Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Zəngəzur dəhlizi beynəlxalq zərurətə çevrilib:İr(əv)anın müqaviməti və uydurma "qırmızı cizgilər" bunu əngəlləməz

eliyev-xerite-zengezur.jpeg (277 KB) 

Paşinyan hakimiyyəti Zəngəzur dəhlizinin əvvəl-axır açılacağını, üstəlik, bu məsələdə Ermənistanın mövqeyinə əhəmiyyət verilmədiyini də anlayır... Ancaq rəsmi İrəvan bu nəqliyyat-kommunikasiya layihəsi ətrafında mümkün qədər daha çox ziddiyyətlər yaratmaqla, Ermənistan üçün müəyyən əlavə güzəştlər qopara biləcəyinə ümid bəsləyir...

Yenixeber.org: Cənubi Qafqazda yeni dövrün başlanmaq üzrə olduğu artıq qətiyyən şübhə doğurmur. Tezliklə bu regionda sülh prosesi real nəticələrlə və məntiqi sonluqla yekunlaşacaq. Və regionda yeni savaş ssenariləri hazırlayan beynəlxalq siyasi dairələrin planları isə iflasa məhkumdur.

Məsələ ondadır ki, Ukrayna savaşı uzandıqca, Cənubi Qafqazın beynəlxalq əhəmiyyəti daha da artır. Çünki, Ukrayna savaşı ucbatından Qərb və Şərq arasında əsas nəqliyyat-kommunikasiya xətləri demək olar ki, qapadılmış vəziyyətə düşüb. Onların nə vaxtsa yenidən açılması isə hələlik o qədər də inandırıcı görünmür. Hətta bu, mümkün olsa belə, Rusiya ətrafında yaranmış vəziyyətin hələ uzun müddət dəyişməyəcəyini nəzərə aldıqda, yaxın illərdə üçün gözlənilmir.

Təbii ki, belə vəziyyətdə Cənubi Qafqaz ön plana çıxmış kimi görünür. Hər halda, Cənubi Qafqaz indi Qərb və Şərq arasında yeni nəqliyyat-kommunikasiya bağlantısının qurulması baxımından, ən sərfəli alternativ strateji marşrut məkanı hesab edilir. Ona görə də, hazırda Cənubi Qafqaz və bu regionda cərəyan edən geopolitik proseslər beynəlxalq siyasi iradə mərkəzlərinin diqqətində ön plana keçməyə başlayıb.

photo_2021-08-04_15-57-54.jpg (155 KB) 

Maraqlıdır ki, Zəngəzur dəhlizi son vaxtlar artıq yalnız Azərbaycan deyil, ümumiyyətlə, Avropa və Asiya ölkələri üçün də önəmli iqtisadi-ticari marşruta çevrilməkdədir. Çünki Avropa və Asiya ölkələrinin iqtisadi-ticari əməkdaşlıq əlaqələri yalnız Zəngəzur dəhlizinin ümidinə qalmış kimi görünür. Və Ukrayna savaşı uzandıqca, bu reallıq daha qabarıq şəkildə gündəmin əsas problemləri sırasında möhkəmlənməyə başlayacaq.

Bütün bunları nəzərə aldıqda, Ermənistanın və ya regionda yalnız öz maraqlarından çıxış edən hər hansı başqa bir ölkənin Zəngəzur dəhlizinin açılmasına qarşı göstərdiyi müqavimət elə bir ciddi əhəmiyyət daşımır. Yəni, Zəngəzur dəhlizinin istənilən halda, reallığa çevriləcəyi qətiyyən şübhə doğurmur. Və bu dəhliz rəsmi İrəvanın istədiyi formatda deyil, həm Azərbaycanın, həm də beynəlxalq siyasi iradə mərkəzlərinin maraqlarına uyğun şəkildə açılacaq.

