Yenixeber.org: Çində bir müddət əvvəl 10-cu Pekin Syanşan Forumu keçirildi. Tədbirdə müxtəlif ölkələrin müdafiə nazirləri iştirak edirdi. İştirakçılar arasında Azərbaycanın müdafiə naziri Zakir Həsənov da var idi. Tədbirdə Ermənistan da təmsil olunurdu.
Azərbaycan Çindən hərbi texnika almır. Çünki Çinin hərbi texnikası keçmiş SSRİ-nin hərbi texnikasının oxşarıdır. Azərbaycan öz ordusunu NATO standartlarına əsasən inkişaf etdirir, buna görə də daha modern hərbi texnikaya üstünlük verir. Digər tərəfdən Çin hərbi-sənaye kompleksinin məhsullarını əsasən öz ordusunun təminatı üçün istifadə edir. Buna baxmayaraq, Ermənistan Hindistanla yanaşı Çinlə də hərbi-texniki sahədə əməkdaşlığa çalışır. Çinin Ermənistandakı hərbi attaşesi İrəvanda verdiyi açıqlamalarda iki ölkə arasında hərbi əməkdaşlığın mümkün olduğunu bildirib. Çin Ermənistana silah və hərbi texnika satarsa bu Pekinin Azərbaycanla münasibətlərinə mənfi təsir edə bilər.
Pekindəki forumda iştirak edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu yenə Qərbi ittiham edib. Şoyqu “kollektiv Qərbin” siyasətinin dünya üçün təhlükə yaratdığını bildirib. Bu “məntiqə” görə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi beynəlxalq aləmə problem yaratmır, ancaq Qərbin Ukrayanaya hərbi dəstəyi beynəlxalq aləmə problem yaradır. Digər tərəfdən Rusiya Nüvə Sınaqlarının Qadağan edən müqavilədən çıxmağa hazırlaşır. Bunun özü dünya üçün təhlükə yaradır. Sergey Şoyqu ABŞ-ın və onun müttəfiqlərinin Asiya və Sakit Okeanı bölgəsində hərbi fəallaığının artırmasını da tənqid etdi.
Toplantıda çıxış edən Çin təmsilçiləri Rusiyanın yaratdığı təhlükələrdən deyil, “kollektiv Qərbin” adını çəkmədən dünyadakı xaosu rəqiblərinin yaratdığına işarə ediblər. “Bəzi ölkələr digər ölkələrin daxili işlərinə qarışır, sabitliyi pozur və rəngli inqilablar yolu ilə təıxribata baş vururlar” – deyən Çin rəsmisinin Amerika Birləşmiş Ştatlarını nəzərdə tutduğu aydındır. Pekindəki forumda Qərb ölkələri dünyada enerji və ərzaq böhranı yaratmaqda da ittiham edildilər. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlamasaydı, dünyada enerji və ərzaq böhranı indiki səviyyədə olmazdı. Ancaq Pekində buna toxunulmadı.
Beləliklə, Çinlə Rusiya ABŞ-ın dünyada hegemonluğuna son qoymaq üçün birlikdə çalışır və bu məqsədlə müxtəlif forumlar, konfranslar və seminarlar keçirirlər. Bu toplantılarda dünya üçün əsas təhlükənin Amerika Birləşmiş Ştatlarından gəldiyi təlqin edilməyə çalışılır.
“Atlas” Araşdırmalar Mərkəzi