləri fonunda şəffaflıq və gəlirlərin bölgüsü ilə bağlı sualları da aktuallaşdırır.
Azərbaycanın təbii qaz ixracında Türkiyə əsas və strateji bazar olaraq qalır. Son illərin statistikası göstərir ki, Bakı-Ankara xətti ilə həyata keçirilən qaz tədarükü həm həcminə, həm də maliyyə dəyərinə görə Azərbaycanın enerji gəlirlərində xüsusi çəkiyə malikdir.
Rəsmi məlumatlara əsasən, 2024-cü ildə Azərbaycan Türkiyəyə təxminən 11,5 milyard kubmetr təbii qaz ixrac edib. Bu, əvvəlki illərlə müqayisədə artım deməkdir və Türkiyənin Azərbaycan qazına olan sabit tələbatını təsdiqləyir. Sözügedən həcmdə qaz ixracı nəticəsində Azərbaycan təxminən 3 milyard dollara yaxın gəlir əldə edib.
Qaz tədarükü əsasən “Şahdəniz” yatağı, Cənub Qaz Dəhlizi və TANAP infrastrukturu vasitəsilə həyata keçirilir. Türkiyə həm birbaşa istehlakçı, həm də Avropaya gedən qaz üçün tranzit ölkə rolunu oynayır. Bu amil Ankaranı Bakı üçün təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm tərəfdaşa çevirir.
2025-ci ildə də ixrac yüksək səviyyədə qalır, lakin maliyyə göstəricilərində müəyyən dəyişikliklər müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2025-ci ilin yanvar–oktyabr aylarında Türkiyəyə 8,17 milyard kubmetr qaz ixrac edilib. Bu ixracın ümumi dəyəri isə 2,21 milyard dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə oxşar həcmdə qaz satışından 2,5 milyard dollardan çox gəlir əldə olunmuşdu.
Bu fərq ilk növbədə qazın orta satış qiymətinin aşağı düşməsi ilə izah olunur. Belə ki, 2024-cü ildə Türkiyəyə satılan Azərbaycan qazının 1 000 kubmetr üçün orta qiyməti təxminən 300–310 dollar olduğu halda, 2025-ci ildə bu göstərici 270 dollar ətrafına enib. Həcm artımına baxmayaraq, qiymətlərin ucuzlaşması ümumi gəlirin azalmasına səbəb olub.
Ekspertlər bildirirlər ki, Türkiyə bazarı Azərbaycan üçün nisbətən stabil, lakin yüksək mənfəətli olmayan istiqamət hesab olunur. Uzunmüddətli müqavilələr çərçivəsində formalaşan qiymətlər Avropa spot bazarları ilə müqayisədə daha aşağıdır. Bununla belə, bu model Bakı üçün proqnozlaşdırılan gəlir və siyasi etibarlılıq baxımından üstünlük yaradır.
Qeyd olunur ki, Türkiyə bazarı eyni zamanda Azərbaycan qazının Avropaya çıxışında açar rol oynayır. TANAP vasitəsilə ötürülən qazın bir hissəsi Türkiyədə qalır, digər hissəsi isə TAP xətti ilə Avropa ölkələrinə yönləndirilir. Bu isə Türkiyəni Azərbaycanın qaz strategiyasında mərkəzi həlqəyə çevirir.
Bununla yanaşı, Azərbaycanın qaz ixracından hər il milyardlarla dollar gəlir əldə etdiyi bir şəraitdə, Dövlət Neft Fondunun iri enerji layihələrindən dividend ala bilməməsi fonunda Türkiyə də daxil olmaqla əsas ixrac bazarları üzrə gəlirlərin bölgüsü və şəffaflıq məsələləri daha çox müzakirə olunmağa başlayıb.
Mütəxəssislərin fikrincə, Türkiyəyə qaz satışları iqtisadi baxımdan səmərəli olsa da, bu gəlirlərin dövlət büdcəsi və Neft Fondu səviyyəsində necə paylaşdırılması açıq və aydın izah edilmədikcə suallar qalmaqda davam edəcək.
2024-cü ildə Azərbaycan Avropaya 12,9 milyard kubmetr təbii qaz ixrac edib. Bu, ölkənin ümumi qaz ixracının təxminən 50%-dən çoxunu təşkil edir və 2023-cü illə müqayisədə Avropa bazarına satışlar təxminən 9–10% artıb.
Bu ixracın böyük hissəsi Cənub Qaz Dəhlizi vasitəsilə, əsasən Trans-Adriatik Boru Kəməri (TAP) üzərindən həyata keçirilir. TAP Avropaya qaz nəql edən əsas infrastruktur xəttidir və hazırda illik təxminən 10 milyard kubmetr tutuma malikdir.
Avropaya qaz ixracının artması ilə yanaşı, belə satışlardan əldə olunan gəlir də mühüm rəqəmlərlə ifadə olunur. Məsələn, 2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Avropaya ixrac etdiyi qazdan təxminən 1.68 milyard avro gəlir əldə edib. Bu isə aylıq olaraq yüz milyonlarla avro dəyərindədir — yanvarda 406,5 milyon avro, fevralda 408,2 milyon avro, martda 487 milyon avro və apreldə 385,1 milyon avro qaz satışı qiymətləri müşahidə olunub.
