Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Tanınmış inqilabçının müəmmalı ölümü -Stalin dostunun vəfatından sonra onun oğlunu övladlığa götürüb


O, Stalinin ən yaxın dostlarından biri olub. Əsl adı və soyadı Fyodor Sergeyev olsa da, daha çox partiya təxəllüsü Artyom adı ilə tanınıb. Tarixçilərin qənaətinə görə Sergeyev Stalin tərəfindən ölkənin ən böyük vəzifələrindən birinə hazırlanıb. Amma hadisələrin başqa istiqamətə cərəyan etməsi bütün planları dəyişib...

Yenixeber.org: 1883-cü ildə Kurskda anadan olan Fyodor Sergeyev orta təhsilini başa vurduqdan sonra Moskva Texniki Məktəbində (sonralar Bauman adına Moskva Dövlət Texniki Universiteti) təhsil alıb. O, tələbəlik illərindən siyasətə böyük maraq göstərib, marksist dərnəklərinin fəal iştirakçılarından olub, 18 yaşında isə bolşeviklər partiyasına üzv qəbul edilib.

Sergeyev tələbə biletini alanda siyasi proseslərə qoşulmayacağı, tələbə nümayişlərində iştirak etməyəcəyi haqqında yazılı iltizam versə də, artıq birinci kursun sonlarında o, nümayişçi tələbələrə rəhbərlik edib və çox keçməmiş siyasi baxışlarına görə həbs olunub. Məhkəmənin qərarı ilə Sergeyev ali məktəbdən xaric olunaraq altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Rusiyada ali təhsil almaq hüququndan məhrum edilən Sergeyev təhsilini artırmaq üçün Paris şəhərinə yollanıb. Bu şəhərdəki Rus İctimai Elmlər Ali Məktəbinə qəbul olunub. Bu məktəbdə o, Leninin mühazirələrini dinləyib.

Sergeyev təhsilini başa vurub Fransadan qayıtdıqdan sonra Donetsk və Xarkovda bolşevik hərəkatına qoşulub, bolşeviklər partiyasının təşkilatlanmasında yüksək fəallıq nümayiş etdirib. Məhz bu ərəfədə o, Stalinlə tanış olub və onların arasında sıx dostluq münasibətləri yaranıb.

1910-cu ilə qədər bir neçə dəfə həbs olunan Sergeyev təhdidlərdən qurtulmaq üçün Yaponiyaya mühacirət edib. Daha sonra Avstraliyaya köçüb. Bu ölkədə rus dilində çıxan “Avstraliyanın səsi” qəzetinin redaktoru olub. Hansı ölkədə olmasına baxmayaraq Sergeyev marksist ideyalarının fəal təbliğatçısına çevrilib.

1914-cü ildə Stalinin köməkliyi ilə Sergeyev  Vladivostoka qayıdaraq  siyasi fəaliyyətini Uzaq Şərqdə davam etdirib. 1916-cı ildə Stalin ona məktub göndərərək Xarkova gəlməsinin vacib olduğunu bildirib. Sergeyev 1917-ci ilin yanvar ayında Xarkova gələrək şəhər sovetinin bolşeviklər fraksiyasına rəhbərlik edib və çox keçməmiş o, Xarkov İcraiyyə Komitəsinin sədri seçilib.

İnqilabdan sonrakı illərdə Sergeyev Ukraynada yüksək vəzifələrə təyinat alıb, Donetskdə və Xarkovda ordunun yaradılmasında, səfərbərlik işlərində ən yüksək göstəricilərə nail olub.

Sergeyev Qafqazda, Ukraynada, Belarusiyada Stalinin məxfi göstərişlərini icra edib. Onların hər iki-üç aydan bir gizli görüşləri keçirilib. Stalinə müxalif olan qüvvələr bu görüşlərdən xəbərdar olanda Sergeyevi aradan götürmək üçün planlar cızılıb. Xüsusilə də Lev Trotski Stalini “zəiflətmək” üçün Sergeyevin aradan götürülməsini vacib sayıb.

1921-ci ilin iyulun 24-də Sergeyev konstruktor Valerian Abakovskinin ixtirası olan aerovaqonun sınağında iştirak edib. Sınaq üçün aerovaqon Tuladan Moskvaya istiqamət alıb. “Serpuxov” stansiyası yaxınlığında vaqon xətdən çıxaraq uçuruma yuvarlanıb. Sergeyev qəzanın  elə ilk dəqiqələrində başından aldığı zədədən həlak olub.

Qəzanın səbəbi rəsmi olaraq texniki nasazlıq göstərilib. Konstruktorlar və texniki heyət uzun-uzadı sorğuya tutulublar, onlar qəza ehtimalının olmadığını sübuta yetiriblər. Son nəticədə belə qənaətə gəlinib ki, qəza kiminsə sifarişi ilə baş verib. Araşdırmalarda Trotskinin adı daha çox hallanıb. Amma heç bir sübut və dəlil tapılmadığından hadisə müəmmalı şəkildə qapadılıb.

Sergeyevin vəfatı Stalinə olduqca mənfi təsir edib. O, dostunun dəfn mərasimində iştirak edərək sonda pıçıltılı səslə “Biz bu qisası yerdə qoymayacağıq” deyə tabutun önünə keçib.

Dəfn mərasimindən sonra Stalin Sergeyevin həyat yoldaşı ilə görüşüb. O, dostunun iki ay əvvəl dünyaya gəlmiş oğlunu övladlığa götürmək istədiyini bildirib. Yelizaveta Sergeyeva Stalinin istəyinə qarşı çıxmayıb. Bununla da iki aylıq Artyom Sergeyev Stalinin Kremldəki mənzilinə aparılıb.

Qeyd edək ki, Stalinin övladlığa götürdüyü Artyom Sergeyev zabit rütbəsi alana qədər sovet liderinin evində yaşayıb. O, orta təhsilini başa vurduqdan sonra II Moskva Ali Artileriya Məktəbində təhsil alıb, qırmızı orduda xidmətə başlayıb. Müharibədən sonra təhsilini Voroşilov adına Ali Hərbi Akademiyada davam etdirən Artyom Sergeyev general-mayor rütbəsinə qədər yüksəlib, Xüsusi Təyinatlı Hava Hücumundan Müdafiə Ordusunun komandanın birinci müavini vəzifəsində xidmət edib.

Artyom Sergeyev həm də yazıçı kimi tanınıb. Çoxsaylı məqalələrin və bir neçə kitabın müəllifi olan general bütün xatirələrində Stalinin ona göstərdiyi qayğı haqqında xoş təəssüratlarını bölüşüb:

“Mən ailədə digər uşaqlardan seçilmirdim. Stalin hamımıza eyni sevgi və eyni qayğı ilə yanaşırdı. O cümlədən tələbkarlığı da hamımıza qarşı eyni idi. Bəzi məqamlarda isə o, mənə qarşı daha həssas olurdu. Bu, onun atamla olan dostluğuna sədaqəti idi. Atamla bağlı xatirələrini tez-tez danışırdı, onun həyatdan tez getdiyinə təəssüflənirdi...”

Artyom Sergeyev 2008-ci ildə, 86 yaşında vəfat edib. O, ömrünün sonuna qədər özünü Stalinin oğlu kimi təqdim edib. Hətta Nikita Xruşşovun hakimiyyəti dövründə də, Stalinə qarşı kampaniya aparılanda Artom Sergeyev Stalinin oğlu olmaqla fəxr etdiyini söyləməkdən çəkinməyib.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam