Yenixeber.org: Sentyabrın 15-16-da Səmərqənddə ŞƏT-in sammiti Çin, Rusiya və İranın gündəmə gətirməyə çalışdığı anti-Qərb vektorunda keçib. İran 2023-cü ildə keçiriləcək növbəti sammitdə tamhüquqlu üzv olacaq, amma artıq “Şanxay ruhuna” ABŞ-a və sionist rejimə qarşı ədavət elementləri gətirib. İran İslam Respublikası heç vaxt ABŞ-ın təhqirləri qarşısında geri çəkilməyəcək. Bu barədə İran prezidenti İbrahim Rəisi ÇXR sədri Si Tszinpinlə görüşündə bildirib.
“Şanxay ruhu” Sinin ifadəsidir, o bu ifadəni 20 il əvvəl yaranmış təşkilatın xartiyasına şamil edir. Si Tszinpinə görə, onun əsasını 5 sütun təşkil edir:
– Qarşılıqlı siyasi etimadı qoruyub saxlamaq
– Qarşılıqlı səmərəli əməkdaşlığa sadiq qalmaq
– Bərabər rəftara sadiq qalmaq
– Açıqlığa və inklüzivliyə sadiq qalmaq
– Doğruluğu və ədaləti qoruyub saxlamaq.
Si ŞƏT Dövlət Başçıları Şurasının 22-ci iclasındakı çıxışında, Rusiyanın Ukraynaya qarşı təcavüzünün davam etdiyi, Pekinin Tayvanla dialoqdan imtina etdiyi, sammitin keçirildiyi günlərdə Qırğızıstan və Tacikistanın sərhəddə müharibə apardığı, terrorçuluğun dəstəkçisi olan İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin çağırışlarına baxmayaraq nüvə proqramı üzərində işlədiyi, tərəfdaş ölkə olan Azərbaycanın digər tərəfdaş ölkə Ermənistanla müharibə apardığı bir vaxtda “Şanxay ruhunun” əsaslarını xatırladıb.
Dərinləşən qlobal informasiya açıqlığı şəraitində Çin lideri də, digər avtoritar ölkələrin liderləri kimi, xüsusən gənclər arasında azad düşüncənin və etirazçı əhval-ruhiyyənin artmasından narahatdır. Bu, Sinin “rəngli inqilab” cəhdlərinin qarşısını birlikdə almaq çağırışında özünü büruzə verib. “Xarici qüvvələrin “rəngli inqilab” təhrik etmək cəhdlərinə yol verməmək, istənilən bəhanə ilə digər ölklərin daxili işlərinə müdaxiləyə qarşı birgə mübarizə aparmaq, ölkələrimizin taleyini öz əllərimizdə saxlamaq vacibdir”, deyə o, Səmərqənddə bildirib.
Beynəlxalq müşahidəçilərin əksəriyyəti üçün ŞƏT-in aparıcı dövlətlərinin – ÇXR, Hindistan və Rusiyanın Ukrayna ilə bağlı mövqeyini müəyyən etmək vacib idi. Nə qədər qəribə və anormal da olsa, nə dövlət başçılarının iclasında, nə də yekun bəyannamədə bu mövzuya toxunulmayıb. Bu mövzu ikitərəfli məsələhətləşmələrin predmeti olduğuna görə aşağıdakıları qeyd etmək olar.
Hindistan baş naziri Narendra Modi Putinlə söhbətində müharibəyə son qoymağa çağırıb: “Bilirəm ki, indiki dövr müharibə dövrü deyil, mən sizinlə telefon danışığımda da dedim ki, bugünki dünyada demokratiya, diplomatiya və dialoq təsirlidir”.
Putin mühüm iqtisadi tərəfdaşının narahatlıqlarını dinləyərək Modinin fikrini nəzərə aldığını bildirib: “Sizin Ukraynadakı münaqişə ilə bağlı mövqeyinizi, daim ifadə etdiyiniz narahatlıqlarınızı bilirəm. Bütün bunların mümkün qədər tez başa çatması üçün əlimizdən gələni edəcəyik”.
Si ŞƏT sammitindən əvvəl, sentyabrın 14-də Qazaxıstana işgüzar səfəri zamanı bildirib ki, “beynəlxalq konyunktura necə dəyişirsə-dəyişsin”, Pekin “bundan sonra da” Qazaxıstanı “müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün müdafiəsində” qətiyyətlə dəstəkləyəcək, “istənilən qüvvələrin Qazaxıstanın daxili işlərinə müdaxiləsinə” qəti şəkildə qarşı çıxacaq. Bu, Moskvaya Kreml qüllələrindən Ukraynaya prinsipial dəstəyi ilə əlaqədar Tokayevin ünvanına səslənən təhdidlərlə bağlı mesaj idi, həmçinin Pekinin Rusiyanın Ukraynadakı hərəkətlərinə qəzəblənməsinin ilkin ifadəsi idi. Si və Putinin qapalı görüşündə Ukrayna ilə bağlı hansı fikir mübadiləsinin aparıldığı məlum deyil. Amma Rusiya rəhbərinin bəyanatından məlum olub ki, Çinin Kremli narahat edən iddiaları var. “Sizin bu məsələ ilə bağlı narahatlığınızı anlayırıq. Bugünki görüş zamanı biz, əlbəttə ki, mövqeyimizi izah edəcəyik”, deyə Putin bilavasitə danışıqlar başlamazdan əvvəl Siyə bildirib.
İstənilən halda, bu qısa məlumatlar super regional oyunçuların Ukraynada uzanan böhrandan artan narahatçılığına və ŞƏT-də fikir ayrılıqlarına dəlalət edir. Bu fikir ayrılıqlarını həm dünya miqyasında, həm də ŞƏT məkanında real problemlərdən bir qədər uzaq olan deklarativ xarakterli çağırış və vəzifələri ehtiva edən yekun bəyannamə belə gizlədə bilməyib.
İki ay sonra, noyabrın 11-də ŞƏT sammitinin bəzi iştirakçıları – Əliyev, Japarov, Mirziyoyev, Tokayev, Erdoğan Türk Dövlətləri Təşkilatının birinci sammiti çərçivəsində elə Səmərqənddə toplaşacaqlar. Paralel olaraq formalaşan Türk birliyi regional problemlərlə bağlı ŞƏT-dən daha prinsipial mövqe nümayiş etdirə bilər. Türk dövlətlərinin Rusiya və Çinlə xüsusi ikitərəfli münasibətlərini nəzərə alaraq, habelə çox şey vəd edən ittifaqın yaranması səbəbindən, yəqin ki, sürpriz gözləməyə dəyməz. Amma kim bilir, hər şey mümkündür.
Mehman Əliyev