Təbii ki, bu reallığı rəsmi İrəvan da tam dəqiqliyi ilə bilir. Ancaq Paşinyan hakimiyyəti Zəngəzur dəhlizinə nəzarət hüquqlarını öz əlində saxlaya biləcəyi mexanizm axtarışındadır. Halbuki, dünya ölkələrinin rəsmi İrəvana belə bir imkan tanıyacaqları da qətiyyən inandırıcı görünmür. Çünki, rəsmi İrəvan bir ölkə barədə əldə etdiyi məxfi məlumatları digər ölkələrin xüsusi xidmət servislərinə vermək vərdişlərinə malikdir. Və yəqin ki, Ermənistana Zəngəzur dəhlizi üzərindən daşınacaq yüklər barədə məlumatlar ilə "bazar açmaq" imkanı verməzlər.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti də əslində, Zəngəzur dəhlizi ilə bağlı elə bir ciddi siyasi mövqe şansı olmadığını və gələcəkdə də olmayacağını anlayır. Ancaq buna baxmayaraq, məhz bu məsələni Azərbaycan ilə "siyasi bazarlıq" mövzusuna çevirməyə çalışır. Hər halda, Zəngəzur dəhlizi Paşinyan hakimiyyətinin rəsmi Bakı ilə müzakirə mövzusuna çevirə biləcəyi çox azsaylı mövzulardan biridir. Çünki, bir çox digər regional mövzulara münasibətdə rəsmi Bakı Ermənistanın mövqeyinə heç əhəmiyyət belə, vermir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan növbəti dəfə bəyan edib ki, rəsmi İrəvan nəqliyyat-kommunikasiya xətlərini açmağa hazırdır. Onun fikrincə, bu, yalnız nəqliyyat-kommunikasiya xətlərinin məhz Ermənistanın yurisdiksiyası altında qalması şərti ilə mümkün ola bilər: "Ancaq biz bu məsələdə Azərbaycanın güzəştsiz mövqeyi ilə üzləşirik. Eyni zamanda, biz görürük ki, bəzən üçüncü ölkələr də gözləmədiyimiz halda, bu marşrutun Azərbaycan interpretasiyası ilə məsələyə münasibət bildirirlər".

Yəni, Ermənistanın xarici işlər naziri Zəngəzur dəhlizinə münasibətdə Azərbaycan və üçüncü ölkələrin mövqeyinin uzlaşdığını dolayısı ilə etiraf edir. Bu məsələdə Ermənistanın mövqeyi demək olar ki, heç bir xarici ölkə tərəfindən dəstəklənmir. Hətta nə qədər qəribə də olsa, Ermənistanın təhlükəsizliyini özünün "qırmızı cizgi"si elan edən İran belə, Zəngəzur dəhlizinə münasibətdə tamamilə fərqli mövqedədir.

Belə ki, Paşinyan hakimiyyəti Zəngəzur dəhlizinin rəsmi İrəvanın yurisdiksiyası altında açılmasını Ermənistan üçün vacib olduğunu qəbul edir. Rəsmi Tehran isə ümumiyyətlə, bu nəqliyyat-kommunikasiya xətlərinin açılmasını İranın maraqları üçün real təhdid sayır. Yəni, İran bu layihəyə birmənalı şəkildə qarşı çıxır. Bu isə Ermənistan və İranın mövqeyində də ziddiyyətlərin olduğunu təsdiqləyir.

Ancaq nə Ermənistanın yurisdiksiyası ilə mövzuya girən rəsmi İrəvan, nə də bu layihənin bloklanmasına çalışan İran Zəngəzur dəhlizinin reallaşdırılmasına əngəl olmaq şansına malik deyil. Birincisi, nə qədər iddia etsə də, İranın Cənubi Qafqazda hər hansı "qırmızı cizgi"si ola bilməz. Rəsmi Tehrana bu regionda belə "qırmızı cizgi"lər çəkməyə heç kim imkan verməz. Rəsmi Tehran "qırmızı cizgiləri" yalnız İran ərazisində çəkə bilər. Cənubi Qafqazda isə yalnız bu regiona aid ölkələrin "qırmızı cizgiləri" mövcuddur. Və bu "qırmızı cizgiləri" cızmaq hüquqları da hazırda Cənubi Qafqazın şəriksiz lider dövləti olan Azərbaycanın əlində cəmləşib.

Digər tərəfdən, Zəngəzur dəhlizinin çəkilməsində birbaşa maraqlı olan beynəlxalq gücləri hazırda nə İranın, nə də Ermənistanın mövqeyi narahat etmir. Zəngəzur dəhlizinə böyük əhəmiyyət verən Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da açıq şəkildə bəyan etdi ki, bu layihə heç bir ölkənin maraqlarına təhlükə törətmir. Türkiyə prezidenti bildirdi ki, Zəngəzur dəhlizindən qorxmağa və yaxud da narahat olmağa heç səbəb yoxdur. Yəni, Türkiyə lideri üstüörtülü şəkildə Cənubi Qafqazda özü üçün "qırmızı cizgilər" uydurmağa çalışan İrana xəbərdarlıq mesajı ünvanlamış oldu.

9f9704ad-4006-46a7-b3b2-22a5d80bd526.jpg (269 KB) 

Onu da qeyd edək ki, Ermənistan mətbuatı Zəngəzur dəhlizinə münasibətdə ziddiyyətli iddialar irəli sürməkdə davam edir. Bir tərəfdən, Zəngəzur dəhlizinin Ermənistan dövlətçiliyini təhdid etdiyi vurğulanır. Digər tərəfdən, bu layihənin Ermənistana faydalı ola biləcəyinə yönəlik arqumentlər gündəmə gətirilir.

Ermənistan baş naziri Nikol Paşinyanın ailə üzvlərinə məxsus olan "Aykakan Jamanak" qəzeti Zəngəzur dəhlizinin əsas benefisiarlarının Azərbaycan, Türkiyə və Rusiya olduğunu vurğulayıb. Erməni nəşri hesab edir ki, bu dəhliz Azərbaycana Naxçıvan və Türkiyəyə daha sərfəli şərtlər altında yükdaşımaları imkanı açır. Eyni zamanda, İrandan Ermənistana daşınan yüklərin nəzarət altına alınması da asanlaşır.

Erməni baş nazirin qəzeti hesab edir ki, Zəngəzur dəhlizi Türkiyəyə Türk dünyası ilə birbaşa əlaqə marşrutu qazandırır. Eyni zamanda, rəsmi Ankaraya İranın Ermənistan üzərindən Avropaya təbii qaz ixrac edəcək boru kəmərini bloklamaq imkanı verir. Və bu iddiaların sadəcə, erməni təxəyyülünün məhsulu olduğu açıq-aşkar ortadadır.

Məsələ ondadır ki, Zəngəzur dəhlizi İrana aid hər hansı boru kəmərini bloklaya bilməz. Birincisi, Ermənistan üzərindən hər hansı enerji boru xətti mövcud deyil. Olmayan boru xəttini bloklamaq üçün əvvəlcə onu çəkmək lazımdır. Digər tərəfdən, İranın Ermənistan üzərindən boru kəməri çəkmə ehtimalı demək olar ki, inandırıcı deyil. Çünki, belə bir boru kəmərini Ermənistan, Gürcüstan və Qara dəniz üzərindən çəkmək məcburiyyəti yaradır ki, bu da olduqca bahalı layihə olardı.

e76961df-0ca5-4ea4-bd65-e66e65881256.jpg (253 KB) 

Avropa daha sərfəli və ucuz boru kəmərləri ilə təbii qaz idxal etmək imkanındadır. Hazırda Orta Asiya və İran təbii qazı artıq mövcud olan Azərbaycanın boru kəmərləri ilə Avropaya nəql olunur. Eyni zamanda, İran həm Azərbaycan, həm də Türkiyə üzərindən öz enerji resurslarını Avropa bazarlarına çıxara bilər. Ermənistan üzərindən bahalı və perspektivsiz boru kəməri isə sadəcə, erməni xəyalıdır. Hər halda, belə bahalı enerji avantürası Avropada heç kimə cəlbedici görünməz.

Nəhayət, erməni qəzeti vurğulayıb ki, Zəngəzur dəhlizi Rusiya üçün də strateji əhəmiyyət daşıyır: "Kreml eksterritorial dəhlizə nəzarət etməkdə birbaşa maraqlıdır. Çünki, bu halda, Rusiya bir tərəfdən, Qərb-Şərq nəqliyyat kəsişməsini öz nəzarəti altına ala biləcək. Digər tərəfdən isə Rusiya Türkiyə ilə birbaşa quru əlaqəsini özü üçün təmin edəcək".

Göründüyü kimi, Paşinyan hakimiyyəti Zəngəzur dəhlizinin əvvəl-axır açılacağını anlayır. Üstəlik, bu məsələdə Ermənistanın mövqeyinə əhəmiyyət verilmədiyini başa düşür. Ancaq bu nəqliyyat-kommunikasiya layihəsi ətrafında mümkün qədər daha çox ziddiyyətlər yaratmaqla, Ermənistan üçün müəyyən əlavə güzəştlər qopara biləcəyinə ümid bəsləyir. Rəsmi İrəvan çalışır ki, Zəngəzur dəhlizi üzərindən mümkün qədər daha çox dövlətin mövqelərinin toqquşmasına nail ola bilsin. Və bu halda, Ermənistanın maraqları ilə bağlı daha əlverişli şərtlərin ön plana keçə biləcəyini ehtimal edir.

Təbii ki, erməni manipulyasiyaları müvəqqəti xarakter daşıyır. Zəngəzur dəhlizinin açılmasında artıq dünya nəhəngləri də maraqlıdır. Yaxın vaxtlarda bu dəhlizə dünya ölkələrinin ehtiyacı daha da artan xətt üzrə istiqamət alacaq. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması müəyyən mənada, beynəlxalq zərurətə çevrilmək üzrədir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam