Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

İrandan Sonra Növbə Kimindir? -ANALİZ

 Yenixeber.org: Hindistanın ev sahibliyi ilə videkonfrans vasitəsilə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sayca 23-cü sammitində İran təşkilata tamhüquqlu üzv qəbul edildi. Növbədə Belarusdur. Hindistanın baş naziri Narendra Modi videokonfransa ev sahibliyi etdiyindən ilk çıxışı o edib. Narendra Modi Dehlinin Şanxay Əməkdaşlıq Təşkilatını böyük ailə kimi qiymətləndirdiyini deyib: “Təşkilatın sütununu təhlükəsizlik, istisadi inkişaf, birlik, ərazi bütövlüyünə hörmət və ətraf mühitin qorunması təşkil edir”. Hindistanın baş naziri Şanxay Əməkdaşlıq Təşkilatını Avrasiya bölgəsinin inkişafı və sabitliyi üçün vacib qurum adlandırıb.

Əslində Narendra Modinin söylədiklərinin Rusiyaya aidiyyatı olmamalıdır. Çünki Rusiya Modinin “ərazi bütövlüyünə hörmət” prinsipini Ukraynaya qarşı işğalçı müharibəyə başlamaqla kobud şəkildə pozub. Rusiya prezidenti Vladimir Putin çıxışında Ukraynada apardığı işğalçı müharibəni əsaslandırmağa çalışıb. Putinin məntiqincə, Rusiya hücuma keçməsəydi guya Ukrayna xarici güclərin səyləri ilə “anti-Rusiya” dövlətinə çevriləcəkdi. “Bütün bunlar Rusiyanın təhlükəsizliyini təhlükə altına almaq və inkişafına mane olmaq üçün edilir” deyən Kreml sahibi ölkəsinin xarici təzyiqlərə, sanksiyalara və təxribatlara inamla müqavimət göstərdiyini bildirib.

Vladimir Putin Qərblə mübarizədə Çin xatırlatmağı da unutmayıb: “Soyuq müharibə” bitdiyi dövrdən bu yana Rusiya və Çin Qərblə ən sərt mübarizə dövrünə qədəm qoyublar”. Putin bununla demək istəyib ki, Rusiya anti-Qərb siyasətində tək deyil, yanında dostu Çind də yer alıb. Halbuki, Pekin Kremldən fərqli olaraq Qərblə münasibətlərini normallaşdırmağa çalışır, sadəcə, bu hələ ki, alınmır. Çünki Çinin bölgədə qonşularına qarşı yürütdüyü siyasət və Tayvanın ələ keçirilməsi iddiası buna imkan vermir. Çin lideri Tsi Cinpin Avrasiya bölgəsi üçün təhlükələr və çağırışlar barədə danışarkən, çıxışının heç bir yerində Qərbin adını çəkməyib.

Vladimir Putin çıxışında eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatını tərifləyib: “Konstruktiv əsaslar üzərində qurulan Şanxay Əməkdaşlıq Təşkilatı beynəlxalq münasibətlərdə getdikcə daha mühüm rol oynayır, sülhün və sabitliyin qorunmasına, üzv dövlətlərin davamlı iqtisadi artımının təmin edilməsinə və xalqlar arasında əlaqələrin möhkəmlənməsinə real töhfələr verir”. Putin buna misal olaraq ötən il Rusiyanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə ticarəti 37 faiz artaraq rekord həddə – 263 milyard dollara çatdırıb.

Bu arada, “Financial Time” dərgisində yayımlanan məqalədə Tsi Cinpinin rusiyalı həmkarı Vladimir Putini nüvə silahından istifadə etməmək barədə xəbərdarlığını onun diqqətinə çatdırdığı bildirilib. Bu mövzu Çin liderinin bu ilin mart ayında Moskvaya səfəri zamanı müzakirə olunub. Putin Pekinlə əməkdaşlığa xüsusi əhəmiyyət versə də, çinli dostunun xəbərdarlığını qulaqardına vurub. Çünki Putin Cinpini ölkəsinə yol saldıqdan sonra o və digər rusiyalı rəsmilər yenə nüvə silahından istifadə barədə fikirlər söyləməyə davam ediblər.

Moskva və Pekin İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə xüsusi əhəmiyyət verirlər. Rusiya və Çin sıralarına yeni anti-Qərb dövlətini daxil ediblər. Rusiya və Çin İranı həm də “Şimal-Cənub” nəqliyyat dəhlizinin vacib dövləti kimi qiymətləndirirlər. İranın Rusiya və Çinin siyasi və iqtisadi dəstəyinə ehtiyacı var. Bu dəstək olmadan İran Qərbin təzyiqləri qarşısında təkbaşına tab gətirə bilməz. Ona görə də Moskva və Pekin İrandakı rejimin ayaqda qalması üçün əllərindən gələni edəcəklər.

Azərbaycan və Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəftarları statusuna malikdirlər. Bu Azərbaycanla Ermənistanın yaxın illərdə təşkilata üzvlüyü anlamına gəlmir. Azərbaycan və Ermənistandan əvvəl təşkilata üzv olmaq istəyən xeyli dövlət var. Ancaq həm Azərbaycan, həm də Ermənistan təşkilatın artan gücünü diqqətə alırlar. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin toplam əhali sayı 3.4 milyarddır. Dünyanın 20 faizi təşkilata üzv dövlətlərin ərazisinə aiddir. Təşkilata üzv dövlətlərdən üçü – Rusiya, Çin və Hindistan nüvə silahına malikdir.  Azərbaycan və Ermənistan təşkilatda yer alan dövlətlərlə əsasən ticarət əlaqələrini genişləndirmək və nəqliyyat dəhlizlərində yer almaq istəyirlər. Azərbaycanın əsas hədəfi Çinin “bir kəmər, bir yol” layihəsi çərçivəsində rolunu artırmaqdır. Ancaq Çin hələ ki, Azərbaycanın nəqliyyat imkanlarından ümid edilən səviyyədə istifadə etmir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də Çinlə dialoqu genişləndirməyə ümid edir.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam