Rusiyaya xəyanət etmiş Ermənistanın ABŞ və Qərbə münasibətdə də eyni davranışı təkrarlama "potensial"na şübhə ilə yanaşmaq tamamilə yersizdir... Böyük ehtimalla rəsmi İrəvanın son "sürüşkən manevrlər"indən sonra Qərb siyasi dairələri bu reallığı Cənubi Qafqaz planlarında mütləq nəzərə almaq məcburiyyətində qalacaqlar...
Yenixeber.org: Ermənistan "sürüşkən xarici siyasət"in real nəticələrini artıq "toplamağa" başlayıb. Belə ki, rəsmi İrəvan uzun müddətdən bəri Rusiyadan qaçıb, ABŞ və Qərbə sığınmağa çalışırdı. Əslində, bu proses hələ də davam edir. Çünki baş nazir Nikol Paşinyanın KTMT-nın Ermənistanda keçirilən zirvə toplantısının yekun bəyannaməsini imzalamamışdı. Ardınca rəsmi İrəvan KTMT-nın Ermənistanda keçiriləcək hərbi təlimlərini də ləğv etmişdi. Son olaraq isə Ermənistan KTMT baş katibinin müavini kvotasından imtina edib.
Belə anlaşılır ki, Ermənistan KTMT-dan böyük sürətlə uzaqlaşmaq cəhdlərini davam etdirir. Baş nazir Nikol Paşinyanın "Rusiya ilə hərbi müttəfiqlik Ermənistanın təhlükəsizliyini təmin etmir, əksinə, təhlükə mənbəyi rolunu oynayır" məzmunlu açıqlamasını nəzərə aldıqda, bu, o qədər də təəccüblü görünmür. Yəni, rəsmi İrəvan ABŞ və Qərbin "Rusiyadan uzaqlaş" təlimatını icrası üçün əlindən gələn hər şeyi edir. Və bunun qarşılığında Ermənistana hərbi-siyasi dəstək umur.
Ancaq nə qədər qəribə də olsa, rəsmi İrəvan Ermənistanın KTMT-dan uzaqlaşmasının günahını qarşı tərəfin üzərinə yükləmək imkanlarını sınaqdan çıxartmağı da unutmur. Hər halda, baş nazir Nikol Paşinyanın "KTMT Ermənistanı tərk edir" açıqlamasını normal məntiqlə izah etmək mümkün deyil. Bu barədə yalnız onu demək olar ki, erməni baş nazir vərdişlərinə sadiq qalaraq, yenə də "üç meymunu" oynayır.
Maraqlıdır ki, rəsmi İrəvan bu "sürüşkən siyasət"indən umduğu nəticələri hələlik ala bilməyib. Əksinə, indi Paşinyan hakimiyyəti ABŞ və Qərbin davranışlarından ciddi şəkildə narahatdır. ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri Lui Bononun "Ağ Ev Azərbaycanın Laçın yolu ilə bağlı təhlükəsizlik maraqlarını anlayır" və Avropa Birliyinin təmsilçisi Toyvo Klaarın "Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqələri yaratmaq istəməsi qanuna uyğundur" məzmunlu açıqlamaları Ermənistan siyasi dairələrində "soyuq duş" effekti yaradıb.
Bütün bunlara Avropa Birliyinin Ermənistana göndərdiyi mülki müşahidə missiyasının da rəsmi İrəvanın ümidlərini doğrultmaqdan uzaq qaldığını əlavə etmək olar. Paşinyan hakimiyyətində belə təsvirlər mövcud idi ki, Avropa Birliyinin mülki missiyasının arxasında gizlənib, hərbi təxribatlar törətmək mümkün olacaq. Hətta Ermənistan Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqla, bunu sınaqdan çıxartmağa çalışdı.
Ancaq bu "sınaqlar" uğursuz oldu. Çünki Azərbaycan ordusu Ermənistanın hərbi təxribatlarına dərhal cavab verdi. Eyni zamanda, Azərbaycanın Müdafiə Nazirliyi bəyan etdi ki, Ermənistanın bütün hərbi təxribatlarına bundan sonra da mütləq sərt reaksiya veriləcək. Yəni, Avropa Birliyinin mülki missiyası Ermənistanı Azərbaycan ordusunun əks zərbələrindən qoruya bilməyəcək. Üstəlik, avropalı müşahidəçilər ilk atəşin Ermənistandan atıldığını gördükləri üçün rəsmi İrəvan bu məsələ ətrafında manipulyasiya etməkdə də çətinlik çəkir.
Maraqlıdır ki, indi erməni siyasi dairələrində ABŞ və Qərbin də Ermənistanın təhlükəsizliyi üçün daha etibarlı və effektiv tərəfdaş olduğuna ciddi şübhələr yaranmağa başlayıb. Hətta son vaxtlar Avropa Birliyinin mülki missiyasına yönəlik ittihamlar da səsləndirilməkdıdir. Onları Ermənistanın törətdiyi hərbi təxribatların əks nəticələri qarşısında aciz qalmaqda suçlayırlar. Və bu qədər absurd, avantürist "düşüncə sistemi" yalnız erməni toplumunda mövcud ola bilər.
Məsələ ondadır ki, ABŞ və Qərbdən narazı olan rəsmi İrəvan bu dəfə yenidən Rusiyaya doğru yönəlmək cəhdləri göstərir. Bu, bir tərəfdən ABŞ və Qərbin dolayısı ilə şantaj olunması anlamına gəlir. Digər tərəfdən isə rəsmi İrəvan Kremli inandırmağa çalışır ki, Ermənistan heç yana getmək niyyətində deyil, Rusiyanın yanında yer almaqda davam edir. Və ona görə də, Kreml Ermənistanın təhlükəsizliyi üçün həmişə olduğu kimi, yenə də qarant rolunu oynamalıdır.
Ermənistan baş naziri Nikol Paşinyan artıq bəyan edib ki, Rusiya ilə münasibətlərdə heç bir ciddi ziddiyyət mövcud deyil. Hətta Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda iki ölkə arasında müttəfiqlik münasibətlərini gücləndirmək üçün Moskvaya səfər edəcək. Və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova erməni baş nazirin bu məlumatını təsdiqləyib. Və bu qədər kəskin dönüş zehniyyəti yenə də erməni düşüncə tərzinə məxsus özəllikdir.
Halbuki, cəmisi bir neçə ay əvvəl - ötən ilin dekabrında rəsmi İrəvan Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskvada üçtərəfli görüş keçirtmək təklifini kobud şəkildə rədd etmişdi. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın vasitəçiliyi ilə belə görüşə ehtiyac olmadığını vurğulamışdı. İndi isə rəsmi İrəvan həmin Ararat Mirzoyanı yenidən Moskvaya göndərir, Rusiyanın üçtərəfli görüş təşkil etməsi üçün açıq-aşkar minnətçi düşüb.
Üstəlik, baş nazir Nikol Paşinyan bir tərəfdən KTMT-nın Ermənistanı tərk etdiyini vurğulayır, digər tərəfdənsə, rəsmi İrəvanın Rusiyanın patronajlığı altında olan bu hərbi-siyasi alyansda baş katibin müavini kvotasından istifadə etmək niyyətində olduqlarını da bəyanatlayır. Yəni, rəsmi İrəvan bir gün Rusiyadan qaçır, növbəti gün isə Kremlin yanına dönmək üçün "qapı" axtarır. Və belə anlaşılmaz, "sürüşkən xarici siyasət" örnəyi müasir dünyada yalnız Ermənistanın timsalında müşahidə oluna bilərdi.
Təbii ki, Kremlin Ermənistandan aldığı ikibaşlı mesajlara necə reaksiya verəcəyi də böyük maraq doğurur. Çünki Rusiyaya qarşı fəaliyyət göstərəcəyi qətiyyən şübhə doğurmayan Avropa Birliyinin mülki missiyası artıq Ermənistanda yerləşdirilib. Kreml dəfələrlə bəyan edib ki, Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb, çıxartmaq məqsədi güdən bu missiyanı Ermənistana məhz rəsmi İrəvan çağırıb. Və bu, Rusiya-Ermənistan hərbi müttəfiqliyinə ziddir.
Bəlkə də Ukraynada "savaş bataqlığı"na düşmüş Rusiya Ermənistanın geri dönüş mesajları verməsindən məmnun qala bilər. Hər halda, indiki situasiyada Ermənistan probleminin müvəqqəti də olsa, arxa plana keçməsi Kremlin maraqlarına cavab verir. Çünki Rusiyanın hazırda erməni kaprizlərinə sərf ediləcək vaxtı yoxdur. Daha sonra isə bu məsələnin prinsipial olaraq, həll olunmasına əlavə imkanlar açıla bilər. Halbuki, rəsmi İrəvanın tezliklə yenidən "qaçış istiqamətini" növbəti dəfə ABŞ və Qərbə doğru dəyişməyəcəyinə də təminat yoxdur. Və rəsmi İrəvanı öz təsir dairəsində daha uyğun vaxta qədər tuta bilməsi üçün Kremlin Ermənistanın absurd istəklərini qarşılamalı olacaq.
Göründüyü kimi, rəsmi İrəvan geopolitik məkanda "xaotik qaçış" modelini inkişaf etdirir. Bu, rəsmi İrəvan Rusiyadan qaçmağa çalışarkən, məmnun olan ABŞ və Qərb üçün də nəticə çıxarılmalı məqamdır. Hər halda, ABŞ və Qərb belə "xaotik qaşış" həvəskarlarına o qədər də vərdişli deyil. Hər halda, Rusiyaya xəyanət etmiş Ermənistanın ABŞ və Qərbə münasibətdə də eyni davranışı təkrarlama "potensial"na şübhə ilə yanaşmaq tamamilə yersizdir. Və böyük ehtimalla Qərb siyasi dairələri bu reallığı bundan sonra nəzərə almaq məcburiyyətində qalacaqlar.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert