Etnik millətçilik qalib gələcək, yoxsa sülh və əməkdaşlığa yönəlmiş vizyon? -Ruben Vartanyanın rolu tam da başqa cür ola bilərdi
Yenixeber.org: Azərbaycan prezidenti müharibədən qısa zaman sonra, cəmiyyətin də hazır olmamasına baxmayaraq,Ermənistanla sülh erasını başladacağını və keçmişi kənara qoyub gələcəyi qurmaq üçün ortadakı qara səhifəni bağlayacağını elan etdi. Azərbaycan, işğalın ölkəyə vurduğu zərəri ödətmək üçün həmən beynəlxalq məhkəmələrə baş vurmadı, hərbi cinayət törədənləri həmən tutuqlamaq üçün anti-terror əməliyyatlarını da kənara qoydu, yüz minlərlə insanın dağılmış evlərini, viran edilmiş mədəni və dini obyektləri beynəlxalq təşkilatların, parlamentlərin gündəminə çıxarmağa da çalışmadı.
Bir tərəfdən,torpaqlar üçün qurban verdiyimiz 3 min əsgərimiz, düşmən tərəfindən yer üzündən silinmiş minlərlə evlərimiz,kəndlərimiz və şəhərlərimiz, məzarlardan çıxarılıb dərələrə səpələnmiş cəsədlər, tapılan toplu məzarlıqlar, hələ də erməni minalarının işğalında qalan çoxsaylı kəndlərimiz və evlərimiz, 60-80 milyard dollarla ölçülən mülkiyyət zərəri, yüz minlərlə insanın məhv olmuş və dağılmış həyatı .....digər tərəfdən düşmənlə sülh müqaviləsi....
Bütün bunlar nə qədər ağrılı, ədalətsiz və ürəkdağıdıcı olsa da, və cəmiyyət indiki dönəmdə bu addımlara hazır olmasa da, gələcək naminə, uşaqlarımızın sülh şəraitində yaşayıb yaratması naminə, bu cür yanaşma geniş tarixi perspektivdə qalıb tərəfin geniş sülh və əməkdaşlıq vizyonunu, gələcəyə baxış vizyonunu əks etdirən ağıllı yanaşmadır. Törədilən bu cinayətlərin kontekstində, qalib ölkənin sülh müqaviləsi imzalamağa hazır olması deməsi və qarşı tərəfi aşağılamayan və ona hörmətlə yanaşan sülh müqaviləsi irəli sürməsi dünya təcrübəsində də az rast gəlinən haldır. Ordumuzun döyüş qabiliyyətinin ən yüksək nöqtədə olduğu və qarşı tərəfin ən zəif durumda olduğunu nəzərə aldıqda, güclü tərəfin zəif tərəfə sülh təklifi etməsi keçmiş düşməni qucaqlaması anlamına gəlir...
Azərbaycanın sülh müqaviləsi imzalamaq üçün bu ilin əvvəlində formalaşdırdığı prinsiplər Paşinyan höküməti tərəfindən də nihayi olaraq müsbət qarşılanmış və son Avropa və Amerikada keçirilən üçtərəfli görüşlərdə qəbul edilən anlaşmaların da əsasını təşkil etmişdir. Buradakı prinsiplər, faktiki olaraq, sovet dönəmindən bəri iki ölkə arasında davam edən münaqişəyə son qoyur, ölkələrin ərazi bütövlüyü və suverenliyi öz təsdiqini tapır. Nəticədə iki ölkə arasında və eynilə bölgədə geniş sülh və əməkdaşlıq imkanları ortaya çıxır. Lakin, iki liderin “sülh sazişi bu ilin sonuna qədər imzalanacaq” bəyənatları münaqişənin davam etməsində maraqlı olan bütün xarici və daxili aktorları ayağa qaldırmışdır. Bölgədə daimi sülhə xidmət edən xoş niyyətli təşəbbüsləri pozmaq üçün və ya xoş niyyətli gəlişmələri başqa istiqamətə döndərmək üçün ortaya yeni maneələr qoyulmağa çalışılır.
Əlbəttə Rusiya prezidentinin Ukrayna savaşı və onun Ukraynanın bölgələrini işğal edib tanıması və Rusiyaya birləşdirməsi siyasəti hər hansı perspektivdən əlləri üzülmüş erməni separatçılarını da ruhlandırmışdır. Yəqin ki, Putinin Valday çıxışı onların dilini daha da uzatmışdır,amma unutmamaq lazımdır ki,Putunin Ukraynanı bölmək və tanımaq siyasəti dünyanın hər yerində, əsasən də, keçmiş sovet məkanında mövcud dövlətlərin suverenliyi və ərazi bütövlüyünün dünya birliyi tərəfindən birqiymətli olaraq daha güclü şəkildə dəstəklənməsinə gətirmişdir. Putinin Ukraynada məğlubiyyəti separatçılığın da sonunu gətirəcəkdir.
Bu kontekstdə, Kremllə yaxınlığı ilə seçilən erməni əsilli Rusiya milyarderi Ruben Vartanyanın Qarabağda peyda olması indiki mərhələdə çoxşaxəli Rusiya siyasətinin bir ehtiyat variantı da hesab edilə bilər. Onun 44 günlük müharibə dövründə tutduğu mövqə və Prezident Putinə müraciəti də hamımıza məlumdur. Təbii ki, onun Qarabağa gəlişi də ən azı son bir il ərzində Moskvada apardığı danışıqların nəticəsi kimi qəbul edilə bilər. Bu cür koordinasiyalı gediş əslində ilk növbədə Azərbaycan-Rusiya münasibətlərini inamsızlıq istiqamətinə sürükləyəcək. Yəqin ki, Putinin Valdayda söylədiyi “Qarabağın Azərbaycan suverenlyində olmasını istəyirsizsə , buyurun Amerikan variantını qəbul edin” fikrinə Vardanyan gedişi alternativ təşkil edir.
Bölgədə tərəflər arasında sülh müqaviləsi imzalanmadığı bir dönəmdə və Azərbaycanın tanımadığı separatçı qalıqların təmsil olduğu strukturda, yerli əhalinin nümayəndəsi olmayan və burada heç bir zaman yaşamayan Ruben Vartanyan kimi uğurlu və nüfuzlu iş adamının maneəsiz gəlib yer tutması, başqa arqumentlərlə bərabər,hərbi qüvvələrlə yanaşı sahədəki bütün gedişləri Rusiyanın nəzarətə almaq məqsədi kimi də qəbul edilir. Eyni zamanda, Azərbaycan dövlətinə qarşı kənardan gəlib meydan oxumaq kimi və radikal erməni dairələrinin revanşist tələblərini Qarabağda həyata keçirmək planı kimi də qəbul edilir.
Digər tərəfdən, özünün patriotik saydığı,kənardan isə avanturist sayıla bilən bu cür addımın atılması R. Vartanyanın təhsil səviyyəsinə və analitik bacarıqlarına da uyğun gəlməyən presedent kimi qəbul edilir. Görünür burada etnik millətçilik və ya çox zaman onun aparıcı elementi olan etnik nifrət digər ali dəyərləri kənarda qoymuşdur.
Əgər Ruben Vartanyan soydaşlarının yaşadığı bölgədə sülh, inkişaf və təhlükəsizlik şüarları ilə və sülh missiyası ilə Azərbaycana gələrdisə, o zaman onun elan etdiyi prinsiplər Qarabağın erməni əhalisinə də və eynilə Ermənistana da sülh və inkişaf gətirərədi. Əgər o özünün bu proqramını Rusiyadakı Azərbaycanlı milyarderlər ilə birgə şəkildə( hesab edirəm ki, onlarla da tanışdırlar) tutalım, “Regional Sülh və İnkişaf Təşəbbüsü və ya Fondu” kimi irəli sürərdisə, o zaman o həm münaqişə tərəflərindən və həm də beynəlxalq birlikdən dəstək alaraq iqtisadi inkişaf yolu ilə bütöv bölgədə sülh,anlaşma və harmoniyaya xidmət edərdi. Dünya Barış lideri kimi hərəkət etmək şansı əldə edərdi.Düşünürəm ki, öz nüfuzu ilə uzunmüddətli sülhə katkıda bulunmaqla, Qafqazın hər yerində, xalq və hökümətlər tərəfindən hörmətlə qarşılanan şəxsiyyət kimi tarixi yer tutardı.
Tarix boyu bu cür nüfuzlu və bacarıqlı şəxslər heç də münaqişənin görüklənməsi üçün yox, əksinə, bu cür müharibə- sonrası vəziyyətlərdə sülh quruculuğu yolunda əvəzsiz rol oynamış və iqtisadi əməkdaşlıq formaları irəli sürməklə sülhə ən böyük katkıda bulunmuşlar. Bu cür təməllər işə salınardısa, o zaman onun özünün ifadə etdiyi “Qarabağ ermənilərinin təhlükəsizliyi və inkişafı” da sağlam və xoşniyyətli əsaslar üzərində qurulardı.
Ruben Vartanyan kimi statusda olan iş adamları və xeyriyyəçiləri hər hansı etnik millətçilik və ya siyasət yönümlü addımlar atmaqla yox, əksinə iş alanında göstərdikləri talant və təşəbbüslərə əsaslanaraq, münaqişə -sonrası vəziyyətləri iqtisadi əməkdaşlıq müstəvisinə çevirməklə daha da yaradıcı olurlar. Bu baxımdan münaqişənin törətdiyi nəticələrlə daha yaxından tanış olan Ruben Vartanyanın bu cür təşəbbüslərin önündə getmə şansı da istisna edilmirdi. Lakin indiki mərhələdə işə salınan bu cür partizan yanaşmanın münaqişəli vəziyyətin davam etməsinə,erməni əhalisinin qeyri müəyyənlikdə qalmasına və ümumi vəziyyətin mümkün gərginləşməsinə və sonucda hər iki tərəfin zərərinə olsa da, daha çox erməni əhalisinin maraqlarına cavab verməyəcəyini düşünürəm.
Bu baxımdan, cənab Ruben Vartanyanın şəxsinə hörmətlə yanaşmaqla bərabər,onun quruda çırpınan balıqlara bənzəyən və keçmişin qalıqları olan totalitar düşüncəli, provinsial kor etnik millətçilərdən ibarət kiçik bir qrupla birgə hərəkət edib onların şüarlarını Azərbaycan dövlətinə diktə etmək arzuları ondan gözlənilən geniş vizyon, sülh,harmoniya və inkişaf perspektivlərini yox, müasir dünyada qəbul görməyən etnik millətçiliyi üzə çıxarır.
Tarixi təcrübə göstərmişdir ki, əgər sülh,əməkdaşlıq və inkişafın yerini etnik millətçilik,etnik nifrət və qisas üzərində qurulmuş siyasət tutacaqsa, o zaman proseslər inkişafa yox, sonu düşmənçiliyə aparan qarşıdurmaya gətirəcəkdir. İ dünya savaşından sonrakı hadisələr buna bariz nümunədir. İİ Dünya savaşından sonra Almaniya imza atdığı kapitulyasiyanın şərtlərinə riayət edərək ancaq qonşularla sülh,qarşılıqlı iqtisadi əməkdaşlıq əsasında, düşmənçiliyi rədd edən siyasət yürütməklə alman xalqının astronomik inkişafına nail oldu. Paşinyan höküməti də bu idealları bəyan etsə də, onları həyata keçirməkdə ya yetərli qətiyyətə malik deyil və ya tərəddüd edir ya da erməni radikal dairələrinin düşündüyü kimi “geopolitik vəziyyətin” dəyişməsini gözləyərək revanş almağa çalışır. Ancaq anlamaq lazımdır ki, qarşılıqlı sülh və əməkdaşlıq mühitində erməni xalqı Azırbaycan və Türkiyənin imkanlarından daha çox faydalanacaq və öz imkanlarını da ortaya qoyaraq müstəqil ölkə kimi öz gələcəyini qurmaq iqtidarında olacaqdır.
Qarabağın erməni əhalisinin sülh və təhlükəsizlikdə yaşamasının qarantoru Azərbaycan vətəndaşlığıdır. Sadə Qarabağ sakininin yeganə arzusu da budur. Hər bir erməni ailəsi də öz evində, vətənində yaşamaq istəyir, dostluğa yox,düşmənçiliyə aparan qəbul edilməz dilin və təbliğatın və onun gətirdiyi nəticələrin turbulensiyaları içərisində öz evindən, torpağından məhrum olmaq istəmir. Bu ən adi insani tələbatdır.
Azərbaycan xalqının və ordusunun ürəyinin döyündüyü bir məsələdə Azərbaycan xalqının iradəsinin əksinə şüarlarla meydana kim çıxarsa, o, bu məsələdə vahid yumruq kimi birləşmiş xalqın qarşısında uğur qazana bilməz,əksinə sülhə yönəlimiş mövcud kövrək vəziyyətin tam dağılmasına gətirə bilər. Son 30 il göstərdi ki, üçüncü qüvvədən yararlanaraq üstünlük qazanmaq və ya üstünlüyü saxlamaq siyasəti heç kimə fayda gətirmir,əksinə, əldə olanın da əldən getməsinə səbəb olur. Bu haqda ilk növbədə Qarabağda yaşayan erməni sakinlər düşünməlidirlər.
|
|||||
|