Avropaya qaz ixracı ilə yanaşı, Azərbaycan Qərb bazarına çıxışını artırmaq üçün boru kəməri tutumunun genişləndirilməsini və uzunmüddətli müqavilələrin əldə olunmasını məqsəd qoyub. Avropa İttifaqı ölkələrinin Azərbaycandan qaz idxalını 2021-2024 illər ərzində 8 milyard kubmetrdən 12,9 milyard kubmetrə qədər artırması bu strategiyanın nəticəsidir.
Bu məqam yalnız həcmlərlə məhdudlaşmır — Avropaya qaz satışları Azərbaycan üçün stabil və yüksək dəyərli gəlir mənbəyi olmaqla yanaşı, həm də ölkənin enerji siyasətində mühüm geosiyasi rolunu gücləndirir.
Buna baxmayaraq, Avropa bazarına çıxışın həcmi sənaye səviyyəsinə görə hələ də daha da genişləndirilə bilər; 2022-ci ildə Baku-EU arasında əldə olunmuş razılaşmaya əsasən bu axının 2027-ci ilədək ən azı 16 milyard kubmetr səviyyəsinə çatdırılması nəzərdə tutulur.
Qaz ixracının bu həcmi və ölkənin “mavi yanacaq”dan artan gəlirləri fonunda Neft Fondunun Cənub Qaz Dəhlizinə və STAR neft emalı zavoduna yatırdığı milyardlarla vəsaitdən dividend gəliri əldə edə bilməməsi ciddi suallar doğurur. 2025-ci ildə Fonda 396 milyon manatdan çox dividend köçürülməli olsa da, bir manat belə daxil olmayıb…
Məsələ ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban bildirib ki, mövzu ilə bağlı xeyli sual doğuran məqamlar var:
“Bu sualların hər birini qısa şəkildə cavablandırmaq mümkün deyil. Çünki məsələnin anlaşılması üçün SOCAR, Neft Fondu, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Vergilər Xidmətinin bu mövzu üzrə məsul şəxslərinin hazırlayıb imzaladıqları birgə rəsmi cavab olmalıdır. Əks halda, yenə çoxlu açıq və cavabsız suallar qalacaq”.
İlham Şaban qeyd edir ki, bu sualların kökündə “Şahdəniz” müqaviləsi dayanır: “Bu layihə ‘Əsrin müqaviləsi’ndən kommersiya baxımından ciddi şəkildə fərqlənir. Qaz layihələri ümumiyyətlə qəlizdir, amma bizim üzləşdiyimiz qaz məsələləri daha da mürəkkəbdir”.
Onun sözlərinə görə, Azərbaycanın “qara qızıl” layihələrini “mavi yanacaq” layihələri ilə müqayisə etdikdə, qaz layihələrində şəffaflıq səviyyəsi xeyli aşağıdır: “Bu gün kimsə deyə bilərmi ki, 2025-ci ilin yekunlarına görə - hətta 2020-ci ildə belə ‘Şahdəniz’ müqaviləsi üzrə mənfəətin bölgüsündə dövlətin payı neçə faizdir? Xeyr. Halbuki AÇG üzrə bu göstəricilər mərhum Xoşbəxt Yusifzadə tərəfindən mütəmadi açıqlanırdı. O, təkcə faizləri deyil, dövlətə çatan mənfəəti tonla, hətta barellə göstərirdi ki, ictimaiyyət üçün anlaşıqlı olsun”.
İqtisadçı sual edir ki, “Şahdəniz” üzrə bu məlumatlar niyə açıqlanmır, halbuki Azərbaycan dövləti 2007-ci ildən bu layihədən mənfəət əldə edir.
Onun fikrincə, bunu saziş iştirakçılarının hökumətlə razılaşmasında konfidensial məlumatların əhatə dairəsinin genişliyi ilə izah etmək olar. Ancaq buna baxmayaraq: “Dövlət maraqlarını qorumağa məsul qurumlar heç olmasa hər beş ildən bir kommersiya sirrini pozmadan layihənin detallı təsvirini cəmiyyətə təqdim edə bilərdilər. Çünki məlumat çatışmazlığı şərhləri də çətinləşdirir”.
İlham Şaban ümid edir ki, tezliklə rəsmi mətbuatda bu məsələlərə inandırıcı cavablar veriləcək.
İqtisadçı xatırladır ki, Azərbaycan Dövlət Neft Fondu STAR neft emalı zavoduna 1 milyard 393 milyon dollar vəsait yatırıb. Zavodun tikintisinin ümumi dəyəri isə 6,3 milyard dollar olub.
Məsələ ilə bağlı ARDNŞ-in keçmiş prezidenti Sabit Bağırov da mövzuya toxunaraq bildirib ki, STAR şirkətinin maliyyə göstəricilərini araşdırmaq mümkündür: “Şirkətin maliyyə hesabatlarında Türkiyənin Vergilər qurumuna və Xəzinədarlığa edilən köçürmələr yer alır. Bu məlumatları təhlil etmək olar. Eyni zamanda Türkiyənin Hesablama Palatasının - Sayıştayın hesabatlarında da müəyyən məlumatlara rast gəlinə bilər”.(pressklub.az)










AZ
RU